...

Azərbaycan İnnovasiya Mükafatına layiq görülənlərin adları açıqlanıb (FOTO)

Telekommunikasiya Materials 24 Oktyabr 2019 14:37 (UTC +04:00)
Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib.
Azərbaycan İnnovasiya Mükafatına layiq görülənlərin adları açıqlanıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “İnnovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində təşkil olunmuş mükafatlandırma mərasimində çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, bu axşam möhtəşəm məkanda ilk dəfə olaraq Azərbaycan İnnovasiya Mükafatı təqdim olunur. Mükafat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən innovasiya ekosisteminin iştirakçılarını dəstəkləmək məqsədilə təsis olunub.

Nazir müavini qeyd edib ki, müsabiqəni təşkil etməklə nazirlik İT sahəsində mütəxəssislərin yetişdirilməsinə, startapların, innovasiya ekosisteminin inkişafına töhfə vermiş olur. Bu növ müsabiqələr innovasiyalarla yanaşı, biznes proseslərin təşkilinə də yol açır ki, bu da ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir edir.

Elmir Vəlizadə çıxışının sonunda bütün nominantlara və müsabiqəyə qoşulan hər kəsə uğurlar arzu edib.

Sonra “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya tədbiri”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“İlin innovasiya ekosistemi təmsilçisi” “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzi seçilib. Mükafatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim edərək mərkəz əməkdaşlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“İlin innovasiya layihəsi” adına “STEM Azərbaycanda” layiq görülüb. Mükafatı layihə müəllifinə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov təqdim edib.

“İlin innovasiya tədbiri”ni Təhsil nazirinin müavini Firudin Qurbanov elan edib. Bu nominasiya üzrə qalib “Azercell” rebrendinqi olub.

“İlin influenseri” seçilmiş Fəridə Əsgərzadəni Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mükafatlandırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “İlin startapı”nın “Keepface” platforması olduğunu elan edərək layihəyə uğurlar arzulayıb.

Mükafatçıların adı açıqlandıqdan sonra tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, İnnovation Awards Gala” mükafatlandırma mərasimi “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində təşkil edilib.

“InnoWeek – İnnovasiya həftəsi” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti