...

İsrail vətəndaşlıq haqqında qanundan siyasi məqsədlər üçün istifadə edir – ekspertlər

Dünya xəbərləri Materials 14 Oktyabr 2010 09:00 (UTC +04:00)
İsrailin vətəndaşlıq haqqında qanunun yeniləşdirilməsinə ehtiyacı yoxdur. Bu qanun çox güman ki, fələstinliləri "yəhudi dövləti yəhudi xalqı üçündür" deyimini tanımağa məcbur etmək üçün qəbul olunub.
İsrail vətəndaşlıq haqqında qanundan siyasi məqsədlər üçün istifadə edir – ekspertlər

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Ü.Sadıxova/

İsrailin vətəndaşlıq haqqında qanunun yeniləşdirilməsinə ehtiyacı yoxdur. Bu qanun çox güman ki, fələstinliləri "yəhudi dövləti yəhudi xalqı üçündür" deyimini tanımağa məcbur etmək üçün qəbul olunub.

"Vətəndaşlıq haqqında yeni qanun və ya qərar İsrailin ərəb əhalisinin "xətrinə dəyən" problemli qanundur və İsraili dünya ictimaiyyətinin gözü qarşısında pis vəziyyətdə qoyur", - Trend-ə Leyboristlər Partiyasından olan İsrailin azlıqlarla iş üzrə naziri Avişay Braverman deyib.

Nazirlər Kabinetinin bazar günü keçirilən iclasında İsrail hökuməti İsrail vətəndaşlığına daxil olan zaman yəhudi dövlətinə sadiq olmağa and içməyə məcbur edən qanun layihəsini bəyənib.

Baş nazir Benyamin Netanyahunun təklif etdiyi yeni qanun təkcə yəhudilərə deyil, eləcə də ölkə əhalisinin 20 faizini təşkil edən ərəblərə də aiddir.

"Qanuna diqqətlə baxsaq görərik ki, İsrail hökuməti özünə quyu qazır ki, ondan da çıxmaq çətin olacaq", - israilli nazir Braverman belə düşünür.

İsrailin "Jerusalem Post" qəzetinin icmalçısı Cerşon Baskin vətəndaşlıq haqqında qanunun qəbul edilməsinə və ya loyallığa ehtiyac görmür, belə ki, İsrail onsuz 62 il mövcud ola bilib.

"Bu, heç bir əhəmiyyəti olmayan ağılsız addımdır və çox güman ki, siyasi prinsiplərdən irəli gəlir", - Trend-ə telefonla İsrail-Fələstin İnformasiya və Araşdırma Mərkəzinin (IPCRI) rəhbəri Baskin bildirib.

Qanun layihəsinin qəbul edilməsi çox güman ki, İsrailin daxili siyasi mübarizəsinin tərkib hissəsidir və fələstinliləri "yəhudi dövlətini" tanımağa məcbur etmək üçün taktiki addımdır.

"Əgər İsrail öz vətəndaşlarından tanımanı tələb etməyəcəksə, bunu fələstinlilərdən necə tələb edə bilər", - İsrail analitiki qeyd edib.

İsrail ərəbləri formal olaraq seçici və ölkə parlamentində - Knessetdə iştirak hüququ da daxil olmaqla, yəhudi əhali ilə eyni hüquqlardan istifadə edirlər.

Knesset deputatları da yeni qanun layihəsinə ehtiyac görmürlər.

"Avoyd" leyboristlər partiyasından olan fraksiyanın üzvü Orit Noked ümid edir ki, qanun parlamentə təsdiq olunmaq üçün necə irəliləməsindən asılı olmayaraq, gündəlikdən çıxarılacq.

"Təkliflər leyboristlərin ərəb əhali ilə tərəfdaşlıqdan və azlıqların hüquqlarının müdafiəsindən ibarət olan prinsipləri ilə ziddiyyət təşkil edir", - Trend-ə Knesset deputatı Noked deyib.

Knesset deputatı, ərəb bloku "Raam"-"Taal"ın sədri İbrahim Sərsur hesab edirlər ki, vətəndaşlıq haqqında qanunu irəliyə aparmaqla "İsrail hökuməti ərəblərə və digər qeyri-yəhudi xalqlara millətçilik baxışlarını nümayiş etdirir".

"Son nəticədə İsraildə sürətlə inkişaf edən rasizm və radikal baxışlar ölkəni bütün dünya ictimaiyyəti qarşısında çox çətin vəziyyətdə qoyacaq", - Trend-ə telefonla Sərsur bildirib.

Knessetin ərəb deputatı qanunu İsrailin ərəb əhalisinə, xüsusilə, fələstinlilərə qarşı irqi ayrı-seçkilik kimi nəzərdən keçirir. Onun fikrincə, bu, İsrailin çoxxalqlı və ya yəhudi dövləti kimi tanınması ilə bağlıdır ki, bunun da, Sərsurun hesab etdiyinə görə, həm İsrailin özü, həm də ümumilikdə sülh prosesi üçün acınacaqlı nəticələri olacaq.

Vətəndaşlıq haqqında yeni qanunun qəbul edilməsi, bərpa edildikdən bir ay sonra dayandırılan Fələstin-İsrail sülh danışıqlarının böhranı ilə üst-üstə düşüb. Buna mane olan İsrail hökumətinin İordan çayının qərb sahilində yəhudi məskənlərinin tikilməsinə olan moratoriumdan imtina etməsidir.

Baş nazir Netanyahu bazar ertəsi fələstinliləri məskunlaşma fəaliyyətinə əlavə qadağanın tətbiq edilməsi əvəzinə, İsraili yəhudi dövləti kimi tanımağa çağırıb. Bu çağırış dərhal rədd edilib.

Xəbər lenti

Xəbər lenti