...

Məhv edilən tabular - Trend-in icmalçısı

Siyasət Materials 7 Sentyabr 2010 09:00 (UTC +04:00)
Məhv edilən tabular - Trend-in icmalçısı
Məhv edilən tabular - Trend-in icmalçısı

Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri Rufiz Hafizoğlu

Bir zamanlar xarici siyasətini "soyuq müharibə"yə kökləmiş Türkiyə, 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlişindən sonra, ölkənin xarici və daxili siyasətində əsaslı dəyişikliklərə nail oldu.

Dolayısı ilə artıq Ankara, hakim partiyanın simasında, kimlərinsə diktəsi ilə deyil, yalnız öz müstəqil və uğurlu siyasətini yürütməyə başladı.

Bəlkə də AKP hakimiyyətinin ən uğurlu addımı, özündən əvvəlki hökumətlərin bildiyi, lakin danışmağa cəsarət etmədiyi problemləri gündəmə gətirməsi və bu məsələləri geniş kütləyə çıxarması idi.

Bu məsələlərdən ən başlıcası, üzvləri yüksəkrütbəli hərbçilər və siyasi xadimlərdən ibarət olan "Ergenekon" adı altında fəaliyyət göstərən terror təşkilatının ifşa edilməsi idi ki, bir çoxu hakimiyyətin "ergenekonçu"larla apardığı amansız mübarizəni cümhuriyyət dəyərlərinin və Atatürk prinsiplərinin məhvi üçün edildiyini söyləyirdi.

Çünki təşkilat üzvləri həbsedilmə səbəblərinin, sadəcə, Atatürk və cümhuriyyət dəyərlərinə sahib olduqları üçün edildiyini irəli sürürdülər.

Dövlətin "Ergenekon"a qarşı apardığı mübarizədə tam uğur qazanmayacağını söyləyənlər tapılsa da, görülən tədbirlər, demək olar, öz bəhrəsini verdi.

Ordu ilə hakimiyyətin Ankara küçələrində apardığı gizli, lakin amansız döyüşdə AKP öz varlığını və gücünü isbat edə bildi. "Ergenekon"un hakimiyyətə qarşı hazırladığı gürz (balyoz) isə elə "Ergenekon"un özünə dəydi.

Bu, hakimiyyətin zəfərlərindən biri və demək olar ki, məhv etdiyi tabulardan ilki oldu.

Hakimiyyətin demokratik islahatlar çərçivəsində gördüyü işlərdən kürd, erməni, ələvi roman açılımları idi ki, erməni açılımı istisna olmaqla, digər layihələrin hamısı qismən də olsa uğurla nəticələnmişdi.

Maraqlıdır, görəsən, nə üçün daha əvvəlki hökumətlər ölkə daxilində həm kürd probleminin, həm də qonşu ərəb dövlətləri ilə problemlərin olduğunu bildikləri halda, onları həll etmək iqtidarında deyildilər.

Səbəblərə gəlincə, bunlardan biri, AKP-dən fərqli olaraq, əvvəlki hökumətlərin kürd və PKK terminlərini bir çox hallarda eyniləşdirməsi idi ki, bu da, özünü kürdlərin müdafiəçisi kimi qələmə verən PKK terror təşkilatının mövqeyinə xidmət edirdi.

Təbii ki, bu fakt AKP hakimiyyətinin diqqətindən qaça bilməzdi, Ərdoğan bu faktdan məharətlə faydalandı, PKK və kürd terminlərini siyasi müstəvidə bir-birindən ayırdı.

Demokratik açılım planının davam etdirilməsində diqqətdən qaçan bir məqam da var ki,  bu da hakimiyyətin İslam prinsiplərinə önəm verməsidir.

Çünki regiondakı kürd və türkləri birləşdirən ən güclü faktor islam faktorudur.

İslam amilinin türk-kürd münasibətlərinə qaytarılması və məsələyə bir çox hallarda məhz bu prizmadan yaxınlaşma isə mövcud problemin həlli istiqamətində öz bəhrəsini verə bilər.

Siyasi proseslərin tez inkişaf etdiyi və bir-birini əvəz etdiyi Türkiyədə, demokratik açılım çərçivəsində kürd probleminin sonradan arxa plana keçməsinə bariz nümunə isə, ölkənin Milli İstixbarat Təşkilatına (MİT) ölkə daxilində deyil, onun hüdudları kənarında əməliyyatların keçirilməsində yetərincə ciddi təcrübəyə sahib olan Hakan Fidanın gəlməsi göstərilə bilər.

Hətta Baş nazir Ərdoğan Hakan Fidanın təyin edilməsindən sonra verdiyi açıqlamada, türk kəşfiyyatı üçün bundan sonra prioritetin ölkədaxili deyil, ölkəxarici olacağını bildirdi.

Hakan Fidanın MİT-ə başçı olaraq təyin edilməsi isə onsuz da gərgin olan Türkiyə - İsrail münasibətlərinə təsirsiz ötüşmədi.

Davos, səfir qalmaqalı və "Azadlıq" donanmasından sonra, yeni bir qalmaqal da gündəmə gəldi ki, bu dəfə də İsrail rəsmiləri Hakan Fidanın iranpərəst olduğunu iddia edərək, iki ölkə xüsusi xidmət orqanı arasındakı gizli məlumatların İrana ötürülməsindən ehtiyatlandıqlarını bildirdilər.

Bu, İsrail tərəfindən sübut edilə bilməsə də, sözlərin sətiraltı mənası bundan ibarət idi ki, İsrail regionda öz kəşfiyyatına alternativ görmək istəmir.

Şübhəsiz, İsraillə yanaşı, regionun ərəb dövlətlərindən olan İordaniya, Misir və Səudiyyə Ərəbistanı da Ankaranın yürütdüyü xarici siyasətdən bir o qədər razı deyil.

Çünki gec-tez, Ankaranın demokratiya və insan haqları sahəsində apardığı islahatlar regionun bütün dövlətlərinə, o cümlədən, ərəb dövlətlərinə öz təsirini göstərəcək.

Sadalanan dövlətlərin liderləri çox gözəl başa düşürlər ki, Türkiyədən əsən demokratiya küləyi, onların hakimiyyətinin sonuna təkan verə bilər. Lakin Ankaranın demokratiya ixracı planının olub-olmaması hələ sual altındadır.

Hakimiyyətə gəldiyi gündən etibarən, bir çox şeylərə iddialı hakim partiyanın qarşısında qonşu dövlətlərə demokratiya ixracından daha ciddi və həyati əhəmiyyətli məsələ durur ki, bu da 12 sentyabrda ölkə konstitusiyasına ediləcək dəyişiklik haqqında keçiriləcək referendumdur.

Referendumun başqa vaxt deyil, məhz 12 sentyabrda keçirilməsi isə təsadüfi deyil. Bu, AKP-nin məhv etməyə çalışdığı növbəti tabulardan biridir. 30 il bundan əvvəl Türkiyə Ordusu ölkə konstitusiyasının orduya verdiyi səlahiyyətlərdən istifadə edərək, hakimiyyəti devirdi və siyasi partiyalar bağlanıldı. 1980-ci il dövlət çevrilişi Türkiyədə demokratiya və insan azadlığına ciddi zərbə oldu.

Bu gün Türkiyədə baş verən bir çox proses onu söyləməyə əsas verir ki, hakim partiya referendum seçkilərində konstitusiyaya dəyişiklik uğrunda mübarizədə qalib gələcək.

"Tabuları məhv etməyə gəldik!" şüarı ilə siyasi arenada olan AKP-ni qarşıda daha ciddi sınaq - 2011-ci ildə keçiriləcək Parlament seçkiləri gözləyir.

Parlament seçkilərindən sonra, AKP-nin hakimiyyətdə qalıb-qalmayacağını indidən söyləmək çətin olsa da, bəlli olan budur ki, hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq, Ankara xarici siyasətində dəyişiklik etməyəcək.

Xəbər lenti

Xəbər lenti