...

Qurultayda DAK-ın strukturunda ciddi dəyişikliklər ediləcək

Cəmiyyət Materials 13 İyul 2006 12:38 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) bu il dekabrın 10-11-də keçiriləcək növbəti qurultayında təşkilatla bağlı ciddi struktur dəyişiklikləri ediləcək. Bu barədə Trend ə DAK sədrinin mədəniyyət və humanitar sahələr üzrə müavini Xəzər Eminov məlumat verib.

O bildirib ki, DAK-ın Sədr Aparatında və Məclisdə dəyişikliklər ediləcək. Sədr postu isə saxlanılacaq və qurultayın seçimi ilə ən çox səs toplayan şəxs DAK-ın sədri seçiləcək. X.Eminovun sözlərinə görə, qurultayda Güney Azərbaycanla bağlı xüsusi platforma qəbul olunacaq. Həmçinin, DAK-ın Qarabağla bağlı mövqeyi bir daha açıqlanacaq. Sədr müavini bildirib ki, DAK-ın bu ilin fevralında "Dünya Azərbaycanlıları terrora, soyqırıma yox deyir" devizi altında müxtəlif ölkələrdə keçirdiyi kütləvi aksiyalar yenidən gündəmə gələcək: "Ola bilər ki, elə qurultaydan sonra bu aksiyalara başlayaq. Gələn ilin əvvəllərində, təxminən fevral-mart aylarında yenidən dünya miqyaslı kütləvi aksiyalar keçiriləcək. Bu dəfə miqyası daha da genişləndirəcəyik. Çünki bu ilki tədbirlərimizi Avstraliya, Kanada, Amerikada yaşayan soydaşlarımız izləyib və bəyəniblər. Onlar belə aksiyaların ildə bir neçə dəfə keçirilməsinin tərəfdarıdırlar. Ona görə də növbəti dəfə daha çox soydaşımız bizim səsimizə səs verəcəklər".

X.Eminov deyib ki, qurultayın vaxtının dekabrın 10-11-nə təyin olunması həmin vaxt ildönümü olan məşhur "21 Azər" Hərəkatı ilə bağlıdır. Qurultayda Güney Azərbycanda baş vermiş "21 Azər" Hərəkatının ildönümü də qeyd ediləcək. Qurultayın keçiriləcəyi yerə gəldikdə, sədr müavini bildirib ki, hazırda Brüssel və Lüksemburq şəhərlərindən birinin seçilməsi üçün danışıqlar gedir. X.Eminovun sözlərinə görə, qurultay böyük ehtimalla Lüksemburqda olacaq.

Xəbər lenti

Xəbər lenti