Bakı. Trend:
İtaliyanın Veneto və Emiliya-Romanya bölgələrində hökm sürən əlverişsiz hava şəraiti ciddi fəsadlara səbəb olub.
Trend xəbər verir ki, aramsız leysan yağışları nəticəsində Veneto regionunun Kador qəsəbəsinə gedən yollar torpaq sürüşməsi səbəbindən bağlanıb.
Güclü yağışlar yolların palçıq axını ilə örtülməsinə səbəb olub. Mülki müdafiə qüvvələri çətin vəziyyətdə qalan sakinlərin təxliyyəsini həyata keçirib.
Veneto regionunun rəhbəri Luka Zaya bölgədə fövqəladə vəziyyət elan edib. Məlumata görə, cəmi yarım saat ərzində Kador qəsəbəsinə 50 millimetr yağıntı düşüb.
Emiliya-Romanya regionunda isə tufan və daşqın Verona və Viçensa bölgələri arasında qatarların hərəkətinin tamamilə dayanmasına səbəb olub. Milan–Venesiya marşrutu üzrə yüksək sürətli qatarların hərəkəti isə ya gecikib, ya da ləğv olunub. Parmada yağan güclü dolu daşqınlara səbəb olub, əkin sahələrində məhsullara ciddi ziyan dəyib.