Bakı. Trend:
Novruz bayramı ərəfəsində, martın 17-də Sabirabad və Goranboy rayonlarının iki kəndinə ilk dəfə təbii qaz verilib.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.
Sabirabad rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 149 abonenti olan Salmanlı kəndinin ilk dəfə qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 14 552 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün Goranboy rayonunun 79 abonentlik Əhmədabad kəndinə də ilk dəfə təbii qaz verilib. Bununla əlaqədar keçirilmiş mərasimdə qeyd olunub ki, birpilləli sistem əsasında həyata keçirilən qazlaşdırma işləri zamanı 6100 metr uzunluğunda müxtəlif diametrli metal borulardan istifadə edilərək daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.