...

"Bir pəncərə" gömrük nəzarətinin effektivliyini artırıb: Azərbaycan DGK-nın sədri Aydın Əliyevlə MÜSAHİBƏ

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2010 14:04 (UTC +04:00)
Trend Capital-ın Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə 30 yanvar - ölkənin Gömrük Xidməti əməkdaşlarının peşə bayramı ərəfəsində müsahibəsi
"Bir pəncərə" gömrük nəzarətinin effektivliyini artırıb: Azərbaycan DGK-nın sədri Aydın Əliyevlə MÜSAHİBƏ

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Trend -ın Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə 30 yanvar - ölkənin Gömrük Xidməti əməkdaşlarının peşə bayramı ərəfəsində müsahibəsi

- 2009-cu il yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsi gömrük buraxılış məntəqələrində "vahid pəncərə" sisteminə keçib. Siz bu sistemi səmərəli hesab edirsinizmi? Yeni sistemin tətbiqi Azərbaycan sərhədi üzərindən nəqliyyat vasitələrinin və malların keçirilməsinə gömrük nəzarətini gücləndirməyə, həmçinin onların getməsini sadələşdirməyə nə dərəcədə imkan verib?

- Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə ticarətin liberallaşdırılması, iş adamlarına daha əlverişli iş şəraitinin yaradılması istiqamətində mühüm addımlar həyata keçirilməkdədir. Bu sahədə ticarət əməliyyatlarını tənzimləyən müxtəlif qanunvericilik sənədlərinin beynəlxalq aləmdə qəbul olunan müasir standartlara və beynəlxalq konvensiyalara uyğunlaşdırılmasına əsas diqqət verilir.

Əgər nəzərə alsaq ki, xarici ticarətin aparılmasının əsas mərhələlərindən biri malların və nəqliyyat vasitələrinin dövlət sərhəd buraxılış məntəqələrindən keçməsindən ibarətdir, onda burada "bir pəncərə" prinsipinin tətbiq olunması çox vacib mövqedə dayanır. Belə ki, ölkə sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi zamanı müxtəlif dövlət qurumlarının müvafiq nəzarət növlərindən keçmək, icazə və digər sənədlərin təqdim olunması tələb olunur. Bu proseslərin bir orqan tərəfindən həyata keçirilməsi və əməliyyatların aparılması zamanı sənədlərin qəbulu və yoxlanılması fərmanın tələblərinə uyğunlaşdırılaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi və Səhiyyə Nazirliyi ilə əlaqələndirilmiş şəkildə yerinə yetirilir. Yuxarıda qeyd olunanlarla əlaqədar operativ məlumat mübadiləsinin təkmilləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradılıb.

"Bir pəncərə" prinsipinin tətbiqi nəticəsində resursların səmərəli və rasional formada bölgüsü və istifadəsinə, nəzarət növlərinin əlaqələndirmə səviyyəsinin yüksəldilməsinə və qurumlararası əməkdaşlığın gücləndirilməsinə, eləcə də sərhəd idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə və gömrük nəzarətinin səmərəliliyinin artırılmasına əlverişli şərait yaranıb. Bundan başqa, iqtisadi operatorlar və sahibkarlıq subyektləri tərəfindən qanunvericiliyin tələblərinə daha ciddi riayət edilməsi, sərhəd nəzarəti prosedurlarında şəffaflığın artırılması, həmçinin ölkənin iqtisadi potensialının gücləndirilməsinə xidmət göstərən müasir metodların tətbiqi də təmin edilir. Yük daşımaları imkanlarının artırılması və nəqliyyat sektorunun inkişafı, tranzit potensialının gücləndirilməsi də deyilən üstünlüklərə aiddir.

Bu sistemin tətbiqi nəticəsində xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsini minimum vaxt sərf etməklə həyata keçirmək imkanı əldə etmişlər.

- Əvvəllər Dövlət Gömrük Komitəsi tərəfindən ölkə ərazisinə gələn şəxslər üçün sadələşdirilmiş nəzarətin tətbiqi üzrə ("yaşıl" və "qırmızı" dəhlizlərdə) işlər görüldü. Bu proses hansı mərhələdədir?

Bildirmək istərdik ki, fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük rəsmiləşdirilməsini təkmilləşdirməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi prosedurlarını sadələşdirmək, gömrük məntəqələrinin buraxılış qabiliyyətini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, habelə Azərbaycan Respublikasının gömrük işi üzrə digər qanunvericilik aktları əsasında Dövlət Gömrük Komitəsi tərəfindən "Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi zamanı ("Yaşıl kanal" və "Qırmızı kanal") bəyan edilmənin sadələşdirilmiş Qaydaları" işlənib hazırlanıb.

Bu Qaydaların müddəalarına uyğun olaraq fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının sərhəd gömrük məntəqələrində ikikanallı buraxılış sistemi tətbiq edilir: "Yaşıl kanal" və "Qırmızı kanal". Fiziki şəxslər sərhədi "Yaşıl kanal"dan keçdikdə yazılı formada gömrük bəyannaməsi doldurmurlar, "Qırmızı kanal"dan keçdikdə isə malları yazılı formada bəyan etməlidirlər.

Məlumat üçün bildirirəm ki, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasının ("Yaşıl kanal" və "Qırmızı kanal") həyata keçirilməsi ilə bağlı müddəalar yeni Gömrük Məcəlləsi layihəsində öz əksini geniş surətdə tapmışdır.

- Aydın müəllim, "Elektron Gömrüyün" yaradılması çərçivəsində hansı tədbirlər nəzərdə tutulub, bu proses nə vaxt başa çata bilər?

- "Elektron Gömrük" (e-Gömrük) layihəsi "e-Azərbaycan" proqramının bir komponenti olaraq "Azərbaycan Respublikasının gömrük sisteminin inkişafı üzrə dövlət proqramının (2007-2011)" əsas istiqamətlərindən birini əhatə edir. Bu səbəbdən, "e-Azərbaycan" proqramının həyata keçirilməsi ilə bağlı yaradılan hüquqi və normativ sənədlər əsasında "e-Gömrük" layihəsi formalaşır və icra edilir. Bu səbəbdən "e-Gömrük" layihəsinin başa çatması "e-Azərbaycan" proqramının həyata keçirilməsi ilə sıx bağlıdır.

"e-Gömrük" sisteminin yaradılması Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə İnkişaf Strategiyasının əsas məqsədlərindən birini təşkil edir və əsasən üç altsistemdən ibarətdir:

1. Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi.

2. İnternet informasiya resurslarının idarəetmə sistemi.

3. Gömrük Komitəsinin daxili portalı - İntranet sistemi.

"e-Gömrük" əsasən DGK-da həyata keçirilən "Gömrük Xidmətində Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi" (VAİS) layihəsi üzərində qurulur. VAİS aşagıdakı modullardan ibarətdir:

- Gömrük nəzarəti sistemlərinin elektronlaşdırılması;

- Gömrük rəsmiləşdirilmə prosedurlarının avtomatlaşdırılması;

- Qaçaqmalçılıq və hüquqpozmalara qarşı mübarizə üzrə avtomatlaşdırılmış idarəetmə sistemləri və kompüterləşdirilmiş əməliyyat mərkəzi;

- Maliyyə fəaliyyətinin avtomatlaşdırılması;

- Valyuta sərvətlərinin avtomatlaşdırılmış qeydiyyat sistemi;

- Resursların idarəetmə sistemi;

- Sənəd dövriyyəsinin avtomatlaşdırılması;

- Risklərin idarə olunması sistemi;

- Texniki təchizat üzrə "Elektron sifariş" sistemi;

- Dövlət sərhədinin avtomobil buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" avtomatlaşdırılmış idarəetmə sistemi.

Hazırda VAİS-in yuxarıda göstərilən modulları mərhələlərlə həyata keçirilir və ölkənin digər dövlət orqanlarının informasiya resurslarına inteqrasiya olunması istiqamətində layihələr həyata keçirilir və "e-Azərbaycan" proqramı çərçivəsində başa çatacaqdır.

- Gömrüyün ölkə iqtisadiyyatının inkişafını əks etdirən güzgüsü hesab olunmasını nəzərə alarsaq, bu gün gömrük məntəqələrinin abadlaşdırılması və onların beynəlxalq standartlara uyğun gəlməsi üzrə hansı işlər görülür?

- Azərbaycan Respublikasının coğrafi baxımdan Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi və bununla əlaqədar mümkün mal və nəqliyyat vasitələrinin axınlarının artması daha mükəmməl infrastrukturun yaradılmasına zəruri şərait yaradır. Bununla əlaqədar ölkə rəhbərliyi tərəfindən qəbul olunmuş bir sıra dövlət proqramlarının icrasının davamı kimi Dövlət Gömrük Komitəsi tərəfindən ölkənin əsas strateji dövlət sərhədinin buraxılış məntəqələrində beynəlxalq aləmdə müasir standartlara uyğun, yüksəkkeçiricilik qabiliyyəti potensialı olan infrastruktur obyektləri tikilməkdədir. Daxili gömrük orqanlarında isə bir neçə müasir inzibati bina artıq tikilib istifadəyə verilib. Bundan əlavə, sərhədyanı ərazilərdə mallar daşınarkən yükləmə boşaltma, yoxlama əməliyyatlarını operativ həyata keçirmək üçün əlverişli şəraitin yaradılması məqsədilə müasir standartlara uyğun terminallar və gömrük anabarları yaradılır.

- Dünyada baş verən proseslər Dövlət Gömrük Komitəsinə 2009-cu ildə fiskal funksiyalarını yerinə yetirməkdə nə qədər təsir edib? Bununla əlaqədar olaraq ölkəyə idxal edilən mallara vergi və gömrük rüsumlarının ödənilməsindən azad olunmaların sayının azaldılması məsələsinin nəzərdən keçirilməsi nə dərəcədə aktualdır?

- Dünyada baş verən qlobal maliyyə və iqtisadi böhranın təsiri nəticəsində illik idxal mallarının həcminin 2008-ci il ilə müqayisədə 1,05 milyard ABŞ dolları məbləğdə azalmasına səbəb olub. Digər tərəfdən isə böhran nəticəsində xarici ölkələrdə istehsal olunan malların dəyərinin aşağı düşməsi ölkəyə idxal olunan mallara tətbiq olunan gömrük vergi və rüsumlarına əsasən yığılan gömrük ödənişlərinin azalmasına öz təsirini göstərib.

Aparılan təhlillər əsasında müəyyən edilib ki, 1,05 milyard ABŞ dolları məbləğində azalma ilə müşahidə olunan idxal mallarını əsasən vergitutumlu mallar təşkil edir. Buna baxmayaraq 2009-cu ilə nəzərdə tutulan illik büdcə proqnozunun 100 faizdən bir az aşağı həcmdə yerinə yetirilməsi təmin olunub.

Qeyd etmək lazımdır ki, 2008-ci il ilə müqayisədə 2009-cu il üzrə illik büdcə proqnozu 2,35 milyon manat məbləğdə və ya 0,21 faiz artıq yerinə yetirilib.

Büdcə proqnozlaşdırılmasının səmərəliliyinin artırılması, idxal olunan mallar üzrə gömrük ödənişlərinin ödənilməsində yayınmaların aradan qaldırılması, mövcud gömrük tarif sistemində lüzumsuz güzəştlərin ləğv edilməsi və gömrük işi sahəsində gəlirlərlə bağlı zəruri olan qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə tərəfimizdən müvafiq təkliflər paketi hazırlanaraq hökumətə təqdim edilib. Dünyada baş verən qlobal maliyyə və iqtisadi böhranı qeyd olunan məsələlərə daha çox diqqətin ayrılmasını zəruri edir.

- Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Ticarət Təşkilatı nə qədər qarşılıqlı əlaqədədir və bu iki beynəlxalq təşkilatın tövsiyyələri arasında fikir ayrılığı varmı? Sizin Azərbaycanın ÜTT-yə daxil olması məsələsinə şəxsi fikriniz necədir?

- Ümumdünya Gömrük Təşkilatı gömrük sahəsində beynəlxalq əməkdaşlığı əhatə edir. Hər iki təşkilat öz fəaliyyətini qəbul edilmiş beynəlxalq Konvensiyalara və digər normativ-hüquqi sənədlərə uyğun olaraq həyata keçirir. Bu təşkilatlar tərəfindən verilən tövsiyyələr arasında fikir ayrılığı müşahidə olunmur. Azərbaycan Respublikasının ÜTT-yə üzv olması istiqamətində mövcud komissiyanın iş qrafikinə uyğun olaraq bu təşkilata üzv olan ölkələrlə iki tərəfli danışıqlar aparılır. ÜTT-yə üzv olma prosedurlarına əsasən mərhələli müzakirələr dövrü olaraq həyata keçirilir.

- Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa üzrə ofisinin açılması qərarı nə ilə bağlı olub?

- Bildiyiniz kimi, Azərbaycan Gömrük Xidməti Ümumdünya Gömrük Təşkilatının fəal üzvlərindən biridir. Son illər ərzində respublikamız ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə ev sahibliyi etmiş, eləcə də 176 ölkənin gömrük xidmətini özündə birləşdirən bu mötəbər təşkilatın 2003-cü ildə Bakı şəhərində Regional Tədris Mərkəzi fəaliyyətə başlayıb.

Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin açılması təklifi, əvvəlcə ötən il Norveç Krallığının Bergen şəhərində Ümumdünya Gömrük Təşkilatı Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında irəli sürülüb, bu məsələ ilə bağlı Azərbaycan nümayəndə heyəti iki hissəli təqdimatla çıxış edib. 2009-cu il iyunun 25-dən 27-dək Belçika Kralığının Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı Gömrük Əməkdaşlıq Şurasının 113-114-cü sessiyası zamanı yeganə regional ofisin Azərbaycanda açılması təklifi dəstəklənmiş və ofisin Bakı şəhərində təsis edilməsi qərara alınmışdır. Nəhayət, yola saldığımız ilin noyabrında "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan Respublikasının Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu" imzalanmışdır.

- Üç səviyyəli diferensiyalaşdırılmış tarif sisteminə keçidi nəzərdə tutan gömrük tariflərinin yeni modelinin tətbiqi nə vaxt gözlənilir?

- Xatırladım ki, Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasında mal mövqeləri üzrə mövcud tarif dərəcələrinin (0; 0.5; 1; 3; 5; 10 və 15%) dəyişdirilərək azpilləli sistemə (0; 5 və 15%) keçidi ilə əlaqədar mövcud normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin ediləcəyini nəzərdə tutan aidiyyəti prosedurlar həyata keçirilib və üç pilləli tarif sisteminə keçidlə əlaqədar normativ sənəd layihəsi hökumətə təqdim olunub.

- Xarici iqtisadi fəaliyyət iştirakçılarının qeydiyyata alınmasının yeni proseduru və sahibkarlara Gömrüyün internet saytı üzərindən statistik kodun alınması üçün imkan yaradılması xarici iqtisadi əməliyyatları nə dərəcədə sadələşdirməyə imkan verir?

- Vergi ödəyicisi olmayan xarici iqtisadi fəaliyyət iştirakçılarına (XİFİ) statistik kodun verilməsi qaydalarının yeni proseduru tətbiq edilməsi XİF iştirakçıları ilə DGK arasındakı işgüzar mansibətlərin yeni texnologiyalar əsasında qurulmasına, XİF iştirakçıları üçün imkanların daha da genişləndirilməsi və şəffaflığın təmin edilməsinə xidmət edir.

XİF iştirakçılarına statistik kodun İnternet vasitəsilə verilməsi e-Gömrük sisteminin "Elektron Bəyannamə" layihəsinin başlanğıc mərhələsidir.

Əgər hər bir XİF iştirakçısı tələb olunan sənədləri toplamaqla müvafiq gömrük orqanına müraciət edərək Statistik Kod alandan sonra gömrük rəsmiləşdirməsi həyata keçirə bilirdisə, yeni qaydalara əsasən istənilən XİF iştirakçısı Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən (www.dgk.gov.az) istifadə etməklə statistik kod ala bilər. Gələcəkdə "Elektron Bəyannamə" sisteminin tətbiqi zamanı XİF iştirakçıları üçün tam şərait yaranır ki, gömrük rəsmiləşdirilməsi tələb olunan mallarını gömrük orqanına getmədən İnternet vasitəsilə bəyan etsin.

- Aydın müəllim, Gömrük Məcəlləsinin yeni nəşrinin hazırlanması hansı mərhələdədir və dünya prosesləri nöqteyi-nəzərindən sənədin əlavə tədqiqinə ehtiyac varmı?

- Respublikanın ildən-ilə iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş ölkələrin gömrük işi sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla bütövlükdə Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən, bu sırada mühüm yer tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri edib. Artıq Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, eləcə də gömrük işi sahəsində beynəlxalq standartların öyrənilməsi və onların tətbiq edilməsi işinin davam etdirilməsi, Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti" çərçivəsində 2006-cı ildə qəbul edilmiş "Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı"nın "Azərbaycan gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı müddəalarının yerinə yetirilməsi, həmçinin "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın müddəalarının (Kioto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının "Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə Çərçivə Standartları"nın milli gömrük qanunvericiliyində əks olunması məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq ekspertlər tərəfindən Komitənin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanıb. Hazırda layihə Azərbaycan Respublikası Prezident Adminstrasiyasında hüquqi ekspertizadan keçirilir.

Xəbər lenti

Xəbər lenti