Azərbaycan, Bakı, 28 noyabr / Trend müxbir T.Cəfərov /
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Pakistanın narkotiklərlə mübarizə naziri Xudabəxş Racer ilə Əfqanıstanın paytaxtı Kabildə görüşüb. Görüşdə İran və Pakistanın narkotiklərlə mübarizə sahəsində yeni yollardan və bir-birinin təcrübələrindən istifadə etməsinin zəruriliyi vurğulanıb. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Nəccar bildirib ki, İran və Pakistan müştərək sərhəddə narkotik qaçaqmalçılıarına qarşı birgə əməliyyatlar həyata keçirməlidir. "Statistik məlumatlara əsasən, İrana daxil olan narkotiklərin 80 faizi Pakistan sərhədi vasitəsi ilə daşınır. Ötən bir il ərzində 350 ton narkotik maddə Pakistanla sərhəddə İran sərhədçiləri tərəfindən müsadirə olunub", - iranlı nazir deyib.
Görüşdə Racer də öz növbəsində narkotiklərlə mübarizə sahəsində region ölkələri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışıb və deyib ki, Pakistanın narkotiklərlə mübarizədə İranın maliyyə yardımına ehtiyacı var.
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar ötən gün İran, Əfqanıstan və Pakistanın DİN rəhbərlərinin narkotiklərlə mübarizə mövzusunda Kabildə keçirilən iclasında iştirak etmək üçün Əfqanıstana səfər edib. İran, Əfqanıstan və Pakistanın DİN rəhbərlərinin görüşü bu gün Kabildə baş tutacaq.