Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir V.İmanov/
Cümə axşamı Bakıda Heydər Əliyev adına sarayda məşhur Azərbaycan müğənnisi və bəstəkarı Emin Ağalarovun "Yeni bir şou" adlı növbəti solo-konserti keçirilib.
Trend-in məlumatına görə, kompozisiyaları bu il ingilis, alman və rus çatlarında liderlik edən məşhur musiqiçi tamamilə yeni şou - qırmızı rəng effektləri, altı nəhəng monitordan yüksək sürətlə bir-birini əvəz edən kadr ardıcıllığı, mahnıların orijinal aranjirovkasını təqdim edib.
Həmişəki kimi Emin özünün səmimiliyi, tamaşaçı ilə sərbəst ünsiyyəti, yüksək səhnə mədəniyyəti ilə "yüklənib". O, konsertdə özünün məşhur Falling, Obvious, Just for one night, Wonder, Miss America, One last dance, Do not go, You do not even know və başqa hitlərini ifa edib. Bu mahnıların ifası zalda gurultulu alqışlarla qarşılanıb, tamaşaçılar elə səhnədəcə ondan birgə şəkil çəkdirməyi və avtoqraf verməyi xahiş ediblər.
Eminin ifasında Müslüm Maqomayevin "Bremen musiqiçiləri" əsərindən "Qızıl Günəşin şüaları" mahnısı xüsusi rəqbətlə qarşılanıb. Videomonitorla gah Maqomayevin, gah da Eminin (özünəməxsus duet) ifasında əfsanəvi bəstəkar Müslüm Maqomayevin "Mavi əbədiyyət" mahnısını zal ayaqüstə və uzunmüddətli alqışlarla qarşılayıb.
Gecənin xüsusi qonaqları olan "Eurovision 2011"-in qalibləri, Running Scared mahnısını ifa edən Eldar Qasımov və Nigar Camal qeyd ediblər ki, həmişəki kimi Eminin Bakıdakı konserti xeyriyyə xarakteri daşıyır və biletlərin satışından əldə olunan gəlir Nardaran qəsəbəsindəki 130 saylı məktəbin yenidən qurulması işlərinin tamamlanmasına imkan verəcək.
Emin bütün Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.
Emin yenidən konsertlə Bakıya qayıdacağını vəd edib. Onun sözlərinə görə, axı, yalnız bu cənub şəhərində onu sevir və onu burada dünyanın heç bir şəhərində olmadığı kimi qarşılayırlar.