Azərbaycan, Bakı, 7 may/Trend, müxbir E. İsmayılov/
2013-cü ilin birinci rübündə Böyük Britaniyanın BP şirkəti və tərəfdaşları Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan 8,06 milyon ton (59,6 milyon barel) neft hasil ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BP-nin yanvar-mart aylarında Azərbaycanda fəaliyyətinin yekunlarına dair yaydığı rəsmi hesabatda deyilir.
Məlumatda deyilr ki, I rübdə həmin yataqlar blokunda gündə orta hesabla 662 min barel neft hasil edilib.
"Layihə çərçivəsində əməliyyat xərcləri 198 milyon dollar, əsaslı xərclər 648 milyon dollar təşkil edib" , - hesabatda deyilir.
2013-cü ildə əsaslı xərclər 2,51 milyard dollar, əməliyyat xərcləri isə 861 milyon dollar səviyyəsində gözlənilir.
AÇG-də iştirak payları: BP (operator - 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).