...

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində 6 min nəfərin iştirakı gözlənilir

Telekommunikasiya Materials 10 Fevral 2023 13:01 (UTC +04:00)
Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresində 6 min nəfərin iştirakı gözlənilir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il 2-6 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində 6000 nəfərin iştirak edəcəyi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə "Azərkosmos" ASC-nin sədr müavini Dunay Bədirxanov Azerspace-1 peykinin orbitə buraxılmasının 10-cu ildönümünə həsr olunmuş mediatur zamanı deyib.

Onun sözlərinə görə, konqresin işində 2500 nəfər gənc mütəxəssis iştirak edəcək.

Xatırladaq ki, Beynəlxalq Astronavtika Konqresi (BAK) 1950-ci ildən bu yana hər il Beynəlxalq Astronavtika Akademiyasının və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası (BAF) tərəfindən təşkil olunur.

Azərbaycanda BAK tədbirinin tarixi 1973-cü ilə gedib çıxır. Belə ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il 7-13 oktyabr tarixlərində “Kosmik tədqiqatlar – elm və texnikaya nüfuz” devizi altında 24-cü BAK Azərbaycanda keçirilmiş, bununla da Bakı regionumuzda bu tədbirin təşkil olunduğu ilk şəhər olmuşdur. 25-29 oktyabr 2019-cu il tarixlərində isə BAF-ın Vaşinqtonda keçirilən Baş Assambleyasında Bakı ikinci dəfə beynəlxalq kosmik sənayenin ən nüfuzlu tədbirinə ev sahibliyi etmək hüququ qazanmışdır. Beləliklə, 2-6 oktyabr 2023-cü il tarixlərində paytaxt şəhərimizdə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun ev sahibi qismində çıxış etdiyi 74-cü BAK “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusu altında keçiriləcək.

Qeyd edək ki, "Azərkosmos" ASC-nin Azerspace-1 və Azerspace-2 adlı iki kommunikasiya peyki, həmçinin, aşağıorbitli Azersky peyki var. 2022-ci ilin yekunlarına əsasən, səhmdar cəmiyyətin peyk və telekommunikasiya xidmətlərinin satışından gəliri 26,6 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti