...

Sadə bir dildə “Əmək və Məşğulluq” altsistemi nədir?

Cəmiyyət Materials 13 May 2022 13:39 (UTC +04:00)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə gün öncə, daha dəqiq desək 05 may tarixində özünün “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) təqdimatını həyata keçirdi. Həm təqdimatda, həm də bu yazı ilə birlikdə paylaşdığım çarxda bu sistemin bir sıra vacib funksiyaları haqqında məlumatlar verilib. Lakin, həm sosial şəbəkələrdəki müzakirələrdəki fikirləri, həm dəyərli oxucu və jurnalistlərimizin bu sistemin mahiyyəti, əhəmiyyəti haqqında müxtəlif suallarını bir yerə toplayaraq və həmin suallara bu sistemin həm də işsiz və işaxtaranları, xalqın müxtəlif kateqoriyalarından olan şəxslərinə də təsir göstərəcəyini nəzərə alaraq maksimum sadə dil və üslubla aydınlıq gətirməyə çalışacağam.

Əsas suallar və müzakirə mövzuları:

“Əmək və Məşğulluq” altsisteminin işəgötürənlər üçün daha hansı faydaları olacaq?
Bəs sadə xalqa, işsiz və işaxtaranlara nə xeyri var?
Bu sistem hansı dəyişikliklərə səbəb olacaq?
Bu sistem özəl işədüzəltmə sayt və şirkətlərinə necə təsir edəcək? Onları bazardan sıxışdırıb çıxartmayacaq ki?
“Əmək münasibətləri dəyişir” dedikdə nə nəzərdə tutulur?

Əslində suallar çoxdur. Hələlik bu 5 suala ardıcıl olaraq cavab verməyə çalışacağam. Cavablardan öncə işsiz və işaxtaranlar arasındakı fərqi aydınlaşdıraq.

Azərbaycan Respublikasının Məşğulluq Haqqında Qanununun 1.1.6-cı bəndinə uyğun olaraq, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir.

Həmin Qanunun 1.1.7-ci bəndinə uyğun olaraq, işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxsdir.

Daha sadə dillə desək, işsiz heç bir işi və qazancı olmayan şəxsdir. İşaxtaran isə işləyir, müəyyən qazancı var, lakin özünə daha yüksək maaşlı, daha münasib, daha yaxşı iş axtaran şəxsdir.

İndi isə yuxarıdakı suallara cavablara keçək:

İşəgötürənlər üçün əsas faydalarından birinin təqdimatda da qeyd edildiyi kimi işçi ilə rəsmi münasibətlər, sənədləşmələr kağız daşıyıcılarından elektron formaya keçməsidir. Ən əsası isə, ölkə üzrə bütün vakansiyalar vahid bir platformada görünəcək. Vakansiyaların vahid bir platformaya keçidi həm işsizlər, həm işaxtaranlar, həm də özəl işədüzəltmə şirkətləri üçün də maraq kəsb edəcək və vakansiyaların axtarışı daha cəlbedici, daha operativ və əlçatan olacaq. İşəgötürənlər indiyə qədər müxtəlif səbəblərdən vakansiyalarının yalnız müəyyən bir hissəsini vakansiya bankına yerləşdirirdilər. Həmin yerləşdirilən vakansiyaların da bir hissəsi ya gec yerləşdirilir, ya da məlumatlar natamam olurdu. Yeni sistemdə isə şirkətin ştat vahidləri, əmək müqavilələri və s. sistem üzərindən həyata keçirildiyi üçün vakansiyalar sistemdə avtomatik əks olunacaq. Lakin bunun əvəzində işəgötürənlərə öz imkanları hesabına işçi tapmağı planlaşdırdıqları vakansiyaların aktiv və ya passiv etmək imkanı verilir. Bu işəgötürənin haqqıdır. Lakin, vakansiyaların passiv edilməsi üçün sistem əsaslandırma tələb edəcək. Bu sistem nəticəsində işəgötürənlərin əmək prosesləri, inzibatçılıq ilə bağlı bürokratik prosedurları minimuma enəcək. İnsan resursları inzibatçılıq səviyyəsindən həqiqi kadr idarəçiliyi və kadrların inkişaf etdirilməsi, onların peşəkarlığının artırılması səviyyəsinə yüksələcək.

Bu sistemin əsas hədəf və vəzifələrindən biri işəgötürənlərlə işsiz və işaxtaranları vahid platformada birləşdirməkdir. Bütün işəgötürənlərin vakansiyalarının əks olunduğu sistem işsiz və işaxtaranlar üçün cəlbedici olduğundan işsiz və işaxtaran kimi qeydiyyatdan keçmək, orada hər bir işsiz/işaxtaranın özünə kabinet yaratması daha geniş yayılacaq. Bu isə işəgötürənlərə öz vakansiyaları üçün uyğun namizədi, işsiz/işaxtaran vətəndaşlara isə uyğun işi daha qısa müddətə tapmağa imkan verəcək. Bu işəgötürənlərlə işsiz/işaxtaranlar arasında çox faydalı və vacib kəsişmə nöqtəsi olacaq. Bu kəsişmə nöqtəsi növbəti mərhələdə avtomatik uzlaşdırma (matching) prinsipi ilə işləyəcək. Yəni, sistemin özü vakansiyanın tələblərinə cavab verən namizədi vətəndaşların məlumatlarını təhlil etməklə insan müdaxiləsi olmadan müəyyən edib işəgötürənə təqdim edəcək.

İndiyə kimi əmək bazarında işçi və işədüzəltmə prosesləri paralel gedirdi, kəsişmə nöqtələri ya təsadüfən, ya gec olurdu, ya da heç baş vermirdi. Yəni, işəgötürən işçi axtarır, tələblərinə uyğun gələn işçi isə başqa istiqamətlərdə iş axtarır, həmin vakansiyanı və axtarışı görmürdü. Nəticədə, ya işəgötürən digərlərinə nisbətən daha yaxşısı prinsipi ilə ona müraciət edən namizədi seçir, ya da bir sıra hallarda uyğun namizəd tapmadığı üçün vakansiya boş qalırdı. Bir sıra hallarda isə sahibkar həqiqətən savadlı kadr axtarmasına baxmayaraq hansısa subyektiv amillər səbəbindən həmin sahibkara həmin vakansiyalara layiqli deyil, fərqli parametrlər üzrə seçilən namizədlər təqdim edilirdi. Sistemin əsas funksiya və vəzifələrindən biri də bu sahədə şəffaflaşmanı daha da artırmaqdır.

Sistem həm işəgötürən və işsiz/işaxtaranlar arasında avtomatik uzlaşmanı həyata keçirəcəksə, həm bütün vakansiyalar və işsiz və işaxtaranların reyestri vahid platformada əks olunacaqsa, o halda özəl işədüzəltmə şirkətləri hansı funksiyaları həyata keçirəcəklər? Bu sistem peşəkar işədüzəltmə şirkətləri üçün də faydalı olacaq. Əvvəla, sistem nə qədər avtomatik uzlaşma həyata keçirsə də, bütün vakansiyalar üzrə işçi tapılması ehtimalı bu gün 50% ətrafında olacaq. Çünki, əmək bazarında hazırda işəgötürənlərin tələbləri ilə işsiz/işaxtaranların imkanları 60% ətrafında uyğunluq təşkil edirsə, yaxın gələcəkdə bu uzlaşmanın getdikcə azalacağı ehtimalı yüksəkdir. Çünki, əmək bazarı dəyişir, texnologiyalar inkişaf edir, işəgötürənlərin tələbləri artır. Bu məsələyə müəyyən dərəcədə son çıxış və müsahibələrimdə toxunmuşam və bu mövzu səbəbləri də təhlil olunmaqla daha geniş şəkildə davam etdiriləcək. Sistemin tapa bilmədiyi işçiləri isə işədüzəltmə şirkətləri axtarıb tapa bilər. Sözün həqiqi mənasında ölkədə “beyin ovu” (“headhunting”) dünyanın inkişaf etmiş və etməkdə olan ölkələrində olduğu kimi daha peşəkar müstəviyə çıxa bilər. Özəl işədüzəltmə şirkətləri həm də vahid platforma üzərindən bütün mövcud vakansiyaları daha peşəkar, operativ təhlil edərək öz fəaliyyət imkanlarını artıra, yəni daha çox kadr axtarışı, işədüzəltmə həyata keçirə bilərlər. Qeyri-peşəkar, bir çox hallarda dələduzluq edənlər isə bu rəqabətə tab gətirə bilməzlər. Həm də nəzərə alaq ki, avtomatik uzlaşma sistemdə işəgötürənlərin qeydiyyatları, əmək müqavilələri və ştat vahidlərini yerləşdirməsi və əlavə olaraq, kifayət qədər işsiz/işaxtaranların qeydiyyatdan keçmələrindən sonra tədricən funksional olacaq. Bu müddətdə isə peşəkar işədüzəltmə şirkətləri sistemə adaptasiya olaraq öz fəaliyyətlərini düzgün istiqamətlərdə quracaqlar.

Öncəki çıxış və müsahibələrimdə də qeyd etdiyim kimi, Dövlət Məşğulluq Agentliyinin əsas funksiyası işsizlikdən sığorta ödənişi və işədüzəltmədir. Başqa sözlə, işəgötürənlə işsiz/işaxtaran arasında körpü, vasitəçi rolu oynamaqdır. Bu vasitəçilik zamanı işəgötürənin tələbinə uyğun gəlməyən işsiz vətəndaşın peşə hazırlığını da həyata keçirir, əmək bazarında muzdlu iş tapmayan müəyyən sayda (xüsusilə həssas qruplardan olan) işsizlər üçün əmək bazarının tələbləri də nəzərə alınmaqla özünüməşğulluq proqramları da. Yəni, Dövlət Məşğulluq Agentliyinin əsas funksiya və vəzifələri işəgötürənlə işsiz/işaxtaran arasında onların bir-birlərini tapana qədər olan mərhələni əhatə edir. Daha sadə dillə desək əmək müqaviləsi imzalanana qədər olan münasibətlər, proseslər və prosedurlardır. “Əmək münasibətləri dəyişir” dedikdə bu mərhələ nəzərdə tutulur. Əmək münasibətlərinin növbəti mərhələsi isə əmək müqaviləsi imzalandıqdan sonra başlayır ki, bu da əmək məcəlləsi, digər qanunvericilik aktları, bağlanmış əmək müqaviləsinin şərtləri ilə tənzimlənir. Buna isə Dövlət Məşğulluq Agentliyi deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və digər orqanlar (məhkəmələr və sair) nəzarət edə, tənzimləyə və ya müdaxilə edə bilər.

ƏMAS-ın tətbiqi ilə Dövlət Məşğulluq Agentliyi əmək bazarında əmək müqaviləsi imzalanana qədər olan münasibətləri, proses və prosedurları planlaşdırdığı mərhələlərlə, lakin fraqmental olaraq deyil, konseptual olaraq dəyişməyi öz qarşısına əsas hədəflərindən biri kimi qoymuşdur və bu dəyişikliklər tədricən həyata keçiriləcək.

5 suala cavabdan sonra toxunacağım məsələ, sistemin əmək bazarının növbəti illərdə daha dərin təhlilinə imkan yaradacağıdır. Yəni, sistemdə qeydiyyatlar həyata keçirildikdən, vakansiyaların yaranma və dolma proseslərindən, müraciətlərdən, saylardan, proseslərdən sonra kifayət qədər çoxlu data, məlumat bazaları formalaşacaq ki, bunlar da əmək bazarını statik (mövcud vəziyyəti) təhlili ilə yanaşı həm də dinamik (baş verən dəyişikliklər) təhlilini də aparmaq imkanı yaradacaq. Bu isə əmək bazarındakı trendləri, tendensiyaları, riskləri, çağırışları daha obyektiv şəkildə müəyyən etməyə və tədbirlər görməyə imkan verəcək.

Ən əsası isə sistemin kifayət qədər dərin və geniş olacağı nəzərdə tutulub. Çoxlu məlumatların yığılması, qeydiyyatların həyata keçirilməsi, müəyyən müddət sistemlə işləməyin istifadəçilər tərəfindən mənimsənilməsi və nəhayət təhlillər üçün kifayət edəcək məlumatlar bazalarının formalaşması müəyyən vaxt və səbr tələb etsə də, ən azı növbəti ildən etibarən nəticələr böyük ehtimalla addım-addım özünü göstərəcək.

Elman Sadıqov

Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri

Məqalədə:
Xəbər lenti

Xəbər lenti