...

Azərbaycanın müxalif partiyaları fəaliyyət proqramlarını açıqlayıblar

Siyasət Materials 10 Noyabr 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr / Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalif Liberal Partiyasının 2009 - cu il üçün fəaliyyət proqramı "Azadlıq" bloku çərçivəsində olacaq.

"Bizim əsas məqsədimiz Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilməsidir. Azərbaycanı parlament respublikasına çevirmək istəiyrik", - bazar ertəsi Trend - a "Azadlıq" blokunda təmsil olunan Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan bildirib.

Trend - un arayışı: ALP sabiq Dövlət Katibi Lalə Şövkətin rəhbərliyi ilə 1995 - ci ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. Lalə Şövkət 2003 - cü il prezident seçkisi ərəfəsində partiyanın sədri vəzifəsindən istefa verib. Sədr səlahiyyətlərini müavini Əvəz Temirxan icra edir.

Lalə Şövkət 1993 - cü ilin iyulundan 1994 - cü ilin yazınadək Dövlət kaTibi olub.

Onun sözlərinə görə, proporsional seçki sisteminin bərpa olunması və deputatların sayının artırılması da "Azadlıq" blokunun əsas fəaliyyəti kimi nəzərdə tutulacaq: "Biz proporsional sistemin 2009 - cu ildə keçiriləcək bələdiyyə seçkilərində tətbiq olunmasını da arzulayırıq", - Temirxan deyib.

"2009 - cu ildə əsas fəaliyyətimiz bələdiyyə seçkilərində partiyanın yerli təşkilatlarının mobil şəkildə iştirakına nail olmaqdır", - bazar ertəsi Trend - a müxalif Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin müavini Yaqub Abbasov bildirib.

Trend - un arayışı: Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007- ci ilin aprelində təsis olunub. Partiyanin lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007- ci ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarlari etiraz olaraq ADP- dən imtina edib, Açıq Cəmiyyət Partiyasını yaradıblar. ACP 2008 - ci il oktyabrın 15- də keçirilən prezident seçkisində iştirak etməmək barədə qərar qəbul etsə də, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyib.

Abbasovun sözlərinə görə, 2010 - cu il parlament seçkilərinə hazırlığa da xüsusi yer ayıracaqlar.

"2009 - cu ildə indiki siyasi reallıqlara uyğun olaraq, müxalif siyasi hərəkatların əməkdaşlığı perspektivləri ətrafında ciddi fəaliyyət göstərmək istəyirik. Biz ümummilli problemlərin həllində müxalifətin gələn il eyni mövqedən çıxış etməsinin tərəfdarıyıq", - ACP funksioneri vurğulayıb.

Sədr müavini partiyanın 2009 - cu ildəki fəaliyyət proqramında müxalif hərəkatlarla birgə kütləvi aksiyaların keçirilməsinin də nəzərdə tutulacağını istisna etməyib: "ACP - nin əsas vəzifəsi regionda baş verən proseslərə uyğun hərəkət etməkdir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan hakimiyyətinin mövqeyini dəstəkləmək müxalifətin fəaliyyətində hər şeydən irəlidə olmalıdır", - Abbasov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti