Bakı. Trend:
Azərbaycan üçün Çevik Texniki Yardım Aləti üzrə İnzibati Müqavilənin (AZTAF) dörd istiqaməti yekunlaşmaq üzrədir.
Trend xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı ofisinin ölkə meneceri Stefanie Stallmeister Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan AZTAF üzrə ikinci illik hesabat iclasında deyib.
"AZTAF Aİ tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən həyata keçirilən texniki yardım proqramıdır. Proqram əsas tərəfdaş kimi Azərbaycan hökuməti və İqtisadiyyat Nazirliyinin sıx əməkdaşlığı ilə, eləcə də, digər dövlət qurumları ilə məsləhətləşmələr əsasında yaradılıb. AZTAF Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında müəyyən edilmiş milli inkişafın əsas məqsəd və prioritetlərini dəstəkləməyə yönəlib", - o deyib.
Stallmeister qeyd edib ki, AZTAF-ın texniki yardımın göstərilməsi üzrə fəaliyyəti birbaşa olaraq bu strategiyanın tədbirlərinin və əsas istiqamətlərinin icrasını dəstəkləyir
"Proqram enerji səmərəliliyindən qadın sahibkarlığına və "ağıllı" kəndlərə qədər, bütünlükdə doqquz sahəni əhatə edən geniş spektrli mövzuları əhatə edir. Sevindirici haldır ki, bu gün haqqında daha ətraflı məlumat əldə edəcəyimiz doqquz sahənin hamısı inkişaf məqsədlərinə nail olmaq istiqamətində fəal şəkildə təşviq olunur, üstəlik bu tədbirlərdən dördü artıq yekunlaşmaq üzrədir", - deyə o əlavə edib.
Qeyd edək ki, AZTAF proqramı "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın milli prioritetləri"nin inkişaf məqsədlərinə nail olunmasında Azərbaycan hökumətinə dəstək məqsədilə işə salınıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)