Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Visa beynəlxalq ödəniş sisteminin xüsusi mükafatına layiq görülüb.
Bu mükafat Banka “Tap to Phone” texnologiyasının istifadəsi və
“PASHA Private Banking” müştəriləri üçün xüsusi kartların təqdimatı
ilə ölkədə ödəniş sisteminin inkişafına töhfəsinə görə təqdim
edilib. Mükafatlandırma prosesi 24–25 may 2025-ci il tarixlərində
Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət
göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq, eləcə də Rəqəmsal
ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə
üzrə ekspert qruplarının görüşündə baş tutub.
Qeyd edək ki, “Tap to Phone” (mPOS) məhsulu smartfonları POS
terminalına çevirərək sahibkarlara Android cihazları üzərindən
təhlükəsiz və sürətli ödəniş qəbul etməyə imkan verir. Fiziki
terminala ehtiyac olmadan həyata keçirilən bu ödənişlər, lazım
olduqda, fiskal kassa cihazı ilə inteqrasiya edilərək e-qəbzin
vergi orqanlarına ötürülməsini də təmin edir.
“Horizon” və “Heritage” eksklüziv kartları isə fərdi bankçılıq
xidmətləri, premium tədbirlərə çıxış, öncədən sifariş imkanı və
“Miles and Smiles” çərçivəsində millər toplamaq kimi üstünlüklər
təqdim edir. Kart sahibləri və onların ailələri həmçinin “Fast
Track”, “Lounge Key” və “Air Transfer” xidmətlərindən yararlana
bilirlər.
Xatırladaq ki, “PAŞA Bank” son illər ərzində rəqəmsal bankçılıq və biznes xidmətləri sahəsində mühüm uğurlara imza atıb. Belə ki, 2024-cü ildə “SME Banking Agency” bankın onlayn platformasını ölkənin ən yaxşı biznes bankı, mobil tətbiqini isə 112 meyar əsasında ən yaxşı mobil bankı elan edib. Eyni ildə Bank “Euromoney” jurnalı tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı”, 2025-ci ildə isə “International Investor” jurnalı tərəfindən real sektorun dayanıqlı inkişafına verdiyi töhfəyə görə “Azərbaycanın ən yaxşı bankı” seçilməsi də yer alır.