...

ATƏT-in Minsk qrupunu hər hansı qurumla əvəzləsələr...

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2016 22:09 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun açıq şəkildə ermənipərəst mövqedən çıxış etməsindən sonra rəsmi Bakı açıq şəkildə bu quruma etimadsızlığını ifadə etdi.
ATƏT-in Minsk qrupunu hər hansı qurumla əvəzləsələr...

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Minsk qrupunun açıq şəkildə ermənipərəst mövqedən çıxış etməsindən sonra rəsmi Bakı açıq şəkildə bu quruma etimadsızlığını ifadə etdi. Bunu Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, erməni tərəfinin həmsədrlərin növbəti "turist" səfərinin anonsunu verməsinə baxmayaraq, Azərbaycan rəsmiləri diplomatları gözləmədiklərini vurğulayıblar.

Politoloq hesab edir ki, bölgədə böyük maraqları olan nüfuzlu beynəlxalq təşkilatın münaqişə ocaqlarının söndürülməsi işinə başlaması ehtimalı var.

Onun fikrincə, ATƏT-in Minsk qrupunu hər hansı bir qurumla, hətta Avropa İttifaqı ilə də əvəzləsələr, bu məsələ müsbət həllini tapmayacaq: "Çünki burada bir neçə məqam var: birincisi, bu gün ATƏT-in Minsk qrupu BMT-nin mandatına uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Təsəvvür edin ki, bu gün heç BMT-nin özü işğal olunmuş rayonların qeyd-şərtsiz boşaldılması ilə bağlı qəbul etdiyi dörd qətnaməni icra edə bilmir. İkincisi, BMT Təhlükəsizlik Şurasının beş üzvündən üçü - Çin və Böyük Britaniyadan başqa - ATƏT-in Minsk qrupunda təmsil olunur. Buna baxmayaraq, yenə də deklarativ çıxışlardan başqa irəliyə bir addım belə atılmayıb. Yəni təkcə Avropada söz sahibləri deyil, bütün dünya dolayı yolla münaqişənin tənzimlənməsi ilə məşğul olur. Lakin Ermənistanın xeyrinə olaraq status-kvo saxlanmaqdadır".

A.Nağıyev vurğulayıb ki, bu gün bəzi meqalayihələrin həlli regionla bağlı olduğu üçün bir sıra təşkilatlar artıq bu məsələnin həllinə önəm verməyə çalışır: "Bizim üçün əsas şərt ilk növbədə ərazi bütövlüyümüzdür. Buna görə də Paris və Madrid prinsipləri var. Ən önəmli məsələlərdən biri də dini məsələdir. Fikir verin, bu gün artıq uzun zaman kəsiyində bir-biri ilə az qala düşmən mövqeyində olan dünya katolik kilsəsinin və Rusiya xristianlarının rəhbərləri görüşmək və dostluq münasibəti qurmaq qərarına gəliblər. Məzhəb ayrılığını ortaya salan Qərb artıq bu varianta da əl atır".

Politoloq bildirib ki, bu gün Qərb Azərbaycanla münasibətlərin istiləşməsi istiqamətində addımlar atır: "Buna bariz nümunə kimi dövlət başçımız İlham Əliyevin Londona dəvət edilməsini və orada Dağlıq Qarabağla bağlı mühüm çıxışını göstərmək olar. Yəni bu, yeni bir mərhələnin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bütün bunlara baxmayaraq, regionda maraqlı olan supergüclərin, o cümlədən ABŞ və Rusiyanın rəyi mütləqdir. Yəni tək Ermənistana mövqe nümayiş etdirməyə qalsaydı, məsələ istənilən formada həllini tapardı. Bu günsə nüfuz davası getdiyi üçün güclü siyasətlə yanaşı, güclü ordu və qələbə əzmi də əsasdır".

Onun sözlərinə görə, belə görünür ki, Avropa İttifaqı da Qarabağ münaqişəsinin tənzimlənməsinə qoşulmasının qarşılığında rəsmi Bakıdan və İrəvandan assosiativ sazişə imza atmasını istəyir: "Bu isə Rusiya təhdidlərinin fonunda kifayət qədər problemli görünür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti