...

ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatı Azərbaycan diplomatiyasının böyük uğurudur – Aleksey Vlasov

Siyasət Materials 6 İyul 2010 11:00 (UTC +04:00)
Trend-in Moskva Dövlət Universitetinin Tarix fakultəsinin dekan müavini, "Vestnik Kavkaza" internet-portalının baş redaktoru, Trend-in Ekspertlər Şurasının üzvü Aleksey Vlasovla xüsusi olaraq "Yeni Azərbaycan" qəzeti üçün müsahibəsi
ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatı Azərbaycan diplomatiyasının böyük uğurudur – Aleksey Vlasov

Trend-in Moskva Dövlət Universitetinin Tarix fakultəsinin dekan müavini, "Vestnik Kavkaza" internet-portalının baş redaktoru, Trend-in Ekspertlər Şurasının üzvü Aleksey Vlasovla xüsusi olaraq "Yeni Azərbaycan" qəzeti üçün müsahibəsi

- Füzuli və Kəlbəcər rayonlarının tezliklə işğaldan azad olunması ilə bağlı fikirlər nə dərəcədə əsaslıdır? ABŞ qoşunlarının Füzulidə, rus qoşunlarının isə Kəlbəcərdə yerləşdirilməsi ilə bağlı ehtimallara münasibətiniz necədir?

- Hesab edirəm ki, yaxın vaxtlarda iki rayonun məsələsi həll olunacaq. Yaxın vaxtlar dedikdə, mən 2010-2011-ci illəri nəzərdə tuturam. Buna məni ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin üç prezidentinin Toronto sammitində verdikləri bəyanat inandırır.

Lakin münaqişə zonasında sülhməramlıların yerləşdiriləcəyini düşünmürəm, çünki nə Azərbaycan, nə də Ermənistan kontingentin hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, onların Dağlıq Qarabağ ərazilərinə gəlib çıxmalarında maraqlı deyillər. 1994-cü il atəşkəs haqqında sazişin imzalandığı andan Dağlıq Qarabağ münaqişəsinin xüsusiyyəti ondan ibarətdir ki, Dnestryanı və ya Cənubi Osetiya və Abxaziyadan fərqli olaraq, orada sülhməramlı kontingent yerləşdirilməyib. Və qoşunların bölmə xəttində sülhməramlıların görünməsi prinsip etibarilə nə Bakının, nə də Yerevanın hazır olmadığı başqa bir vəziyyət yaradacaq, daha doğrusu, bu addımın nəticələrini hesablamaq mümkün deyil.

Qaçqınların köçürülməsindən sonra azərbaycanlı və erməni əhalinin təhlükəsizliyi məsələsi olacaq, çox ehtimal ki, buna ikitərəfli səviyyədə, yəni bilavasitə Ermənistanla Azərbaycan arasında baxılacaq. Bu çətin addımdır, lakin əgər razılaşma əldə olunarsa və saziş imzalanarsa, bu, iki rayonun qaytarılmasından daha güclü irəliləyiş olacaq.

- Siz prezidentlərin bəyanatını necə qiymətləndirirsiniz? Bu bəyanat Azərbaycan tərəfinin mövqelərinə nə dərəcədə uyğundur?

- Prezidentlərin Torontodakı G8 sammitində verdikləri bəyanatın 90 faizi Bakının mövqeyini əks etdirir və şübhəsiz ki, bu, Azərbaycan diplomatiyasının böyük uğurudur. Dağlıq Qarabağla bağlı xeyli sayda bəyanat və bəyannamələr imzalanıb. Lakin burada biz onu deyə bilərik ki, vasitəçilər nöqtə qoydular və nizamlanmanın parametrləri üzrə aydın və yekun mövqeni formalaşdırdılar. Bu baxımdan həmin sənəd irəliləyişdir.

İndi top Yerevan tərəfdədir və Serj Sarkisyanın reaksiyası bir çox amillərdən - təkcə Ermənistandaxili deyil, həm də ermənilərin dünya diasporu amilindən və Xankəndinin mövqeyindən asılı olacaq. Erməni xarici siyasi məsələsində bu subyektivlik mənə irəliləyişin Yerevan tərəfindən dəstəklənəcəyini əminliklə söyləməyə imkan vermir.

- Siz ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərini necə qiymətləndirirsiniz? Bu səfərin Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə dinamiklik verəcəyini gözləmək olarmı?

- Hillari Klintonun səfəri o baxımdan vacibdir ki, dövlət katibi ABŞ-ın o mövqeyini təkrarladı ki, Azərbaycan rəhbərliyinin bunları eşitməsi vacib idi. Azərbaycana qarşı daha müsbət münasibətin möhkəmləndirilməsi də çox vacibdir. Dağlıq Qarabağla bağlı nə söyləmək mümkün idisə, onların hamısı prezidentlərin bəyanatında deyilib. Bundan sonra söhbət bu ideyaların reallaşdırılması mexanizmləri barədə gedə bilər. Lakin bu, mənə elə gəlir ki, bu səfərin formatına daxil deyildi. Görünür, bu məsələ başqa formada və başqa səviyyədə irəliyə aparılacaq. Ola bilsin ki, yaxın gələcəkdə bilavasitə iki tərəfin görüşündə reallaşdırma ilə bağlı konkret addımlar səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti