...

Rektor AzMİU-nun ictimai təşkilatlarının fəalları ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2019 18:17 (UTC +04:00)
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin ictimai təşkilatlarının nümayəndələri və fəal tələbələrlə görüşüb.
Rektor AzMİU-nun ictimai təşkilatlarının fəalları ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova universitetin ictimai təşkilatlarının nümayəndələri və fəal tələbələrlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Tədris işləri üzrə prorektor Akif Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor, professor Nərgiz Abdullayeva, Tərbiyə işləri üzrə prorektor Tofiq Qasımov, Ümumi işlər üzrə prorektor Taleh Qələndərli də iştirak ediblər.

Rektor tələbələrlə görüşməkdə məqsədin yeni tədris ilinin başlanması münasibəti ilə universitet rəhbərliyinin qarşıya qoyduğu hədəflər, bu hədəflərin reallaşdırılmasında tələbələrin dəstəyindən yararlanmaq olduğunu açıqlayıb. Eyni zamanda tələbə fəallarının universitetin idarə olunmasına cəlb etmək, səmərəli təkliflərini dinləmək, qarşılaşdığı çətinlikləri öyrənmək, birgə bu problemlərin həllinə nail olmaq, fikir mübadiləsi aparmaq olduğunu bildirib.

Rektor universitet rəhbərliyinin fəal tələbələrlə görüşünün artıq ənənə halını aldığını bildirib. O, çıxışında ölkəmizdə həyata keçirilən sosial islahatlara, ölkə başçısının təhsil sahəsində gördüyü işlərə, dövlətin gənclər siyasətinə toxunub, ulu öndər Heydər Əliyevin başladığı uğurlu siyasi yolun ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. G.Məmmədova respublikamızın inkişafını gözü götürməyən qüvvələrin Azərbaycanda sabitliyi, asayişi pozmaq, bu çirkin əməlləri həyata keçirmək üçün gənclərdən istifadə etmək cəhdlərindən də danışıb. “Həm daxildə, həm də xaricdə olan düşmən qüvvələr sosial şəbəkələrdə qarayaxma kampaniyası aparır, həqiqətdən uzaq, yalan-böhtan yayır, ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Onlar bizim düşmənlərimizdirlər, bu xalqı, dövləti, dövlətçiliyimizi istəməyən xainlərdir”. Rektor gəncləri belə qüvvələrin toruna düşməməyə, yaydıqları yalanlara inanmamağa, Azərbaycan prezidentinin ətrafında bir yumruq kimi birləşməyə çağırıb. Eyni zamanda o, tələbələrə öyüd və tövsiyələrini verib, ölkədə vüsət alan könüllülük hərəkatında, ölkənin ictimai-siyasi həyatında aktiv olmağı məsləhət görüb.

Çıxışının sonunda rektor universitet rəhbərliyinin hər zaman tələbələri dinləməyə, fikir, təklif və şikayətini eşitməyə hazır olduğunu deyib. Ümid edib ki, ənənəyə çevrilən belə görüşlərin sonunda söylənilən təkliflər, iradlar istiqamətində işlər görüləcək, tələbələrin istəyi nəzərə alınacaq.

Görüşün sonunda tələbələr rastlaşdıqları problemləri, arzu və təklifləri səslənduriblər, rektor onları narahat edən məsələləri dinləyib, problemlərin yerindəcə həll edilməsinə dair göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti