Bakı. Trend:
ABŞ-ın Kaliforniya ştatında, Pasifik-Qrouv rayonunda üç nəfərin olduğu özəl təyyarə qəzaya uğrayıb.
Trend-in məlumatına görə, "Beech 95-B55 Baron" tipli hava gəmisi Sakit okean sahilində yerləşən Point-Pinos mayakının yaxınlığında okeana düşüb. Təyyarə N8796R reysi ilə San-Karlos hava limanından qalxaraq Monterey regional hava limanına doğru hərəkət edirmiş.
Qəza nəticəsində təyyarədə olan üç nəfərin hamısı həyatını itirib. Sahil mühafizəsi və xilasedicilər axtarış-xilasetmə əməliyyatına cəlb olunub. İlk cəsəd səhər saatlarında tapılıb, digər iki nəfərin meyiti isə gün ərzində aşkar edilib.
Təyyarənin qalıqları sahilə və qayalara səpələnib. Yerli hakimiyyət orqanlarının qiymətləndirməsinə görə, hava gəmisinin okeana düşdüyü nöqtə sahildən təxminən 200–300 metr məsafədə yerləşir.
Həlak olanların adları hələlik açıqlanmayıb. Qəzanın səbəbləri araşdırılır.