Azərbaycan, Bakı, 29 may /müx.TrendLife Vüqar İmanov/Namiq Mənanın sözünə görə, imkanlı olan hər bir insan kasıb və xəstə adamlara kömək etməlidir. Onun əsli Qubadlı rayonudandır, özü isə Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. Onun sözlərinə görə, onda yaradıcılığa sevgi qardaşı, Musiqili Komediya Teatrının aktyoru Ələkbər Əliyevdən keçib. 1989-cu ildə məktəbi bitirdikdən sonra Namiq İncəsənət Universitetinin "Dram teatrı və kino aktyorluğu" fakultəsinə daxil olub. Ancaq nə kino, nə də teatr ona məhşurluq gətirməyib. Bunlar haqqında Namiq Məna TrendLife-a müsahibəsində danışıb.
- Siz "De gəlsin" müsabiqəsindən udduğunuz maşını satıb əqli cəhətdən zəif inkişaf etmiş uşaqlara kömək etmisiniz. Əlbəttə, bu yaxşı hərəkətdir. Ancaq hər adam hətta imkanı yaxşı olsa belə, bəlkə də bu hərəkəti etməzdi...
- Mən sevinirəm ki, Qurban olduğum mənə belə bir şans verdi. Mənsə öz növbəmdə xeyriyyə məqsədilə kimlərəsə köməklik etdim. Bilirsiz, hamının etdiyi günahlar var. Mən bunu ona görə etdim ki, heç olmasa, günahlarımın azacıq da olsa, bir hiissəsi yuyulsun. İmkanlı xəsisləri görməyə gözüm yoxdur. Onlar ancaq özləri üçün yaşayırlar. Mən 20 ilə yaxındır ki, meyxanaçıyam. Məni hətta kasıblar toylara çağırıblar. Onlardan pul belə almamışam.
- Nə sizi vadar etdi ki, meyxanaçı oldunuz?
- Baxmayaraq ki, mənim arzum kinoaktyor və idmançı olmaq idi, heç cür özümü alışdıra bilmirdim. Ona görə də başladım uşaqlıqdan ən çox sevdiyim janr - meyxana ilə məşğul olmağa. Onu da deyim ki, özümə bu sahədə çox arxayın idim. Bilirdim ki, nə vaxtsa yüksəklərə qalxacağam. Əgər məni filmdə və yaxud serialda çəkilməyə dəvət etsələr, böyük məmuniyyətlə qəbul edərdim.
- Hansı rolu oynamaq istərdiniz?
- Azərbaycan Milli Dram Teatrının aktoru Aliabbas Qədirovun oynadağa Hacı Zeynalabddin Tağıyev rolunu. Bax, bu rolu böyük məmuniyyətlə kinoda oynamaq istərdim.
- Bəs sizin meyxanada ilk müəlliminiz kim olub? Və siz kimə oxşamaq istərdiniz?
- Məni heç kim öyrətməyib, sadəcə özüm öz üzərimdə çalışmışam.Çoxlu kitablar oxumuşam. Ümumiyyətlə, meyxanaçı olmaq üçün öz üzərində çalışmalısan və ən əsası Allah vergisi olmalıdır. Bu aksiomadır! Əlbəttə, Ağasəlim Çıldaq, Nizami Rəmzinin ifası çox xoşuma gəlirdi. Lakin əsl müəllimlərim İncəsənət Universitetinin müəllimləri olub. Məndən Azərbaycanın dahi korifeyləri olan Şəfiqə Məmmədova və Həsən Turabov imtahan götürüb. Müəllimlərim isə Məlik Dadaşov, Yaşar Nuri, Fuad Poladov, Ənvər Əliyev və Əliabbas Qədirov olub. Ümumiyyətlə, həyatda heç kimə bənzəmək istəmirəm. Çalışıram yaxşı şeylər öyrənim. Heç sevmirəm ki, məni kiminləsə müqayisə etsinlər.
- Siz özünüzü meyxana ustadı hesab edirsinizmi?
- Mən özündənrazı insan deyiləm. Səmimiyyəti çox sevirəm. Ən əsası meyxanada da, idmanda da insan daima çalışmalıdır. Əlbəttə, mədəniyyət , incəsənəti yaxşı bilirəm. Amma bu o demək deyil ki, səhnədə nə desən, edə bilərəm. Auditoriyadan da çox şey asılıdır. Biri var toyda çıxış edirsən, biri də var ki, canlı efirdə. Bunlar tam fərqli şeylərdir. Burada mədəniyyət tələb olunur.
- Əgər bu gün meyxananı beş ballıq sistemə görə müəyyənləşdirsək, siz hansı qiyməti verərdiniz?
- Dörd. Bu sahəni daha dərindən öyrənmək üçün xüsusi məktəblər açılmalıdır. Hətta mən "De gəlsin" müsabiqəsində iştirak edəndə məqsədim maşını udmaq və yaxud qalib gəlmək deyildi. Əsas məqsəd xalqa əsl meyxananı nümayiş etdirmək idi. Bilirsiz, adama nə təsir edir? Bu qədim incəsənət növünü xalq küçə sənəti adlandırır.
- Olur ki, canlı efirdə sizin həmkarlarınız etik çərçivəsindən çıxırlar. Sizin buna münasibətiniz?
- Efirəbizim ən yaxınlarımız, analarımız, bacılarımız, əzizlərimiz baxır. Əlbəttə ki, hərənin öz tərbiyəsi var. Görəndə ki, həmkarlarımız hədlərini aşırlar, meyxanaçı olduğuma peşman oluram. Açığını deyim ki, mən müsabiqədə bacarığımın 50 %-ni nümayiş etdirmişəm.
- Yeri gəlmişkən, sizin rəqibləriniz heç də uğurunuza sevinmirdilər...
- Əsl insan odur ki, kişi kimi uduzmağı bacarsın. Təəssüf ki, rəqiblərim mənim qalib gəlməyimi qəbul edə bilmirdilər. Meyxana söz yaradıcılığıdır. Mənim meyxanada ən çox sevdiyim deyişmələr Bayram Kürdəxanılı və vaxtilə rəhmətlik Elçin Məştağalı ilə olub. Mənim üçün ən önəmlisi mədəni oyunlar və ifalardır. Lovğalıqdan xoşum gəlmir. Hamının yadındadır, mən ANS-də verilişin sonunda dedim ki, atam traktorçu olub. Və mən bununla fəxr edirəm. Mən əsilləri ilə lovğalıq edən adamları başa düşə bilmirəm. Axı əsas maddi varlıq deyil, mənəvi rahatlıqdır. Onu da deyim ki, əsl meyxana ustadı deyişmə vaxtı öz rəqibini incitmir. İnsan insan olmalıdır və pisliyə yaxşılıq ilə cavab verməlidir.