Bakı. Trend:
2024-cü ildə Qazaxıstan təxminən 59 milyard kubmetr qaz hasil edib. 2030-cu ilə qədər bu həcmin təxminən 74 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu "KMG-Karaçaqanak”ın baş direktorunun istehsalat üzrə müavini Andrey Kan Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.
Onun sözlərinə görə, Qazaxıstan təxminən 3,8 trilyon kubmetr həcmində böyük təbii qaz ehtiyatlarına malikdir və bunun 19 faizi əsas yataqlarda cəmləşib. Ən iri qaz-kondensat və neft yataqları isə ölkənin qərbində, eləcə də Tengiz, Kaşaqan və Karaçaqanak bölgələrində yerləşir.
A. Kan bildirib ki, bunlar ölkənin resurs bazasının əsasını təşkil edən nəhəng neft və qaz-kondensat yataqlarıdır.
O, həmçinin qeyd edib ki, 2024-cü ildə Qazaxıstan təxminən 59 milyard kubmetr qaz hasil edib.
“2030-cu ilə qədər təxminən 74 milyard kubmetr qaz hasilatına çatmaq planlaşdırılır. Bu, böyük göstəricidir, lakin nəzərə almaq lazımdır ki, hasil olunan qazın demək olar ki, 50 faizi lay təzyiqinin saxlanılması və neftvermənin artırılması üçün geri təbəqəyə vurulur. 2030-cu ilə qədər 74 milyard kubmetrlik hədəfə yataqların işlənməsi, emal güclərinin genişləndirilməsi və qazın çıxarılma əmsalının artırılması hesabına nail olunacaq”, – deyə o əlavə edib.
