...

Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı birləşmənin əleyhinədir - partiyanın keçmiş Məclis sədri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Dekabr 2010 15:32 (UTC +04:00)
Azərbaycanın müxalif Müsavat Partiyası hazırda kollaps vəziyyətindədir. Bunu cümə günü keçirdiyi mətbuat konfransında partiyanın Məclis sədrliyindən istefa verən Sülhəddin Əkbər deyib.
Azərbaycanın müxalif Müsavat Partiyasının başqanı birləşmənin əleyhinədir - partiyanın keçmiş Məclis sədri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: Beşinci abzasdan sonra sabiq partiya funksionerinin digər fikirləri əlavə olunub.

Azərbaycanın müxalif Müsavat Partiyası hazırda kollaps vəziyyətindədir. Bunu cümə günü keçirdiyi mətbuat konfransında partiyanın Məclis sədrliyindən istefa verən Sülhəddin Əkbər deyib.

"Azərbaycan Xalq Cəbhəsi Partiyası böhranı arxada qoyub. Müsavat və AXCP birləşməsə, Müsavat Partiyasında vəziyyət daha da pisləşəcək", - Əkbər əlavə edib.

Noyabrın 29-da Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər tutduğu vəzifədən, Divan üzvü İbrahim İbrahimli isə partiya sıralarından istefa verib. Əkbər bu hərəkətini partiyanın strateji kursu ilə razılaşmamağı ilə əlaqələndirib. İbrahim İbrahimli isə partiya rəhbərliyinin ona etimad göstərmədiyini əsas gətirərək partiya sıralarını tərk edib.

Hər iki siyasətçinin noyabrın 30-da yaydığı birgə bəyanatda qeyd olunub ki, istefa vermələrinə səbəb Müsavatın daxilində bəzi qüvvələrin AXCP-Müsavat birliyinə mane olmasıdır.

İyulun 15-də AXCP-nin yaranmasının 21 illiyinə həsr olunmuş tədbirdə Müsavat başqanı İsa Qəmbər Rəsulzadə-Elçibəy yolunda olan siyasi partiyaların birləşməsini təklif edib. Bu təklifə ilk reaksiya AXCP-dən gəlib. AXCP-nin sentyabrın 25-də keçirilən qurultayı zamanı Müsavat Partiyasına birləşmək haqqında qərar qəbul olunub.

Əkbər birliyin baş tutmayacağı halda baş verəcək hadisələrdən söz açıb.

"Bu birlik baş tutmamış, Müsavatdan artıq iki Divan üzvü gedib. Partiyaların birləşməyəcəyi halda Müsavatdan qopmaların olacağını düşünmək olar. Birləşmənin baş tutmayacağı halda ictimai gözləntilər mənfi işarəyə çevriləcək və ictimai qınaq əsasən Müsavat Partiyasına yönələcək. Müsavatın AXCP-nin ona uzatdığı əli qəbul etməyəcəyi halda pis nəticələr olacaq" - o, vurğulayıb.

Sabiq partiya funksioneri onu da bildirib ki, AXCP ilə Müsavatın birləşməsində bəzi adamlar şəxsi maraqlarını önə çəkərək bunun əleyhinə çıxış edirlər.

"Bəziləri düşünür ki, bu birləşmə baş tutacağı halda Əli Kərimli birləşmiş partiyanın sədri olacaq. Ona görə də, siyasi qısqanclıq nümayiş etdirirlər. İsa Qəmbər də başda olmaqla bütün Divan üzvləri bu iki partiyanın vahid təşkilatda birləşməsini istəmirlər. Bəziləri də düşünürlər ki, bu birləşmənin nəticəsi mexaniki olaraq "bir üstəgəl bir bərabərdir iki" olmayacaq. Nəticə ikidən az olacaq. Çünki partiyaların birləşəcəyi təqdirdə partiyalardan qopmalar da olacaq. Ancaq mən deyirəm ki, birləşmə olacağı təqdirdə nəticə ikidən də çox olacaq. Çünki digər təşkilatlar da bu birliyə qoşulmağa meyilli olacaqlar", - o, vurğulayıb.

Əkbərin sözlərinə görə, partiyadan istefa vermələrinin səbəbi Müsavat rəhbərliyinə ictimai təzyiqi artırmaqdır.

"Partiyanın Divanın sonuncu dəfə iştirak etdiyi iclasında bütün Divan üzvlərinin bu prosesə qarşı olduğunu gördüm. Mən və İbrahim İbrahimli hər bir Divan üzvünün, o cümlədən partiya sədrinin qərarını biləndən sonra bu qərara gəldik. Orada hamı birləşmə əleyhinə idi. Biz istefa edərək cəmiyyətə "SOS" siqnalı verdik. Vəziyyətin nə yerdə olduğunu, bunun nə nəticələr verəcəyini göstərmək və cəmiyyətin bu prosesə cəlb olunmasını istədik. Biz öz istefamızla bu prosesə mane olmağa cəhd edənlərə ictimaiyyətin təsir göstərməsinə çalışdıq" - Əkbər vurğulayıb.

Onun fikrincə, bu proses açıq və şəffaf aparılmalıdır ki, cəmiyyət bu prosesə mane olanları görsün.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. 1920-ci ilin aprelində Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyasının fəaliyyəti məhdudlaşıb və gizli fəaliyyət göstərməyə başlayıb.

1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib. Partiya ideologiyasının əsasında müsavatçılıq, türkçülük, müasirlik, liberallıq ideyaları dayanır. Siyasi sistemdə mövqeyi sağ-mərkəzçidir.

Xəbər lenti

Xəbər lenti