Bakı. Trend:
ABŞ Hərbi Dəniz Qüvvələri İsrail və İran arasında artan regional gərginlik fonunda "USS Nimitz" təyyarədaşıyan gəmisini Hind-Sakit okeanından Yaxın Şərqə yönləndirib.
Trend-in məlumatına görə, bu barədə “Navy Times” nəşri yazıb.
Məlumata əsasən, əvvəllər Cənubi Çin dənizində adi patrul əməliyyatları həyata keçirən aviadaşıyıcı bu həftə sonu Malakka boğazını keçərək Yaxın Şərqə doğru hərəkətə başlayıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi qeyd edib ki, bu qərar birbaşa İran-İsrail arasında baş verən son raket mübadiləsinə cavab deyil. Gəminin bölgəyə yerləşdirilməsi, artıq yeddi aydır bölgədə olan və rotasiyaya hazırlaşan "The Carl Vinson Strike Group"u əvəzləmək məqsədi daşıyır.
Xatırladaq ki, iyunun 13-də İsrailin İrana zərbəsindən sonra tərəflər arasında qarşılıqlı raket atışması baş verib. ABŞ Prezidenti Donald Tramp isə münaqişə tərəflərini atəşkəsə çağıraraq, İran və İsrail arasında sülhə nail olacağına dair vəd verib.