Bakı. Trend:
Gedək Qazaxa bir salam verək...
İyunun 15-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadır. Əvvəllər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayınadək fəaliyyət göstərmiş qatar 8 saat 25 dəqiqəyə mənzil başına çatırdısa, artıq bu məsafə 5 saat 36 dəqiqəyə qət olunacaq.
Saat 9:00-dur. Qazaxa doğru hərəkət edən sürət qatarındayıq...
Jurnalistlər səyahət başlamamış sərnişinlərlə həmsöhbət olmağa, təəssüratlarını öyrənməyə başladılar. Axı bu 5 ildən sonra Qazaxa gedən ilk qatardır.
Sərnişinlər arasında bəlkə də hər yaş qrupundan olanlar var.
Qatarla səyahət etməyi sevirəm, amma bu qədər qısa zamanda yüzlərlə kilometr məsafəni qət etmək xoş olduğu qədər təəccüblüdür. Təbii ki, dövr kimi nəqliyyat vasitələri də dəyişir. Lap uşaqlığımda doğma Tovuza sərnişin qatarları ilə getməyimiz gəldi ağlıma. Amma o indiki qatarlar qədər sürətli deyildi, gecədən səhərə qədər tətili necə keçirəcəyimizi planlaşdıraraq səbirsizliklə səyahət edirdik. Pəncərədən yolları izləyir, bu yerlərdə kimlərin yaşadıqlarını, həyatlarının necə keçdiyini xəyal edirdik. Yolda gördüyümüz hər canlı - at, inək, qoyun bizə çox maraqlı görünürdü. Düzdür, getdiyimiz yerdə, kəndimizdə də həmin canlılardan bolca görürdük. Amma onları qatarın pəncərəsindən izləmək, zəhmətkeş insanların çalışdığını görmək sanki şəhərdən yola çıxan uşaqlarda ayrı bir maraq, həvəs yaradırdı. Hələ dağları demirəm, Uca Tanrı yurdumuzu hər cür gözəlliklərlə mükafatlandırıb sanki. Bu mənzərələrə göz uzandıqca baxmaq, bu baxışlar içərisində xəyallara dalmaq, bu hissləri sözlərə çevirə bilmirəm. Ancaq yaşayıb görmək mümkündür.
Qatarlar dəyişdiyi kimi, insanların da dəyişildiyi görünür. Uşaqların çoxu artıq yollara baxaraq mənzərədən zövq almır, mobil telefonlara yüklənən oyunlarla sürətli səyahəti başa vurmağa çalışırlar. Əslində təkcə uşaqlar deyil, elə böyüklər də bəzən yoldan zövq almaq əvəzinə, telefonla vaxt keçirməyə çalışırlar.
Səyahət mövsümünün aktivləşdiyi vaxtlarda qatarda səyahət edənlər arasında istirahət etmək üçün doğma yurduna üz tutan insanları görmək olur. Yay fəsli olduğu üçün bir çoxları kimi, onlar da istirahət etmək üçün rayona üz tutur. Bəlkə də şəhərin səs-küyündən, yorğunluğundan, insanların sıxlığından bir anlıq qaçmaq istəyənlər bu qatarda toplaşıb. Kimi uşaqlığına gedir, kimi gəncliyinə. Hamımızı birləşdirən isə Qazaxa doğru istiqamətlənən qatarda olmağımızdır.
Bu səyahət isə mənə bir daha göstərdi ki, Azərbaycan Dəmir Yolları təkcə sərnişin daşımır. Bəlkə də bütün sərnişinlərlə söhbət etmək fürsətimiz olsaydı, hər birinin özünəməxsus hekayəsinin stansiya-stansiya, şəhər-şəhər bu qatarlarla birlikdə gəzdiyini görərdik. Çoxlarımızın uşaqlıq xatirələri, xəyalları bu stansiyalarda, dayanacaqlarda qalıb. Bu qatarlarla yalnız sərnişinlər yox, onların sevincləri, kədərləri, bitən yurd həsrətləri də daşınır. Xülasə, Azərbaycan Dəmir Yolları sadəcə sərnişin deyil, onların dünənini, bu gününü, sabahını, sevincini və kədərini daşıyır.
Beləcə, uzun və düşündürücü yolun sonunda mənzil başına çatdıq...
Ölkəmizin bütün rayonları gözəldir əlbəttə ki, onların arasında Qazaxın da özünəməxsus yeri var. Digər qərb rayonlarımız kimi onun da mənzərəsinə söz olmadığını əminliklə deyə bilərəm. Rayonun havası sanki doğma yurdumu xatırladır mənə. Yeni açılan Qazax Dəmiryol Stansiyasının açılışı da bu günə təsadüf edir.
Bayram ruhu ilə dolu olan bu gündə, açılış mərasimində milli rəqslərimizin təqdim edilməsi yenilik və ənənəviliyin bir vəhdətini özündə əks etdirir. Küçələr Bakıdan çox da fərqlənməsə də, insanların mehribanlığı buranı özünəməxsus edir.
Uzun sözün qısası, gəlmişik Qazaxa bir salam verək...
Bəs illərdir sərnişinləri, eyni zamanda onların keçmiş və gələcək xatirələrini daşıyan Azərbaycan Dəmir Yollarının tarixi nə vaxta dayanır?!
Hazırsınızsa, ADY tarixinə birgə səyahət edək…
Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulub. Bu xəttin inşası isə 1880-ci ildə başa çatıb. Həmin xətt uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olub. 1880-ci il yanvarın 20-də bu yolun təntənəli açılışı olub.
Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab
olunur. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin
daşınması üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin
vaqon-sisternlərlə daşınması həyata keçirilib. Amma çox keçmədən
eyni marşrutla sərnişin daşınmasına da başlanılıb.
Dəmir yolunun çəkilməsi üçün əsas vəzifələrdən biri tez bir zamanda
Balaxanı, Suraxanı zolağına düşən ərazilərin özgələşdirilməsi
prosesinin həyata keçirilməsi idi ki, bunun üçün də xüsusi
komissiyaya ehtiyac var idi. Həmin komissiyaya rəhbərlik etmək isə
milyonçu Hacı Zeynalabdin Tağıyevə tapşırılır. Komissiya araşdırma
apararaq 21 desyatindən çox olan özgələşdirilən torpaq sahələrinə
34 580 rubl miqdarında qiymət təyin edir . Bütövlükdə neft
sahəsində dəmir yolu xətlərinin tikinti xərcləri isə 784 min 872
rubl olaraq təyin olunur. Dəmir yolu xətti 1878-ci ildə inşa
olunmağa başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən
etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün
yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi
açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla
sisternalarla daşınmağa başlanır.
Sovetlər dövrü
1924 -cü ilin fevralında Bakıda tramvay xətti işə salınır, 1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başlayır. Tramvay ucuz nəqliyyat növü olduğu üçün Bakıətrafı ərazilərə də elektrik dəmir yolunun çəkilməsi ideyası ortaya çıxır. Bakı Soveti bu qərarı 1924-cü il fevralın 29-da qəbul edir. Fövqəladə səylər hesabına bütün tikinti işləri 18 ay əvəzinə 14,5 aya yerinə yetirilir. Beləliklə 1926-cı il iyulun 6-da Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu işə başlayır. Qeyd edim ki, bu təkcə Azərbaycanda deyil, SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu idi. Tarixi sənədlərə nəzər salsaq, görərik ki, 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınıb.
1945-ci il iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin qərarı ilə isə müstəqil Azərbaycan dəmir yolu yaradılıb. Yollar nazirinin 1945-ci il 28 iyul tarixli 674 saylı əmri ilə 1945-ci ilin oktyabın 1-də Azərbaycan dəmir yolu təşkil edilib. Daha sonra təəssüf ki, 1953-cü ilin mayın 14-də Azərbaycan və Zaqafqaziya dəmir yolları Zaqafqaziya dəmir yolu adı altında birləşdirilir, mərkəzi idarəsi isə Tiflis şəhərinə köçürülür. 1955-ci il oktyabrın 3-də Azərbaycan dəmir yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə müstəqil dəmir yolu elan olunur. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirir. SSRİ Yollar Nazirinin 2 mart 1963-ci il tarixli 270 saylı əmri ilə yenidən Azərbaycan və Zaqafqaziya dəmir yollarının tərkibində struktur dəyişikliyi aparılır və bu iki idarə Zaqafqaziya dəmir yolu adı altında birləşdirilir. Bununla da dəmir yolunun Azərbaycan sahəsi Azərbaycan hissəsi adlandırılır. SSRİ Yollar Nazirinin 1 iyun 1967-ci il tarixli 15-859 saylı əmri ilə Azərbaycan dəmir yoluna yenidən sərbəstlik verilir və o vaxtdan bu günə kimi müstəqil dəmir yolu kimi fəaliyyət göstərir. Qeyd edim ki, bu dəmir yolu 28 may 1980-ci ildə Azərbaycan dəmir yolu - Oktyabr inqilabı ordeni ilə təltif edilib.
Birinci Qarabağ Müharibəsində dəmir yolu
1990-cı illərin əvvəllərində erməni təcavüzü nəticəsində Azərbaycan dəmir yollarının mühüm hissəsi işğal altında qalır. Belə ki, infrastruktur və texnika ilə birlikdə 240 km-dən artıq dəmir yolu xətti işğal edilir. Culfa–Mincivan–Horadiz (o cümlədən Ermənistan ərazisindən keçən Mehri–Kərçivan) və Yevlax–Xankəndi dəmir yollarının fəaliyyəti dayandırılır. Yüzlərlə dəmiryolçu cəbhəyə yollanaraq düşmənlə üz-üzə vuruşur. Həmçinin dəmir yollarına məxsus sanitar qatarları tərəfindən yaralılar ən ağır cəbhə bölgələrindən çıxarılır, onlara tibbi yardım göstərilir.
Azərbaycan Nazirlər Kabinetinin 8 avqust 1995-ci il tarixli 171 saylı əmri ilə Oktyabr İnqilabı ordenli Azərbaycan Dəmir Yoluna - Azərbaycan Dövlət Dəmir Yolu adı verilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 iyul 2009-cu il tarixli sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti yaradılır.
Azərbaycan Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2009-cu ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılır. Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15 fevral 2010-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin nizamnaməsi və strukturu təsdiq olunur. 2015-ci il sentyabrın 18-də “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılaraq müstəqil qurum elan edilir.
ADY-nin dünənindən danışıb bu gününə toxunmasaq olmaz…
Ölkə ərazisində fəaliyyət göstərən dəmir yolu xəttləri:
Abşeron dairəvi dəmir yolu xətti
Bu xətt Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişini təşkil edən əhəmiyyətli elektrikli dəmiryolu xəttidir. Dəmiryolu xətti 2 hissədən ibarətdir: Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt.
Hazırda Bakı-Xırdalan-Sumqayıt xətti üzrə Bakı, Biləcəri, Xırdalan və Sumqayıt stansiya və dayanacaqları yer alır. Bu xətt üzrə qatarlar (ekspress qatarlar istisna olmaqla) 40-49 dəqiqə ərzində Bakı Dəmiryol Vağzalından yola çıxaraq Sumqayıta, yaxud əksinə hərəkət etməklə sonuncu dayanacağa çatmış olur.
Bakı-Pirşağı-Sumqayıt xətti üzrə isə Bakı, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil, Novxanı, Sumqayıt stansiyaları yer alır. Bu dəmiryolu xətti üzrə isə qatarlar (ekspress qatarlar istisna olmaqla) 52 dəqiqə üzrə Sumqayıtdan Bakıya, yaxud əksi istiqamətdə mənzil başına çatır.
Bakı-Qazax Dəmiryolu xətti:
Bu xətt üzərində Bakı, Biləcəri, Ucar, Ləki, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz, Ağstafa, Qazax stansiyaları yerləşir. Bakı-Qazax dəmiryol reysləri 2019-cu ildə fəaliyyətini dayandırmışdı. Bu xətt üzrə gedişlərə keçdiyimiz günlərdə, yəni iyun ayının 15-start verildi və Qazax ilk sərnişinlərini qəbul etdi.
Bakı-Qəbələ Dəmir yolu xətti
Bakı–Qəbələ–Bakı marşrutu üzrə sərnişindaşımaya ilk dəfə 2023-cü ildə başlanılıb. Bu xətt üzərində isə Bakı, Biləcəri, Ağdaş, Qəbələ stansiyaları yerləşir.
Bakı-Balakən Dəmiryolu xətti:
2023-cü ilin noyabrından 164 km uzunluğu olan Yevlax–Balakən sahəsində genişmiqyaslı təmir işləri aparılıb, yararsız şpallar, relslər, bağlayıcılar dəyişdirilib, çatışmayan yol nişanları əlavə olunub. Həmçinin Biləcəri çeşidləmə parkının yolları 1960-cı illərdən sonra ilk dəfə bərpa edilməyə başlanıb. 2025-ci ildən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Bu xətt üzərində Bakı, Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm, Balakən stansiyaları yerləşir.
Son 10 ildə ADY-də görülən işlər
2015-ci ildən etibarən Bakı–Sumqayıt–Bakı xətti üzrə müasir qatarlar istismara buraxılıb, 2017-ci ilin əvvəlinə qədər Abşeron dairəvi dəmir yolu xətti üzrə 200 km magistral dəmiryol xətləri təmir olunub, Bakı Dəmiryol Vağzalı yenidənqurmadan sonra tam yeni xidmət infrastrukturu ilə sakinlərin istifadəsinə verilib. Abşeron dairəvi dəmir yolu xəttində sərnişindaşıma xidmətini bərpa etmək üçün 110 kilometr uzunluğunda Bakı–Sabunçu–Pirşağı–Sumqayıt–Xırdalan–Biləcəri–Bakı xətti inşa olunub. 2018–2020-ci illərdə Sumqayıt və Sabunçu dəmiryol vağzalları, həmçinin Zabrat-1, Məmmədli dayanacaqları, Zabrat-2 stansiyası yenidən qurularaq sakinlərin istifadəsinə verilib. 2019-cu ildə Abşeron dairəvi dəmir yolunun Sabunçu–Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olub. 2020-ci il martın 18-də isə Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91 kilometrə, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrə bərabərdir.
Azərbaycanlıları daşıyan İsveçrə qatarları
Abşeron dairəvi xətti və digər xəttlər üzərində əsasən sərnişindaşımalar İsveçrə şirkəti olan Stadler firmasına məxsus qatarlar vasitəsilə həyata keçirilir.
Stadler Rail AG, İsveçrədə yerləşən dəmir yolu nəqliyyat
vasitələri istehsalçısıdır. Şirkət 1942-ci ildə Ernst Stadler
tərəfindən yaradılıb və elektrik çoxlu aqreqatlar və tramvaylar
istehsal edir. Şirkətin baş ofisi Bussnanqda yerləşir.Hazırda
Stadlerin 17 ölkədə doqquz törəmə şirkəti fəaliyyət göstərir.
2023-cü ilin sonları və 2024-cü il ərzində "Stadler" şirkətinə
məxsus 10 yeni dizel və elektrik qatarı ölkəyə çatdırılaraq qatar
parkına əlavə olunub. Yeni qatarların alınması ilə paralel olaraq
2023-cü ildə “Stadler Rail Group” şirkəti ilə Regional Servis
Mərkəzinin yaradılması barədə müqavilə imzalanıb.
ADY tarixini canlı görmək istəyənlər üçün muzeyimiz də fəaliyyət göstərir…
Dəmiryol Muzeyinin açılışı 19 noyabr 2019-cu il tarixində
Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Muzey köhnə Sabunçu Vağzalının binasında yerləşir. Bu bina 6 iyul
1926-cı il tarixində, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir
yolunun açılışı günündə istifadəyə verilib. Bakının Sabunçu Vağzalı
elektrik qatarlarını qəbul edən ilk vağzal binası olub. Yeni vağzal
binası "Tiflis vağzalı" binasından aralı tikilmiş düzbucaq altında
birləşdirilmiş iki korpusdan ibarət idi.
Muzeydə Azərbaycanın dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif eksponatlar nümayiş olunur. Həmçinin muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır. Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri də sərgilənir. Zaqafqaziya dəmiryolunun tarixi xəritəsi də muzeyin nadir eksponatları arasındadır.
Muzeyimizin 3 sərgi zalı var. Birinci sərgi zalında XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən arxiv foto və video materiallar, maraqlı eksponatlar, dəmir yolu və qatar modelləri yer alır. İkinci zalda XX əsrdə dəmir yolunda gedən inkişaf prosesini görmək olur. Üçüncü zalda isə dəmir yolu qatarlarının modelləri, müxtəlif dövrlərə məxsus sərnişin obrazlarının maketləri nümayiş olunur.
Perronda hazırlanan zalda qatara çıxış şüşə ilə bağlanıb. Şüşə arxasında tarixi dəmir yolu xəttinin bərpa olunmuş modeli görünür. Zalda dəmir yolu nəqliyyatına aid 2 maket, 2 film zalı da yerləşir. Bu film zallarından biri bədii, digəri sənədli filmlərin nümayişi üçün nəzərdə tutulub. Birinci mərtəbədə yerləşən kinozalda sənədli filmlər, tarixi xronikalar, dəmir yollarının inkişafına töhfə verən mühəndislər və insanlar barəsində bioqrafik filmlər nümayiş olunur.
İkinci mərtəbədə yerləşən kinozalda dəmir yollarının, qatarların və dəmir yolu vağzallarının estetikası ilə bağlı bədii filmlər nümayiş edilir.
Muzeydə suvenirlərin satışını həyata keçirən mağaza da fəaliyyət göstərir. Həmçinin, məkanda dəmiryolu tarixini mühüm məqamlarını əks etdirən foto və yazılı materiallar təqdim olunur. Burada Birinci Dünya müharibəsi və İkinci Dünya müharibəsində dəmiryolunun rolu ilə bağlı faktlar və məlumatlarla tanış olmaq mümkündür. Bu muzey sizi həmin dövrə göndərə bilməsə də, bir anlıq özünüzü tariximizdə səyahət edən zaman tapacaqsınız.
Bütün bunlara əsasən deyə bilərik ki, Azərbaycan Dəmir Yollarının tarixi az qala onun dövlətçilik tarixi qədər qədimdir…
Bu yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.