...

Qırğızıstanda Parlamentin buraxılması və yeni seçkilərin təyin olunması ehtimalı var – ekspert Leonid Qusev

Siyasət Materials 7 Dekabr 2010 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir V.Javoronkova/

Qırğızıstandakı "Respublika" parlament fraksiyasının lideri Ömərbek Babanov sonradan hökuməti formalaşdıracaq parlament koalisiyasını yaratmağa nail olmasa, Parlament buraxıla bilər ki, bu da yeni seçkilərin keçirilməsinə gətirib çıxarar. Mərkəzi Asiya ölkələri üzrə rusiyalı ekspert Leonid Qusev bu qənaətdədir.

"Əgər Babanov koalisiya, daha sonra isə hökumət yarada bilməsə, bu, Parlamentin buraxılması və yeni seçkilərin təyin olunmasına gətirib çıxara bilər", - Rusiya XİN MDBMİ-nin Beynəlxalq Tədqiqatlar İnstitutunun baş elmi əməkdaşı Leonid Qusev elektron poçtla Trend-ə bildirib.

Bu ilin aprelində sələfi Kurmanbek Bakıyevin devrilməsindən sonra Qırğızstan Prezidenti postunu tutan Roza Otunbayeva dekabrın 4-də "Respublika" parlament fraksiyasının lideri Ömərbek Babanova parlament çoxluğu koalisiyasının, daha sonra isə hökumətin formalaşdırılması üzrə mandat təqdim edib. Qırğızstanda yeni idarəetmə sisteminə keçid yeni hökumətin qəbul etdiyi və sonralar bu ilin yayında respublikada keçirilən referendum yolu ilə təsdiqlənən uyğun qərarın nəticəsidir.

İndi ölkə respublika qanunvericiliyinə görə, hökuməti formalaşdırmalı və baş naziri təyin etməli olan parlament koalisiyasının yaradılmasını gözləyir. Hökumətin formalaşdırılmasına dair ilk imkan QSDP parlament fraksiyasının lideri Almazbek Atambayevə verilmişdi. Lakin o, dekabrın 3-də fəaliyyətdə olan prezidentə hökuməti formalaşdırmaq cəhdlərini dayandırması barədə məlumat verib.

Qusevin fikrincə, əgər Parlament yenə də buraxılarsa, bu, Qırğızıstanın parlament respublikasına çevrilməsinə qarşı çıxan qüvvələrin nüfuzunu gücləndirə bilər.

"Parlamentin iflic olması və onun hökuməti formalaşdırmağa qadir olmaması parlament idarə üsuluna qarşı olan qüvvələrin mövqelərini gücləndirir", - Qusev bildirib.

Üç partiya - Sosial-demokrat, "Ata-mekan" və "Respublika" blokunu özündə birləşdirən hakim koalisiya spikerin namizədliyi ilə bağlı razılığa gələ bilməyərək, cəmi üç gün davam gətirdi və dağıldı.

Qusevin sözlərinə görə, süqutun əsas səbəbi alyans daxilindəki fikir ayrılığı oldu.

"Ona [süquta] görə əsas məsuliyyət "Respublika" partiyası təmsilçilərinin üzərinə düşür və əgər rəqəmlər barədə danışsaq, səsvermə zamanı potensial spiker Omurbek Tekebayevin lehinə lazım olan 61 əvəzinə 58, əleyhinə 59 deputat səs verdi", - ekspert bildirib.

Onun fikrincə, Mərkəzi Asiya respublikasında hökumətin formalaşması prosesinin nə ilə və nə vaxt başa çatacağı məlum deyil. "Qırğızıstanda yaxın vaxtlarda nə baş verəcəyini əminliklə heç kim deyə bilməz", - Qusev hesab edir.

Xəbər lenti

Xəbər lenti