Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Bədəlova/
"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı ölkənin Mərkəzi Bankı ilə kredit təşkilatının banka çevrilməsi məsələsi barədə danışıqlar aparır. Trend-in məlumatına görə, bu barədə cümə günü "FINCA International" şirkətinin vitse-prezidenti və Avrasiya üzrə regional direktoru Cef Flauers mətbuat konfransında bildirib.
"Biz Azərbaycan Mərkəzi Bankı ilə lisenziya alınması məsələsi barədə danışıqları davam etdiririk və yaxın vaxtlarda öz təklifimizi təqdim edəcəyik", - Flauers deyib.
Onun sözlərinə görə, "FINCA Аzerbaijan" özünü xarici deyil, yerli şirkət hesab edir. Təşkilatın prinsipi müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edən şəffaflıqdır.
Flauersin dediyi kimi, təşkilatın banka çevrilmək niyyəti öz müştərilərinə kreditlərlə yanaşı, pul köçürmələri, depozitlərin qəbulu kimi digər maliyyə xidmətlərinin göstərilməsi məqsədi güdür .
"FINCA Azerbaijan" ölkənin aparıcı bank olmayan kredit təşkilatlarından biridir və təşkilat 1998-ci ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə yaradılıb. O, dünyanın 22 ölkəsində fəaliyyət göstərən "FINCA International" mikromaliyyə strukturunun bir hissəsidir.
"FINCA Azerbaijan"ın direktoru səlahiyyətlərinin icraçısı, baş icraçı direktor Maniş Sane bildirib ki, bu gün təşkilatın kredit portfeli 87 milyon dollardan bir az çoxdur.
Onun sözlərinə görə, 2011-ci ilin sonlarına kimi təşkilat portfelin həcmini 120 milyon dollaradək çatdırmaq niyyətindədir. Bu gün təşkilatın müştərilərinin sayı 100 minədək çatdırılıb.
2011-ci il üçün planlardan danışan Sane deyib ki, kredit təşkilatı Masallıda da növbəti filialını açır.
"FINCA Azerbaijan"ın respublika üzrə ölkənin bütün rayonlarını əhatə edən 66 nümayəndəliyi fəaliyyət göstərir.