...

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinə ATƏT-in qiymətləndirici missiyasında iştirak etmək təklif olunmayıb – Fərhad Bədəlbəyli

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2010 18:54 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinə ATƏT-in qiymətləndirici missiyasında iştirak etmək hələ ki təklif olunmayıb. Bu barədə çərşənbə günü Trend-ə icma nümayəndəsi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinə ATƏT-in qiymətləndirici missiyasında iştirak etmək təklif olunmayıb – Fərhad Bədəlbəyli

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.Tariverdiyeva/

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinə ATƏT-in qiymətləndirici missiyasında iştirak etmək hələ ki təklif olunmayıb. Bu barədə çərşənbə günü Trend-ə icma nümayəndəsi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

"Biz sonuncu dəfə sentyabrda Anji Kaspşiklə [ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi] danışan zaman o, şəxsən özü mənə Dağlıq Qarabağın azərbaycanlı icmasının ATƏT-in qiymətləndirici missiyasının tərkibinə daxil ediləcəyinə söz vermişdi, lakin bununla belə, dəvət gəlmədi", - Bədəlbəyli bildirib.

Onun sözlərinə görə, çox güman ki, burada belə ziyarətlərin, xüsusilə, bu ərazilərdə yaşamış və Qubadlı, Ağdam, Zəngilan, Füzuli və ermənilərin işğal etdikləri digər rayonlarda öz evlərinin vəziyyətini yoxlayacaq insanların səfərinin qəti əleyhinə olan ABŞ tərəfi rol oynayıb.

"Biz qəti şəkildə tələb etdik ki, bizə öz torpaqlarımıza baxmağa imkan versinlər. Çünki söhbət Dağlıq Qarabağdan deyil, onun ətrafında işğal olunan ərazilərdən gedir", - o qeyd edib.

Bədəlbəylinin sözlərinə görə, qiymətləndirici missiya işğal olunmuş ərazilərdəki vəziyyətə münasibətdə heç olmasa 50 faiz obyektiv olsa, bunun Azərbaycan üçün müsbət nəticəsi olacaq.

Onun sözlərinə görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının ATƏT-in Minsk qrupunun həmsədrləri ilə son görüşü kifayət qədər kəskin olub.

"Son vaxtlar insanların əsəbləri artıq tab gətirmir və danışıqlar prosesinin axını təəssüf ki, cəmiyyətin radikallığına xidmət edir", - o vurğulayıb.

Bədəlbəylinin fikincə, Almatıdakı sammit Dağlıq Qarabağ üzrə danışıqlar prosesinə yeni heç nə gətirməyəcəyi təqdirdə, ATƏT-in Minsk qrupu danışıq aparanlar funksiyasını digər beynəlxalq institutlara verməklə, istefaya getməlidir.

"Biz çox təmkinli xalqıq, lakin 17 il danışıqlarda irəliləyiş üçün kifayət qədər çoxdur", - o hesab edir.

Bədəlbəylinin sözlərinə görə, Almatıdakı sammit Dağlıq Qarabağla bağlı danışıqlar üçün nəticəsiz olarsa, bu məsələ yubanmadan BMT Baş Assambleyasına çıxarılmalıdır.

Minsk qrupunun sentyabrın 25-də yaydığı bəyanata görə, oktyabrın birinci yarısında ATƏT-in qiymətləndirici missiyası Azərbaycanın işğal altında olan ərazilərinə səfər edəcək.

Bəyanatda bildirilir ki, BMT-nin Cenevrə və Nyu-Yorkdakı nümayəndələri ilə yaratdıqları ilkin əlaqələrə əsaslanaraq, həmsədrlər BMT-nin İnkişaf Proqramına və Qaçqınlar üzrə Ali Komissarlığına missiyada iştirak etmək xahişi ilə rəsmi müraciət ediblər.

Azərbaycanın təşəbbüsü ilə ATƏT-in qiymətləndirici missiyası hazırda Azərbaycanın işğal altında olan ərazilərindəki vəziyyəti öyrənir. Minsk qrupunun həmsədrləri son səfərləri zamanı bu ərazilərə gəliblər və vəziyyətlə tanış olublar. Vasitəçilərin işğal edilmiş ərazilərdəki vəziyyətlə bağlı hesabat hazırlayacaqları gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və ətraf rayonların işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti