Bakı. Trend:
Məhkəmə qərarlarının borclu qismində cəlb edilmiş müvafiq dövlət qurumları tərəfindən icra edilməməsi və ya icrasının gecikdirilməsi vətəndaşların haqlı narazılıqlarına səbəb olub.
Trend xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, qeyd edilən problemlə bağlı aidiyyəti dövlət qurumlarına ünvanlanmış müraciətlərə verilmiş cavablarda, bir qayda olaraq həmin qurumun büdcədən maliyyələşdiyi əsas gətirilib, tələb olunan vəsaitin müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılacağı təqdirdə məhkəmə qərarının icrasının təmin ediləcəyi bildirilib.
“Borclu dövlət qurumlarına münasibətdə məhkəmə qərarlarının icrasında mövcud olan bu kimi çətinliklər zəruri icra mexanizminin və təsir vasitələrinin qənaətbəxş olmaması, habelə məhkəmə qərarlarının icrasına nəzarətin effektiv təşkil edilməməsi ilə bağlıdır. Odur ki, borclu dövlət orqanlarına münasibətdə məhkəmə qərarlarının icrası mexanizminin işlənib hazırlanması, həmçinin bununla bağlı Dövlət Büdcəsində maliyyə vəsaitinin nəzərdə tutulması zəruridir”, - deyə məruzədə qeyd edilib.