Bakı. Trend:
Epilepsiya xəstəliyinin formalarını (növlərini) onları törədən səbəblərə görə iki böyük qrupa bölmək olar: idiopatik epilepsiyalar və simptomatik epilepsiyalar. «İdiopatik» sözünün mənası səbəbi məlum olmayan deməkdir. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti, nevroloq Kamran Salayev deyib.
Trend Kamran Salayev ilə müsahibəni təqdim edir:
- Kamran müəllim, epilepsiya və xəstəliyin əlamətləri haqqında məlumat verərdiniz...
- Epilepsiya - təkrarlanan epileptik tutmalarla keçən beyin
xəstəliyidir. Tutmaların bəziləri bir neçə saniyəlik “fikrə
getmək”dən ibarətdir, digərləri isə bütün bədənin şiddətli
silkələnməsi ilə keçir. Xəstəliyin ən xarakterik təzahürü motor,
duyğu və zehni funksiyaların eyni vaxtda pozulması ilə təkrarlanan
qıcolmalardır. Epileptik tutmaların tezliyi ildə bir dəfədən gündə
bir neçə dəfəyə qədər dəyişə bilər.
Epileptik tutmaların əlamətləri dəyişkəndir və pozuntuların beynin
hansı nahiyəsində başlayıb, nə dərəcədə yayılmasına görə fərqlənir.
Məsələn, oriyentasiya və ya şüurun itirilməsi, habelə hərəkət,
hissiyyat (görmə, eşitmə və dad daxil olmaqla), əhval-ruhiyyə və ya
digər idrak funksiyalarının pozulması kimi müvəqqəti simptomlar ola
bilər.
Epileptik tutmalar müxtəlif amillər tərəfindən qıcıqlandırıla bilsə
də, epilepsiya xəstəliyində epileptik tutmalar əksər hallarda ani
olur.
- Epilepsiya xəstəliyi nədən yaranır?
- Epilepsiya xəstəliyinin formalarını (növlərini) onları törədən
səbəblərə görə iki böyük qrupa bölmək olar: idiopatik epilepsiyalar
və simptomatik epilepsiyalar. «İdiopatik» sözünün mənası səbəbi
məlum olmayan deməkdir. Yəni, idiopatik epilepsiyası olan xəstədə
epilepsiyanın səbəbi hansısa məlum olan digər xəstəlikdən (məsələn,
kəllə travmasından, şişdən və ya beynin iltihabi xəstəliyindən)
irəli gəlmir. Təbiidir ki, idiopatik epilepsiyalar səbəbsiz deyil,
onların da səbəbləri mövcuddur. İdiopatik epilepsiyalarda genetik
(irsi) faktorların əsas rol oynadığı məlumdur.
Epilepsiya ilə irsiyyət arasında olan əlaqələri anlamaq üçün bir
neçə vacib məsələ nəzərə alınmalıdır. İlk növbədə, irsiyyətlə bağlı
proseslərin həddindən artıq mürəkkəb olduğunu yadda saxlamaq
lazımdır. İdiopatik epilepsiyaların əksəriyyətinin irsən keçmə
mexanizmləri bəzi başqa əlamətlərin (məsələn, qan qrupu, göz rəngi
və s.) irsən keçməsi kimi sadə deyil. Yəni, xəstənin valideynlərdə
epilepsiyanın olmaması epilepsiyanın səbəblərin irsiyyətində
olduğunu inkar edə bilməz. Əksinə, idiopatik epilepsiyadan əziyyət
çəkənlərin böyük qisminin ailələrində başqa epilepsiya xəstələri
aşkar olunmur. Bundan başqa, idiopatik epilepsiyanın başlanmasında
irsi amillər mühüm rol oynasa da, ətraf mühitin təsirləri də
vacibdir. İdiopatik epilepsiyaların əksəriyyətində irsən keçən məhz
epilepsiya xəstəliyi deyil, epilepsiya xəstəliyinin başlanmasına
müəyyən meyillilikdir. Həmin bu irsi meyilliliyin üstünə ətraf
mühitdən “zərbə” (travma, hipoksiya və s.) gəlirsə, epilepsiya
xəstəliyi başlayır.
Simptomatik epilepsiya məlum olan digər beyin xəstəlikdən irəli
gəlir. Beyni zədələyən bir çox xəstəlik simptomatik epilepsiyaya
təkan verə bilər. Ümumiyyətlə, beyin zədələnməsi çox geniş anlayış
olub, körpədə doğuş zamanı hipoksiyadan yaşlı insanda beynə
qansızmaya qədər, uşaqda ensefalitdən gəncdə ağır kəllə travmasına
qədər müxtəlif xəstəlikləri ehtiva edir. Bütün çəkilən və onlarla
çəkilməyən xəstəliklər beyin toxumasını zədələyərək epilepsiyaya
səbəb ola bilər və bu şəkildə yaranan epilepsiya simptomatik
epilepsiyalar qrupuna aid olacaq.
Xəstələrin bir qismində səbəbi dəqiqliklə müəyyən etmək mümkündür,
digərlərdə isə epilepsiyanın genetik (irsi) təməlinin olduğunu
təxmin etmək olar. Lakin qəbul etmək lazımdır ki, bəzən xəstədə bir
tərəfdən simptomatik epilepsiyanın olduğunu sübut etmək üçün bəlli
səbəb tapmaq qeyri-mümkün olub, o biri tərəfdən isə epileptik
tutmaların təsviri isə idiopatik epilepsiyaya uyğun gəlmir.
Epilepsiyanın mümkün olan səbəblərini araşdıraraq, bütün
ehtimallara tənqidlə yanaşılmalıdır.
- Epilepsiyanın diaqnozu necə qoyulur?
- Elə bir aparat (cihaz) müayinəsi yoxdur ki, o, bütün
xəstələrdə epilepsiyanın olub-olmadığını tam dəqiqliklə göstərsin.
Epilepsiya diaqnozu adətən elektroensefaloqrafiya (EEQ), kompüter
tomoqrafiyası (KT) və ya maqnit rezonans tomoqrafiyası (MRT) daxil
olmaqla bir sıra prosedurları əhatə edir. Bu üsullar həkimə
epilepsiyanın səbəbini, həmçinin tutmaların növünü təyin etməyə
imkan verir.
Epilepsiya xəstələrində ən çox istifadə olunan müayinə üsulu
elektroensefaloqrafiyadır. EEQ müayinəsi epileptik aktivliyi aşkar
etmək, onun formasını, tezliyini və lokalizasiyasını müəyyən etmək
üçün aparılır. Epilepsiya xəstələrinin əksəriyyətində EEQ müayinəsi
beyində bu xəstəliyə xas olan müəyyən dəyişiklikləri aşkar
edir.
Başqa müayinələrdən maqnit-rezonans tomoqrafiyasını (MRT) qeyd
etmək lazımdır. MRT müayinəsi beynin “şəklini” göstərir. MRT
şəklində beynin formasındakı dəyişikliklərin aşkarlanması
epilepsiya diaqnozunun qoyulmasını asanlaşdıra bilər. Məsələn,
MRT-də aşkarlanan hippokampın (dəniz atı qırışının) sklerozu gicgah
epilepsiyasının təsdiqi kimi qəbul oluna bilər.
Epilepsiyanın bəzi növləri tamamilə fəsadsız ötüb keçir. Digər
epilepsiya növləri isə müalicəyə baxmayaraq ciddi fəsadlarla
nəticələnir. Ümumiyyətlə, şiddətli fəsad törədən epilepsiyalar
azlıq təşkil edir və epilepsiya xəstələrinin əksəriyyəti adi həyat
sürür, normal ailə sahibi olur, normal zehin səviyyəsinə malikdir
və davranışda ciddi problemlər yaşamır.
- Epileptik tutma zamanı ilk hansı yardım göstərilməlidir?
- Epileptik tutma ağır travma ilə nəticələnə bilir. Xəstənin
yanında olan insanlar müəyyən tədbirlər görməlidirlər ki,
zədələnmənin qarşısı alınsın. İlk növbədə xəstə uzandırılmalıdır.
Sərt və iti əşyalar xəstədən uşaqlaşdırılmalıdır. Başının altına
balış və ya başqa yumşaq əşya qoyulmalıdır. Eynək taxılıbsa, onu
çıxartmaq lazımdır.
Həmçinin xəstəni boğulmaqdan qorumaq vacibdir. Tutma zamanı
tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsi poza
bilir. Eyni şəkildə tutma zamanı xəstə qusarsa, o, boğula bilər.
Bunun qabağını almaq üçün xəstəni yan üstə (sol və ya sağ tərəfə -
fərqi yoxdur) çevirmək lazımdır. Mümkündürsə, başını da bir qədər
çevirin ki, ağızı aşağı baxsın. Bütün kip bağlanmış paltarlar və
aksesuarlar boşalmalıdır: qalstuk, köynəyin yaxası, kəmər və s.
Ağız boşluğuna barmağı və ya hər hansı əşyanı salmaq məsləhət
görülmür. Tez-tez belə olur ki, xəstənin yaxınları “xəstənin dili
qatlanıb, ağzı kilidlənib və o boğula bilər” deyə düşünürlər və
barmaq, qaşıqla dişlərini aralamağa çalışırlar. Lakin dilini tutmaq
məqsədilə ağzı açmaq cəhdləri dişin sınmasına (və ya dişdəki
plombun düşməsinə) gətirib çıxara bilər və dişin parçası boğaza
gedə bilər. Bu isə artıq boğulma təhlükəsini yaradır. Bundan əlavə,
ağız boşluğuna qaşıq kimi əşyaları salmaqla xəstəni süni şəkildə
qusdurmaq olar. Nəticədə xəstə boğula bilər və ya sonra onda
sətəlcəm başlaya bilər. Xəstə yan üstə uzadılıb üzü aşağı
çevrilibsə, onun dili “qatlanmaz”. Tutma zamanı xəstə öz dilini
dişləyə bilər. Bu zaman dişləri aralamaq olar ki, dil boşalsın.
Tutma zamanı xəstənin şüurunu itirib-itirməməyini öyrənmək
lazımdır, çünki bu məlumat həkim üçün vacibdir. Yoxlamaq üçün sadə
əmrləri (“Sağ əlini qaldır!”) və sualları (“Adın nədir?”, “Neçə
yaşın var?”) verilməlidir.
- Epilepsiyadan əziyyət çəkənlər nəyə diqqət etməlidilər?
- Tutmalar təkan verən əsas amillərə diqqət etməklə tutmaların sayını azaltmaq mümkündür. İlk növbədə dərmanların buraxılmasına yol vermək olmaz. Epilepsiya xəstələrinin bir çoxu yuxunun pozulmasına həssas olur və yuxusuzluq tutmalara gətirib çıxarır. Beləliklə, xəstələr yuxu rejiminə riayət etməlidilər.