Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Bu gün Tərtər rayonunun Təzəkənd-1 və Beyləqan rayonunun Yeni Mil kəndlərinə təbii qaz verilişinin bərpa olunması münasibətilə tədbirlər keçirilib.
Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, rayon İcra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyi təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirlərdə bildirilib ki, 370 abonenti olan Beyləqan rayonunun Yeni Mil kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 19 750 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 370 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
190 abonenti olan Tərtər rayonunun Təzəkənd-1 kəndinin qazlaşdırılması üçün isə 8045 metr uzunluğunda metal borularla qaz xətləri çəkilib, hər bir abonent fərdi sayğac və tənzimləyici ilə təmin olunub.
Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.