Erməni katolikosu II Qareginin bu il iyunun 27-də Türkiyə səfəri zamanı "soyqırım törədilib və bunu etiraf etmək lazımdır" deyə etdiyi bəyanat ölkənin erməni icmasının parçalanmasına səbəb olub.
Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi xəbərə görə, Türkiyə erməniləri arasında bəyanatı dəstəkləməklə yanaşı, belə bir fikir irəli sürülüb ki, II Qaregin Türkiyədə qonaq olarkən, bir dini xadim kimi, tarixi hadisələrə dair öz fikirlərini daha sülhpərvər formada ifadə etməli idi.
Türkiyədə nəşr olunan erməni qəzetləri "Aqos" və "Jamanak" Türkiyə ermənilərinin dini lideri Mesrop Mutafyanı ittiham ediblər ki, o, II Qareginin mətbuat konfransı keçirməsinə mane olmayıb.
Öz ünvanına yönəldilmiş tənqidə cavab olaraq, M.Mutafyan Türkiyədə fəaliyyət göstərən təxminən 30 erməni vakfına, kilsəsinə, xəstəxanasına, təhsil müəssisəsinə adları çəkilən qəzetlərin sponsoru olmağı, orada reklam yerləşdirməyi və onları maliyyələşdirməyi qadağan edib.
İstanbul şəhəri erməni kilsəsinin liderləri və "Aqos", "Jamanak" qəzetlərinin naşirləri arasında münaqişə mütəmadi olaraq KİV səhifələrində qarşılıqlı təhqirlərlə müşayiət olunur.