Bakı. Trend:
Vaşinqtonla Brüssel arasında bağlanmış ticarət müqaviləsi Avropa üçün fiaskodur.
Trend xəbər verir ki, bu barədə Fransanın “Milli Cəbhə” partiyasının parlament fraksiyasının lideri Marin Le Pen “X” səhifəsində yazıb.
“Ursula fon der Lyayenlə Donald Tramp arasında bağlanmış ticarət müqaviləsi siyasi, iqtisadi və əxlaqi fiaskodur”, - Le Pen qeyd edib.
O, belə bir assimetrik sövdələşmədən sonra Avropa İttifaqının suverenliyinin yox olacağını vurğulayıb.
Fransanın Milli Assambleyasında (parlamentin aşağı palatası) "Milli Birlik" partiyası 577 yerdən 123-nə sahib olmaqla, ən böyük təkpartiyalı fraksiyaya malikdir.
Xatırladaq ki, bazar günü ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşdən sonra ABŞ və Avropa İttifaqının idxal rüsumları ilə bağlı ortaq məxrəcə gəldiklərini elan etdi: ABŞ-yə idxal olunan bütün Avropa mallarına 15% gömrük rüsumu tətbiq ediləcək, bunun müqabilində Aİ Amerika mallarına tarif tətbiq etməyəcək. Buna qədər Tramp administrasiyası Aİ-dən olan bütün ixraca 30% həcmində yeni ticarət tarifləri tətbiq etmək niyyətində olduğunu bildirmişdi.