...

MDB-nin müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkisində bütün seçki dairələrini əhatə edəcək – MDB-nin icraçı katibi

Siyasət Materials 11 Sentyabr 2008 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir R.Novruzov/ MDB-nin müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərində bütün seçki dairələrini əhatə etmək niyyətindədir.

"Müşahidə elə formada həyata keçiriləcək ki, o, 125 seçki dairəsini əhatə edəcək. MDB missiyasının tərkibinə 250-300 uzunmüddətli və qısamüddətli müşahidəçi daxil olacaq", - deyə cümə axşamı Trend -a Moskvadan telefonla MDB-nin icraçı katibi Sergey Lebedyev bildirib.

Azərbaycanda prezident seçkiləri oktaybrın 15-nə təyin olunub.

Sentyabrın 16-da Bakıda MDB-nin müşahidəçilər missiyası qərərgahının açılışı və fəaliyyətə başlaması planlaşdırılır. Lebedyev bildirib ki, missiyanın qərərgah şöbələrinin Gəncə, Lənkəran, Naxçıvan və Xaçmazda fəaliyyət göstərəcəyi güman olunur.

MDB-nin missiyası Azərbaycan XİN-in dəvəti ilə ölkədə prezident seçkisini müşahidə etmək üçün Azərbaycana göndəriləcək.

Lebedyevin sözlərinə görə, MDB müşahidəçilər missiyasının tərkibi Birlik dövlətlərindən müşahidəçilərin cəlb edilməsi hesabına təmin ediləcək. "Biz MDB dövlətlərinə dəvət göndərmişik. Missiyanın tərkibinə Rusiya Federasiyasının regionları, MDB dövlətlərinin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya İttifaqının Parlament Məclisi, həmçinin MDB dövlətlərinin Azərbaycandakı səfirliklərinin əməkdaşları müşahidəçi qismində daxil olacaqlar.

MDB icraçı katibinin sözlərinə görə, müşahidəçilər dairə seçki komissiyalarına baş çəkəcək, kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar, həmçinin prezidentliyə namizədlərin fəaliyyətinin telekanallar tərəfindən işıqlandırılması üzrə monitorinqlər keçirəcək, seçki qanunvericiliyinin ekspertizasını aparacaq, səlahiyyətlərinə seçki prosesi zamanı qanun pozuntuları ilə bağlı şikayət və ərizələrə baxmaq daxil olan orqanların rəhbərləri ilə görüşlər keçirəcəklər. Seçkilərdən sonra, yəni oktyabrın 16-da MDB missiyasının rəhbəri seçkilərin müşahidəsinin yekunu üzrə Bəyannamə ilə çıxış edəcək.

Azərbaycan MSK-sı dövlət rəhbəri postuna beş iddiaçının namizədliyini artıq qeydiyyata alıb. Bunlar Yeni Azərbaycan Partiyasının təmsilçisi, ölkə prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti