...

Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2015 17:12 (UTC +04:00)
Bu gün bütün dünyanın diqqəti Fransanın paytaxtı Parisdə baş vermiş terror hadisəsinə yönəlib. Terrorun baş vermə səbəblərinə nə qədər dərindən baxılırsa baxılsın, bütün hallarda onun kökləri iqtisadi maraqlara söykənir.
Fikrət Yusifov: Müharibələrin və terrorun ali məqsədi - İqtisadi maraqlar

Fikrət Yusifov

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor

Bu gün bütün dünyanın diqqəti Fransanın paytaxtı Parisdə baş vermiş terror hadisəsinə yönəlib. Terrorun baş vermə səbəblərinə nə qədər dərindən baxılırsa baxılsın, bütün hallarda onun kökləri iqtisadi maraqlara söykənir. Sadə fəlsəfədir.

İnsan bütün ömrü boyu yaxşı yaşamaq uğrunda mübarizədədir. Bəşər övladının tarix boyu apardığı müharibələrin son məqsədi də həmişə daha yaxşı yaşayışı təmin etməkdən ibarət olub. İnsanın cəmiyyətdə daha yaxşı mövqe tutmaq uğrundakı mübarizəsi, siyasi partiyaların hakimiyyət uğrundakı mücadilə aparması, ölkələrin dünya siyasi müstəvisində daha güclü mövqe qazanmaq uğrunda savaş açması... məhz iqtisadi maraqlar kontekstində şərh olunmalıdır.

Belə bir deyimi hər birimiz eşitmişik - insanın başına nə gəlirsə tamahının üzündən gəlir. Tamahını idarə edə bilməyən insan odla oynayan pərvanə kimidir - o hər an yanıb məhv olmaq təhlükəsi ilə üz-üzədir. Tamahını idarə edə bilməyən dövlətlərin də aqibəti eyni olur. Düzdür, burada zaman bir qədər uzun ola bilir. Ancaq nə fərqi. Sonda tamahkir məğlub olur. Tarixə qısa bir ekskursiya edildikdə deyilənlərin həqiqət olduğunu hər kəs özü üçün bir daha aydın edə bilər. Burada gözlə görünməyən və təbii ki, tamaha söykənən instinktiv bir məqam var. Onu bəlkə də hər kəs deməyə cürət etmir. Meşədəki heyvanlar yaxşı yaşamaq uğrunda özlərindən zəiflərə necə güc göstərib onları məhv edirlərsə, insanlar da həyatda beləcə davranırlar. Dövlətləri də idarə edən insanlardır, sadəcə tamahın ölçüsü fərqlidir...

Parisdə baş vermiş terrorun da kökü həmin prinsiplərdən qaynaqlanır. Normal bir insan başqasının ölümünə sevinə bilməz. Fransa paytaxtında həyata keçrilmiş terror aktının nəticəsi də birmənalı şəkldə insanlığın daha bir faciəsi kimi qiymətləndirilməlidir. Lakin bu və buna bənzər hadisələrin kökündə dayanan səbəblər barədə danışarkən gərəkdir ki, hadislər soyuq başla analiz olunsun və yaxın tarixdə şahidi olduğumuz siyasi oyunlar xronoloji qaydada göz önünə gətirilsin. Zənnimizcə, "Niyə məhz Fransa?" kimi suallar ətrafında da baş sındırmağa ehtiyac yoxdur.

Hesab edirik ki, bu terror aktınının Avropa və ya ABŞ-ın hər hansı bir iri şəhərində törədilməsi, onun təşkilatçıları üçün elə bir əhəmiyyət kəsb etməyib. Sadəcə həmin vaxt bunu Parisdə həyata keçirmək üçün daha münbit şərait mövcud olub. Bu dəhşətli hadisəni törədənlər isə birbaşa Qərbin çörəyini yeyənlərdir. Burada gizlədiləsi heç nə yoxdur: Qərbin hazırladığı ölüm silahı idaretməni itirərək öz yaradıcılarını vurdu. İŞİD-in haradan qidalandığını və ümumiyyətlə niyə yaradıldığını bilməyən varmı? Lütfən, kimsə bu kimi məsələləri din faktoru ilə əlaqələndirməyə çalışmasın. Yaxın şərqdə üzün müddətdir ki, müşahidə olunan qanlı hadisələrin dinlə və dini dəyərlərlə heç bir əlaqəsi yoxdur. Bu proseslərin kökündə dünya güclərinin bir-birinə əzələ nümayiş etdirməsi, daha böyük əraziləri nəzarət altında saxlaması və nəticə etibarı ilə daha böyük və təsirli iqtisadi rıçaqlar əldə etmək kimi maraqlar dayanır. O ki, qaldı İŞİD-ə, onun mahiyyətində dinə, islama yaxın heç nə yoxudur.

Adını boş verin, bu ölüm mənbəyinin "atası" da "anası" da qərblidir... Eynicinslilərin nikahını demokratiyanın təntənəsi kimi bütün dünyaya sübut etməyə çalışanların demokratiya, insan haqları bayrağı altında Şərqi bir-birinə qarışdırması, Şərq insanının yüz illərlə formalaşmış yaşam tərzini bir zərbə ilə dağıtmaq həvəsi əks-effekt verdi və nəticədə İŞİD kimi qorxulu silahlar meydana çıxdı. İndi çoxları haqlı olaraq düşünür ki, Qərbin yaratdığı silah onun özünə qarşı yönəlib. Qərb ölkələri əsrlər boyu bir qaydada yaşayıb və bir qaydada idarə olunan xalqları mərhələli şəkildə deyil, qısa zaman kəsiyində "demokratiyaya uyğunlaşdırmaq, onları demokrayiyanın al bayrağı altında birləşdirmək" həvəsinə düşəndə bilməliydilər və hesablamalıydılar ki, bu, bəşəriyyətə hansı faciələri yaşadacaq...

Odur ki, indi ortada tam bir qanunauyğunluq var: Nə əkiblərsə, onu da becəririlər. Nə yazıq ki, yalnış atılan addımların, doğru olmayan qərarların bədəlini günahsız insanlar ödəyir - Şərqdə də belədir, Avropada da...

Başqalarına necə yaşamağı öyrətmək lazım deyil! Bu gün Qərbin Azərbaycana da demokratiya dərsi keçmək istəyinin arxasında ilk növbədə iqtisadi maraqlar dayanır. Bu maraqları reallaşdırmaq üçün onlar beş-on manat xatirinə müqəddəs olan nə varsa hamısını satmağa hazır olan bir qrup satqını güvənc yeri hesab edirlər. Ancaq yanılırlar. Çünki Azərbaycan nə İraq, nə Suriya nə də Şərqin hər hansı başqa ölkəsi deyil. Bu gün Azərbaycan demokratik yolla inkişafın bənzəri olmayan bir modelini ortaya qoyur. Azərbaycan tolerantlığın, multikulturalizmin hər bir dövlətə nümunə ola biləcək yüksək səviyyəsini nümayiş etdirir. Bizə demokratiya dərsi keçmək lazım deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti