Bakı. Trend:
Suriyada yeni hakimiyyətin rəhbərliyi altında ilk parlament seçkiləri bu ilin payızında baş tutacaq.
Trend-in məlumatına görə, bu barədə Xalq Məclisinə Seçkilər üzrə Ali Komissiyanın sədri Məhəmməd Taha əl-Əhməd açıqlama verib. Onun sözlərinə görə, seçkilər 15–20 sentyabr tarixlərində keçiriləcək.
Əsas dəyişikliklərdən biri parlamentdə yerlərin sayının artırılmasıdır – yeni seçki sisteminə əsasən, deputat yerlərinin sayı 150-dən 210-a qaldırılıb. Bu yerlər 2011-ci il əhali siyahıya alınmasının nəticələrinə əsasən bölgələr üzrə yenidən bölüşdürüləcək. Qeyd olunub ki, 210 deputatdan 70-i birbaşa prezident tərəfindən təyin ediləcək.
Əl-Əhməd bildirib ki, ölkədə nifaq salmağa yönəlmiş fəaliyyət göstərən və ya cinayətkar qruplara dəstək verən şəxslərin namizədliyi qəbul edilməyəcək.
Komissiya seçkilərin şəffaflığını təmin etmək məqsədilə onların vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatların müşahidəsi altında keçiriləcəyini, seçici siyahılarına və nəticələrə rəsmi qaydada etiraz imkanlarının da təmin ediləcəyini vurğulayıb.