...

İran təkzib etdi: Heç bir razılıq əldə olunmayıb

Dünya xəbərləri Materials 3 Yanvar 2015 10:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

İran Xarici İşlər Nazirliyinin sözçüsü xanım Mərziyyə Əfxəm "Associated Press" Agentliyinin xəbərini təkzib edib və deyib ki, hələlik nüvə müzakirələrində hansısa mövzu ilə bağlı hər hansı bir razılıq əldə olunmayıb. Bu barədə Trend "Fars" agentliyinə istinadən məlumat verir.

M.Əfxəm bildirib ki, medianın bu cür hay-küyü bəzi siyasi məqsədlərlə yaradılır: "Belə səs-küylər müzakirələrin gedişatına ziyan vurmaq və məsələlərin həllini daha da çətinləşdirmək məqsədi ilə yaradılır".

Qeyd edək ki, "Associated" Press xəbər agentliyi ötən axşam iki diplomatik mənbəyə istinadən məlumat yayıb ki, İran və "5+1" ölkələri ilk dəfə olaraq sənəd hazırlayıb və həmin sənəddə "hərtərəfli razılaşma"nın detalları göstərilib.

Agentlik bu sənədin dekabr ayında aparılan müzakirələr zamanı əldə olunduğunu yazıb. Sənəddə ilk dəfə olaraq tərəflərin həm hərtərəfli razılaşmanın müddəlarını müəyyənləşdirmək, həm də ixtilaflı məsələlərlə bağlı fikir ayrılıqlarını yazılı formada qeyd etmək barədə razılığa gəldikləri deyilir.

Xatırladaq ki, İran və dünyanın altı lider dövləti 2013-cü il noyabrın 24-də Tehranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişə nail olublar. Tərəflər Cenevrədə özündə İrana qarşı nüvə sanksiyalarının bir qədər yüngülləşdirilməsini ehtiva edən birgə fəaliyyət planı imzalayıblar. 2014-cü il yanvar ayının ikinci yarısından isə həmin planın icrasına başlanılıb. Hazırda hərtərəfli razılıq üçün İran və "altılıq" ölkələri arasında danışıqlar davam etdirilir.

Qeyd edək ki, "altılığ"a ("5+1" qrupu) Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya daxildir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi danışıqlarda "3+3" qrupunun əlaqələndiricisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti