Bakı. Trend:
MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz minimum pensiyada birinci, minimum əməkhaqqı və orta aylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb.
Trend xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, 2018-ci ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edir.
"Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1.9 milyona çatıb, sosial rifahın ən bariz göstəricilərindən biri olan əməkhaqqı fondu isə 3,2 dəfə artıb.
Eyni zamanda minimum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1088 manata çatıb. Bununla yanaşı, sosial ödənişlər sahəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib.
Əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində 5 dəfə artıb.
Həmçinin, məşğulluq istiqamətində həyata keçirilən tədbirlər də artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı ərzində Nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Bundan əlavə, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib. Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir.
