...

Azərbaycanda miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 11:51 (UTC +04:00)

Azərbaycan prezidenti cari ilin iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiq olunması barədə fərman imzalayıb, AzerTac dövlət agentliyi məlumat yayıb.

Fərmana görə, miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.

Fərmanla "bir pəncərə" prinsipinin tətbiqi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu; onlara Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin verilməsi məqsədi ilə sənədlərin qəbulu və öz rəyi ilə birgə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi; Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi; Azərbaycan ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması; müvəqqəti və daimi yaşamaq üçün icazə almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq vəsiqələrin verilməsi; Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması; Azərbaycanda yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması səlahiyyətləri verilib.

Həmçinin fərmanla müəyyən edilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı vəsatətlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 20 gün müddətində baxılır.

Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi tətbiq edildiyi gündən Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər (pasport və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənəd) və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq vəsiqələr əsasında Azərbaycan Respublikasından gedə və Azərbaycan Respublikasına qayıda bilərlər.

Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin Azərbaycan Respublikasına diplomatik missiya ilə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin qeydiyyatı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən aparılır.

Nazirlər Kabinetinə bir ay müddətində daxili əmək bazarı və işçi qüvvəsinə olan tələbat nəzərə alınmaqla iqtisadi fəaliyyət sahələri üzrə əmək miqrasiyası kvotalarını müəyyən edilməsi və bu barədə prezidentə məlumat verilməsi, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən çıxış və qayıdış vizalarının ləğv edilməsi və qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflər hazırlayıb prezidentə təqdim edilməsi həvalə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti