Azərbaycan, Bakı, 18 may/ Trend , müxbir E.İsmayılov/
Bazar ertəsi ARDNŞ-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov bildirib ki, şirkət Cənubi Şərqi Avropada fəaliyyət göstərmək üçün xüsusi neft-kimya strategiyası hazırlayır.
"Biz bu istiqamətdə Rumıniyanın neft-kimya kompleksini və Türkiyənin Petkim (gəlir payının yarısı ARDNŞ-a məxsusdur) neft-kimya kompleksini işə cəlb etmək istəyirik", - Kərimov bildirib.
Hazırda ARDNŞ-ın Rumıniyanın hər-hansı bir enerji layihəsini əldə etməsi və ya orada iştirakı haqqında danışıqlar aparılmır. Şirkətin Rumıniyadakı nümayəndəliyi bu ölkənin bazarını və neft emaı zavodlarının potensialını öyrənir.
"Rumıniyada böyük həcmdə neft emal edən altı-yeddi neft-emalı zavodu mövcuddur. Biz hazırda bu imkanları tədqiq edirik, lakin heç bir müzakirə və danışıqlar aparılmır", - nümayəndəliyin rəhbəri bildirib.
ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin fəaliyyətinin əsas məqsədi gələcəkdə Azərbaycan neftinin və neft məhsullarının Avropa bazarında satışını təmin etməkdir.
ARDNŞ-ın Rumıniya, Türkiyə və Avstriyadakı nümayəndəlikləri, o cümlədən keçən il şirkətin İsveçrədə fəaliyyətə başlamış treydinq kompaniyası Avropa neft-qaz bazarının birgə tədqiqini həyata keçirir. Bundan başqa, Bolqarıstan, Ukrayna, Macarıstan və digər ölkələrin bazarları öyrənilir.
"Biz birlikdə işləyirik ki, gələcəkdə vahid strategiya hazırlaya bilək", - Kərimov bildirib.
Məqalə müəllifi ilə əlaqə: [email protected]