...

Müxalifət qurumu televiziya kanallarına müraciət edib

Siyasət Materials 22 Aprel 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir C.Babayeva/ Demokratik Seçki Mərkəzi (DSM) mayın 12-nə planlaşdırdığı mitinqin məram və məqsədlərini geniş ictimaiyyətə çatdırmaq məqsədilə DSM üzvlərinə efir vaxtının ayrılması ilə bağlı Azərbaycanın beş - "ANS", "Lider", "ATV", "Space" və "İTV" televiziya kanalına müraciət edib. Bu barədə çərşənbə axşamı Trend -a DSM-də təmsil olunan Təkamül Partiyasının sədri Teyyub Qəni məlumat verib.

Yanvarın 30-da doqquz müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyaları Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

12 may - Bişkək sazişinin imzalanmasının ildönümü günü Bakının mərkəzi hissəsində keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycan ordusunda radikal islahatların aparılması və rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdüyü öhdəlikdən imtina etməsi tələbləri səsləndiriləcək.

1994-cü il 12 mayda Bişkək şəhərində imzalanmış saziş əsasında Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimi tətbiq olunub və o vaxtdan indiyədək bu rejim davam edir.

DSM bazar ertəsi Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalara və xalqa müraciət edərək onları 12 may mitinqinə dəvət edib.

Qəninin sözlərinə görə, DSM mitinqin keçirilməsinə yerin ayrılması üçün çərşənbə axşamı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

"BŞİH-nə təqdim etdiyi müraciətdə DSM mitinqin keçirilməsi üçün Bakının beş mərkəzi meydanını - Dənizkənarı Milli Park, Nəriman Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Elmlər Akademiyasının bağı və Cəfər Cabbarlı meydanını təklif edib", deyə Qəni bildirib.

DSM-də təmsil olunan Açıq Cəmiyyət və Yaşıllar Partiyası mitinqdə iştirak etməyəcək. Bu iki partiya hesab edir ki, DSM yalnız seçki məsələləri ilə əlaqədar tədbirlər keçirməlidir və onlar mitinqin tələbləri ilə razılaşmırlar.

Xəbər lenti

Xəbər lenti