...

İndi Azərbaycanda böyük sənayeləşmə siyasəti aparılır - Prezident İlham Əliyev

Siyasət Materials 19 Mart 2010 23:34 (UTC +04:00)
Gözəl bayram ərəfəsində Azərbaycanda nəhəng sənaye obyektinin təməl daşının qoyulması xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki bu hadisə bir də onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edir. Bu barədə cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq gəmiqayırma zavodunun təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
İndi Azərbaycanda böyük sənayeləşmə siyasəti aparılır - Prezident İlham Əliyev

Gözəl bayram ərəfəsində Azərbaycanda nəhəng sənaye obyektinin təməl daşının qoyulması xüsusilə böyük əhəmiyyət daşıyır. Çünki bu hadisə bir də onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edir. Bu barədə cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq gəmiqayırma zavodunun təməlqoyma mərasimində çıxışı zamanı bildirib. Məlumatı Azərtac Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycanda ölkəmizin inkişafı üçün bütün lazımi tədbirlər görülür. Baxmayaraq ki, 2009-cu il dünya tarixində böhran ili kimi qalacaqdır. 2010-cu ildə də, deyə bilərəm ki, dünyada böhranlı vəziyyət hələ tam aradan qaldırılmayıb. Bu gün Bakıda, Azərbaycanda 100 milyon dollarla ölçülən böyük investisiya layihəsi başlayır. Bu, doğrudan da böyük əhəmiyyətə malik olan hadisədir. İlk növbədə onu göstərir ki, Azərbaycanda inkişaf sürətlə davam edir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Eyni zamanda, bizim siyasətimizin nəticəsi olan bu zavodun tikintisi sənaye imkanlarımızı daha da gücləndirəcəkdir. Biz indi Azərbaycanda böyük sənayeləşmə siyasətini aparırıq. Bu proses uğurla gedir. Bakıda, digər şəhər və rayonlarımızda nəhəng infrastruktur layihələri icra edilir. Bir müddət bundan əvvəl Qaradağ rayonunda böyük sement zavodunun təməl daşı qoyulmuşdur, bu gün gəmiqayırma zavodunun təməl daşı qoyulur. Bir sözlə, bu zavod ölkəmizin iqtisadi və sənaye potensialının gücləndirilməsi üçün çox mühüm rol oynayacaqdır", - İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, zavodun tikintisinə böyük ehtiyac vardır.

"Bu gün bizim tələbatımız artır. Azərbaycanda kifayət qədər böyük donanma mövcuddur. Dövlət Neft Şirkətinin və Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin ümumi sayı haradasa 350 təşkil edir. Onların təmirinə böyük ehtiyac vardır. Eyni zamanda, bu gün biz xaricdən gəmilər və tankerlər alırıq. Təkcə son 6 il ərzində Xəzər Dəniz Gəmiçiliyi 10 tanker, bir neçə quru yük gəmisi və bərələr almışdır. Bunu biz xaricdən almışdıq. Ona görə ki, Azərbaycanda gəmi istehsal etmək üçün imkanlar yox idi. Bundan sonra isə Azərbaycanın tələbatını ödəyə biləcək bütün növ gəmilər ölkəmizdə istehsal olunacaqdır. Eyni zamanda, ixrac potensialımızın gücləndirilməsi üçün də zavodun böyük əhəmiyyəti olacaqdır. Mən ümid edirəm ki, bax bu gün göstərilən bu təqdimatda nəzərdə tutulmuş bütün vəzifələr uğurla və vaxtında icra olunacaq, iki il ərzində zavod öz fəaliyyətinə başlayacaqdır və biz Azərbaycanda rəqabətqabiliyyətli, gözəl, müasir məhsulun istehsalına nail olacağıq. Zavodda ən qabaqcıl, ən müasir texnologiyalar tətbiq ediləcəkdir", dövlət başçısı qeyd edib.

İlham Əliyev deyib ki, zavodun tikintisi, ümumiyyətlə Azərbaycanda aparılan iqtisadi siyasətin nəticəsidir.

"Qeyri-neft sektorunun inkişafı bizim üçün prioritet məna daşıyır. Xarici şirkətlərlə əməkdaşlığımız uğurla davam edir. Bu əməkdaşlığın güclənməsində Dövlət Neft Şirkətinin böyük rolu vardır. Çünki bizim böyük xarici şirkətlərlə əməkdaşlığımız məhz neft sənayesindən başlamışdır və bu gün bu əməkdaşlıq başqa sahələri də əhatə edir", - o bildirib.

Zavodun tikintisi beynəlxalq əməkdaşlığın nəticəsidir.

"Zavodun əsas səhmdarları Azərbaycan şirkətləridir. Azərbaycan Dövlət Neft Şirkəti zavodun payının 65 faizinə malikdir. Azərbaycan Dövlət İnvestisiya Şirkətinin payı 25 faizdir və beynəlxalq şirkətin - "Keppel" şirkətinin payı 10 faizdir. Beləliklə, bu beynəlxalq əməkdaşlıq əminəm ki, Azərbaycanda yeni, gözəl, müasir sənaye obyektinin yaranmasına gətirib çıxaracaqdır. Mən "Keppel" şirkətinin fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. Bu gün bizimlə bərabər Sinqapurun xarici işlər naziri də bu mərasimdə iştirak edir. Mən onu bir daha salamlayıram", - Prezident İlham Əliyev deyib.

Onun sözlərinə görə, "Keppel" şirkəti 10 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu fəaliyyət çox uğurludur. Bu fəaliyyət nəticəsində Azərbaycanın neft-qaz potensialının tam şəkildə işə salınması üçün çox lazımi infrastruktur qurğuları yaradılıbdır.

"Bu zavodun tikintisi isə "Keppel"lə Neft Şirkəti arasında əməkdaşlığın yeni mərhələsidir. Biz çox şadıq ki, dünyanın aparıcı beynəlxalq şirkətləri Azərbaycana sərmayə qoyurlar, eyni zamanda, Azərbaycanda podratçı kimi də fəaliyyət göstərirlər. Bu, bizim imkanlarımızı daha da genişləndirəcəkdir", - İlham Əliyev bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan Dövlət Neft Şirkəti, öz növbəsində, artıq beynəlxalq şirkətə çevrilibdir. "Şirkətin çox böyük potensialı var, böyük infrastruktura malikdir. Azərbaycanda neft-qaz hasilatı ildən-ilə artır. Neft-qaz potensialımızı tam şəkildə realizə etmək üçün bütün infrastruktur layihələri vaxtında icra edilir. Neft-qaz kəmərləri tikilibdir və bu gün Azərbaycan neft-qaz ixracatını şaxələndirilmiş formada həyata keçirir. Bu, əlbəttə ki, imkanlarımızı daha da gücləndirir. Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq fəaliyyətdə də özünü artıq göstərib. Xaricə böyük həcmdə sərmayələrin qoyulması neft şirkətimizi beynəlxalq şirkət kimi də dünyaya təqdim edir. Bu gün dünyanın aparıcı enerji şirkətləri sırasına daxil olmuş Azərbaycan Dövlət Neft Şirkəti əminəm ki, gələcəkdə də öz imkanlarını genişləndirəcək, ölkəmiz üçün lazım olan yeni layihələri uğurla icra edəcəkdir. Əhalini təbii qazla təmin etmək üçün öz imkanlarını daha da artıracaqdır. Çünki bizim enerji təhlükəsizliyimizin mənbəyi Dövlət Neft Şirkətinin hasil etdiyi təbii resurslardır. Əlbəttə ki, bu resurslar ondan sonra elektrik enerjisinə çevrilir, ondan sonra qaz təminatı təmin olunur. Ancaq ilkin mənbə Neft Şirkətinin fəaliyyətidir və əminəm ki, Azərbaycan neftçiləri həmişə olduğu kimi, bu sahədə də öz peşəkarlığını göstərəcəklər. Bu sahə birbaşa neft-qaz əməliyyatları ilə bağlı olmasa belə, yenə də bu zavodun fəaliyyəti Azərbaycanda neft-qaz sənayesinin inkişafına böyük təkan verəcəkdir", dövlət başçısı qeyd edib.

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinə gəldikdə isə, bu şirkət nisbətən bu yaxınlarda yaradılmışdır. "Şirkətin əsas məqsədi yerli və xarici investisiyaları Azərbaycan üçün vacib olan sahələrə cəlb etməkdir. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məqsədlə yaradılmışdır. Bu vaxta qədər şirkət tərəfindən həyata keçirilən layihələr uğurlu olmuşdur. Bu layihələr bizə lazım olan sahələrə investisiyaların cəlb olunması işində çox mühüm rol oynayır. Bu zavodun tikintisi, eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyəti hesabına baş verir. Çünki şirkətin əsas vəzifəsi xaricdən investisiyaları cəlb etmək, investisiya layihələrində ilkin mərhələdə səhmdar kimi iştirak etmək və eyni zamanda, yerli şirkətləri də bizim üçün lazım olan böyük layihələrə cəlb etməkdir. Tikiləcək bu zavodun timsalında biz bütün bu amilləri görürük. Bu, bir daha onu göstərir ki, Azərbaycan İnvestisiya Şirkətinin yaradılması çox düzgün və vaxtında atılmış addım idi. Bu qərar və onun icrası artıq gözəl nəticələrə gətirib çıxarır", - Prezident qeyd edib.  

Prezidentin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının bütün sahələri, o cümlədən nəqliyyat sektoru da inkişaf edir. "Nəqliyyat sektorunda çox böyük nailiyyətlər vardır. Nəqliyyatın bütün növləri üzrə konkret layihələr, proqramlar vardır və onlar icra edilir. Bütün bölgələrdə avtomobil yolları tikilir, avtonəqliyyat sistemi yaxşılaşdırılır. Metro tikintisi Azərbaycanda son illərdə sürətlə gedir. Son illərdə ildə bir yeni stansiya istismara verilir və hazırda Bakıda bir neçə istiqamətdə işlər aparılır. Dəmir yolunun modernləşməsi istiqamətində konkret addımlar atılır. Beynəlxalq maliyyə qurumları ilə məsələlər həll olunub və dəmir yolunun modernləşməsi prosesi Azərbaycanda sürətlə gedəcəkdir. Ölkəmizdə hava nəqliyyatının inkişafı üçün kifayət qədər şərait yaradılıbdır. Son illərdə bir neçə şəhərdə müasir beynəlxalq aeroportlar tikilibdir. Yeni müasir təyyarələr, helikopterlər alınır. Dəniz nəqliyyatının inkişafı üçün praktiki işlər aparılır. Bu yaxınlarda Zığda yeni dəniz limanının açılışında iştirak edirdik. Bu, bizə imkan verəcək ki, bu sahədə də müasir standartlara çataq. Eyni zamanda, hazırda Bakının mərkəzində fəaliyyət göstərən dəniz limanı köçürüləcək, bu sahə sakinlərin sərəncamına veriləcək və Bakımız daha da gözəlləşəcəkdir", - Azərbaycan Prezidenti bildirib

Dövlət başçısı qeyd edib ki, son illərdə 10 tanker alınıbdır. "Bu gün biz Xəzərdə yükdaşıma sahəsində aparıcı ölkəyik. Bizdə, haradasa, 350-yə yaxın gəmi vardır və bu zavodun tikintisi bu sahəni daha da gücləndirəcəkdir. Bir sözlə, hər bir ölkənin inkişafı üçün vacib olan nəqliyyat infrastrukturu Azərbaycanda dünya standartlarına bəzi hallarda tam uyğundur, bəzi hallarda yaxındır. O hallarda hələ ki, yaxın deyil, biz onu da yaxınlaşdıracağıq və buna nail olacağıq", - Prezident İlham Əliyev deyib.

"Mən bu gözəl gündə, bayram ərəfəsində Azərbaycan iqtisadiyyatına böyük təkan verə biləcək və Azərbaycanda yeni sənaye sahəsinin açılmasına xidmət göstərəcək zavodun təməl daşının qoyulması münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, zavodun tikintisi zamanı işləyən bütün insanlara uğurlar arzulayıram. Arzu edirəm ki, zavod qısa müddət ərzində, vaxtında və böyük keyfiyyətlə tikilsin və Azərbaycana uzun illər bundan sonra xidmət göstərsin.
Qarşıdan gələn bayramınız mübarək olsun!", - İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti