...

2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub (FOTO)

İqtisadiyyat Materials 16 Dekabr 2019 19:01 (UTC +04:00)
Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil edib.
2020-ci ildə Almaniyada ixtisasartırma kursu keçəcək KOB-lar üçün seminar təşkil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2020-ci ildə Almaniyada təlim və istehsal müəssisələrində təcrübə keçəcək sahibkar və menecerlər üçün seminar təşkil edib.

KOBİA-dan Trend-ə verilən məlumata görə, iki gün davam edən seminarda Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatasının nümayəndələri “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”, beynəlxalq iqtisadi kooperasiya, təcrübə müddətində Almaniya müəssisələri ilə işgüzar əlaqələrin qurulması imkanları barədə iştirakçılara ətraflı məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.

Azərbaycanın İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna uyğun olaraq, 2009-cu ildən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” həyata keçirilir. Bu il 10 illiyi qeyd edilən proqramdan indiyədək 400-dən çox sahibkar və menecer yararlanıb. 2020-ci ildə proqramda iştirak edəcək sahibkar və menecerlər müsabiqə və müsahibə əsasında seçilib. Uğur qazanmış 22 sahibkar və menecerdən ibarət ilk qrup 17 fevral - 13 mart 2020-ci il tarixlərində Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatasının Tədris Mərkəzində ixtisasartırma kursu, Almaniya müəssisələrində təcrübə keçəcəklər. Növbəti qrupun isə 2020-ci ilin iyun-iyul aylarında Almaniyanın Köln şəhərində ixtisasartırma kursu keçməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti