...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Küveytin Baş Naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 31 Oktyabr 2010 15:37 (UTC +04:00)
Oktyabr ayının 24-29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Hidayət Orucovun Küveyt Dövlətinə səfəri olmuşdur. Səfər zamanı Orucovu Küveytin Baş Naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul etdi.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Küveytin Baş Naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Oktyabr ayının 24-29-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Hidayət Orucovun Küveyt Dövlətinə səfəri olmuşdur. Səfər zamanı Orucovu Küveytin Baş Naziri Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah qəbul etdi. Bu barədə Trend-ə daxil olmuş Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin məlumatında bildirilib. 

Görüşdə Baş Nazir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Küveyt Dövlətinə və xalqına böyük rəğbət bəslədiyinin bildiyini və bütün Küveyt xalqının həmin münasibətə görə təşəkkür etdiyini, bunun dərin hörmət və ehtiramla qəbul etdiyini vurğuladı. 

Şeyx Nasir Əl-Məhəmməd Əl-Əhməd Əl-Sabah Azərbaycan Prezidenti İlham Əliyevin Küveyt Dövlətinə rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq təməlinin qorunub saxlanıldığını və inkişaf etdiyini böyük məmnunluqla dilə gətirdi. 

Baş Nazir Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın, vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Caber Əl-Sabahın və Baş Nazir olaraq şəxsən özünün Prezident İlham Əliyevə böyük hörmət və ehtiramını bəslədiklərini söyləyərək, Azərbaycanın sürətli inkişafına Küveyt xalqının da səmimi qəlbdən sevindiyini nəzərə çatdırdı. 

Baş Nazir Küveyt Hökumətinin Azərbaycan Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu xüsusi qeyd etdi. 

Şeyx Nasir Əl-Məhəmməd səmimi salamlarının, dərin hörmət və ehtiramının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etdi. 

Öz növbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri qəbul üçün Küveytin Baş Nazirinə təşəkkürünü bildirərək, Küveyt Dövlətinin Əmirinə, vəliəhdinə və Baş Nazirinə İlham Əliyevin salamlarını çatdırdı. 

Hidayət Orucov Azərbaycan ilə Küveyt arasında dostluq və qardaşlıq əlaqələrinin mövcudluğundan məmnuniyyətini dilə gətirdi. Azərbaycanla Küveyti bir çox amilin birləşdirdiyini, bunların arasında dini birliyin əhəmiyyətli rol oynadığını söyləyən Orucov Küveytdə keçirilən görüşlər zamanı iki ölkə arasında bu sahədə əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparıldığına xüsusi işarə etdi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İslam dünyası ilə, o cümlədən, Küveytlə sıx əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğuladı.

Habelə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki Azərbaycanın ədalətli mövqeyinin Küveyt tərəfindən dəstəklənildiyi üçün Baş Nazirə dərin təşəkkürünü izhar edən Orucov Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, hərbi təcavüzü, bunun nəticəsində bir milyondan artıq olan qaçqın və məcburi köçkünlərin ağır vəziyyəti, münaqişənin sülh yolu ilə aradan qaldırılması yollarının müəyyənləşdirilməsi üzrə həm iki tərəf arasında, həm də ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesi barəsində ətraflı məlumat verdi. 

Bu səfər zamanı Hidayət Orucovla Küveyt Dövləti Baş Nazirinin hüquq məsələləri üzrə müavini, Ədliyyə Naziri, Vəqflər və İslam İşləri Naziri cənab Raşid Abdel Mohsen Əl-Hamad, Nazirin din siyasəti üzrə müavini doktor Adel Fəllah, Küveytin Vəqflər üzrə Dövlət Komitəsinin Sədrinin səlahiyyətlərini müvəqqəti icra edən xanım İman Humeyda, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının İdarə Heyətinin Sədri cənab Abdullah Mətuq və həmin təşkilatın Baş Direktoru cənab Süleyman Şəmsəddin və eyni zamanda, Küveyt Millət Məclisinin (Parlament) Küveyt-Azərbaycan Dostluq Qrupunun Sədri cənab Vəlid Musaid Əl-Tabtabai arasında keçirilmiş görüşlərdə qurumlararası əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır. 

Həmçinin, səfər zamanı Orucov Küveytin "Elmi Mərkəzi"ndə olmuş, "Məscid-Əl Kəbir"i ziyarət etmiş və buranın fəaliyyəti ilə yaxından tanış olmuşdur. 

Eyni zamanda, səfər zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sədri Küveytin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. 

Orucov jurnalistlərə Azərbaycanda aparılan din azadlığı və tolerantlıq siyasəti barəsində ətraflı məlumat vermişdir. 

Görüş zamanı Hidayət Orucov Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində İslam dini, mədəniyyət və tarixi obyetklərinin dağıdıldığı bir zamanda Azərbaycan xalqının digər din və xalqlara mənsub dəyərlərin qorunub-saxlanıldığını müxbirlərin diqqətinə çatdırdı. 

Orucov dini etiqadın təmin olunması, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı, bilavasitə rəhbərliyi və nəzarəti ilə dini-tarixi məkanların, o cümlədən, məscidlərin təmir və bərpası prosesi barədə jurnalistləri məlumatlandırdı. 

Habelə, Orucov rəhbərlik etdiyi Dövlət Komitəsinin fəaliyyəti barəsində müfəssəl məlumat verdi. 

Hidayət Orucovun bu səfəri, səfər zamanı keçirilən bütün görüşlər Küveytin kütləvi informasiya vasitələrində, o cümlədən, aparıcı televiziya kanallarında (1-ci kanal və 2-ci kanal, "Ər-Rai" və "Əl-Vətən") geniş şəkildə işıqlandırılmışdır. Belə ki, səfər haqqında geniş materiallar nüfuzlu "Ər-Rai", "Əl-Qabas", "Əl-Vətən", "Əl-Vasat", "Ən-Nahar" və "Əş-Şəhid" qəzetlərində dərc olunmuşdur.

Xəbər lenti

Xəbər lenti