...

Azərbaycanın rabitə naziri işgüzar səfərlə ABŞ-a yola düşüb

Telekommunikasiya Materials 7 İyul 2006 16:22 (UTC +04:00)

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov işgüzar səfərlə ABŞ-a yola düşüb. Nazirlikdən Trend ə verilən məlumata görə, səfər iyulun 10-dan 17-dək davam edəcək. Bir qədər sonra isə nazirliyin nümayəndələrindən ibarət heyət nazirə qoşulacaq.

Səfər zamanı Əli Abbasov ABŞ-da Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsi, bu sahədə aparılmış sonuncu islahatlar, həyata keçirilmiş layihələr haqqında təqdimatla çıxış edəcək. ABŞ-ın Ticarət Departamenti (U.S. Department of Commerce) və Azərbaycan-Amerika Ticarət Palatasının (The United States-Azerbaijan Chamber of Commerce (USACC) təşkil etdiyi təqdimat iyulun 11-də Vaşinqtonda keçiriləcək.

Səfər çərçivəsində Ə.Abbasov ABŞ-ın bir sıra rəsmi şəxsləri ilə görüşəcək.

Həmçinin, Cisco Systems və Microsoft rəhbərliyi ilə görüşün keçirilməsi və tərəflər arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi də planlaşdırılır.

Səfərdə əsas məqsəd ABŞ-ın Ticarət Departamenti ilə İKT sahəsində "Qarşılıqlı anlaşma haqqında" memorandumun imzalanmasından ibarətdir. Saziş artıq hazırlanıb və son müzakirələrdən sonra imzalanacaq.

Xəbər lenti

Xəbər lenti