...

AYİB Azərbaycan üzrə yeni strategiyanı təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2019 13:55 (UTC +04:00)
Yeni strategiya 2019-2024-cü illəri əhatə edir
AYİB Azərbaycan üzrə yeni strategiyanı təsdiqləyib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar Şurası Azərbaycan üçün növbəti 5 il ərzində investisiyalarını idarə edəcək yeni strategiyanı təsdiq edib.

AYİB-dən Trend-ə verilən məlumata görə, yeni strategiya 2019-2024-cü illəri əhatə edir.

Qeyri-neft sektorlarında özəl sektorun inkişafını dəstəkləməklə, və özəl və dövlət şirkətlərinin idarəetməsini gücləndirməklə, Bank Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Bununla yanaşı, yerli bank və qeyri-bank təşkilatlarında kreditləşdirməni stimullaşdırmaqla, və yerli valyuta və kapital bazarlarının inkişafına yardım etməklə, AYİB yerli bizneslərin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsi istiqamətində işini davam etdirəcək.

Eləcə də bərpa olunan enerji mənbələri, artan enerji səmərəliliyi, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla, Bank ölkənin yaşıl iqtisadiyyatına dəstəyini artıracaq.

AYİB-in Bakı ofisinin Rəhbəri Ivana Duarte deyib: “Bu yeni strategiya bizim Azərbaycandakı fəaliyyətimizə yeni təkan verir. AYİB Azərbaycanın öz qeyri-neft sektorunu inkişaf etdirməsi, yerli kreditorların gücləndirilməsi və yaşıl iqtisadiyyatına investisiya qoyuluşlarının artırılmasına yardım etməyə hazırdır. Biz bərpa olunan enerji sektorunda böyük potensialın olduğunu görürük və bu sahədə real dəyişiklik etmək məqsədi daşıyırıq. Səlahiyyətli orqanların enerji bazarında islahatlar aparmaq və biznes mühitini yaxşılaşdırmaq istiqamətində göstərdikləri davamlı səylər bizim öz vəsaitlərimizin ayrılması və başqa mənbələrdən maliyyənin cəlb edilməsinə böyük yardım edəcək”.

AYİB Azərbaycanda aparıcı investordur və indiyədək müxtəlif sektorlara təxminən 3.3 milyard avro investisiya qoyuluşu edib: enerji, infrastruktur, bankçılıq, sənaye və kommersiya.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti