...

Əli Həsənov: Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 19 Oktyabr 2011 17:07 (UTC +04:00)
Azərbaycan mediası 20 il ərzində ölkənin digər sahələri ilə birlikdə inkişaf edib.
Əli Həsənov: Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur (ƏLAVƏ OLUNUB) (FOTO)

Əli Həsənovun çıxışı əlavə olunub (ilk xəbər saat 13:25-də yayılıb)

Azərbaycan, Gəncə, 19 oktyabr /Trend, müxbir A.Hacıyev/

Azərbaycan mediası 20 il ərzində ölkənin digər sahələri ilə birlikdə inkişaf edib. Trend-in məlumatına görə, bunu çərşənbə günü Gəncədə "Dövlət müstəqilliyimiz və media" mövzusunda keçirilən Ümumrespublika konfransında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisinin sözlərinə görə, bu illər ərzində Azərbaycanın müstəqil mətbuatı formalaşıb və bir ictimai institut kimi mövcuddur. Həsənovun sözlərinə görə, bu institutun özünütənzimləmə mexanizmi yaranıb.

Azərbaycan jurnalistlərinin seçkili orqanlarının formalaşdığını deyən Həsənovun sözlərinə görə, sevindirici haldır ki, dövlət mətbuat üzərindən bütün tənzimləmə mexanizmini götürüb.

Həsənovun sözlərinə görə, hazırkı medianın təməlini sovet dönəmində təhsil alan jurnalistlər qurub.

"Mən düşünürəm ki, keçmiş SSRİ tərkibində olan respublikaların həyatına baxanda, onlarla müqayisə edəndə alınan nəticələr postsovet məkanında Azərbaycan mətbuatının qabaqcıl yerlərdən birini tutduğunu deməyə əsas verir. Azərbaycanın mətbuat tarixi zəngin ənənəyə, tarixə malikdir. XIX əsrin ortalarında Azərbaycanın ilk ali təhsilli ziyalıları Vətənə qayıdandan sonra yavaş-yavaş ilk milli mətbuat nümunələri də yaratmağa başladılar. Hər halda günümüzə qədər gəlib çatan və o dövrdəki mətbuatın ilkin nümunəsini biz "Əkinçi" qəzetindən başlayırıq. Amma "Əkinçi"yə qədər də Azərbaycanda mətbuat yaratmağa təşəbbüslər olub. "Əkinçi" qəzetinin yaranmasına qədər jurnalistika sahəsində fəaliyyət göstərən ziyalılar mövcud idi. Bacardığı qədər öz ideyalarını, yazılarını əhali arasında yayırdılar və milli oyanışda iştirak edirdilər. Amma "Əkinçi"dən başlayan milli mətbuat tariximiz sonrakı dövrdə bizim bir milli cəmiyyət kimi formalaşmağımızda da mühüm rol oynamışdı", - Həsənov çıxışında deyib.

PA rəsmisi Azərbaycan mətbuat tarixinin təxminən 4 dövrə bölündüyünü deyib. Bunlar Xalq Cümhuriyyətinə qədərki dövr, Xalq Cümhuriyyətindəki mətbuat və ondan sonrakı Sovet dövründəki mətbuatdır.

"Bu 3 dövrü biz tam müstəqil Azərbaycan mətbuatı kimi dəyərləndirə bilmirik. Və nəhayət müasir dövrü dördüncü dövr kimi dəyərləndirə bilərik", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, müstəqillik dövrünün mətbuatı müəyyən problemlərlə başlandı. Media 1989-1993-cü illərdə kəskin qarşıdurma şəraitində, çox ciddi senzura şəraitində fəaliyyət göstərirdi.

"Mətbuata qarşı hər tərəfdən təxribatlar mövcud idi. Mətbuat orqanları ayrı-ayrı postsovet məkanındakı ideologiyaların, ayrı-ayrı dövlət maraqlarının təmsilçisi kimi Azərbaycanın milli birliyini pozurdu, vətəndaş cəmiyyəti dəyərlərinə ziddiyyət təşkil edən istiqamətlər mövcud idi. Azərbaycanda milli mətbuatın formalaşması prosesi təxminən 1998-ci ilə qədər davam etdi. Həmin ildə ümummilli liderimiz Heydər Əliyev Azərbaycan mediası üzərindən senzuranı ləğv edəndən, medianın inkişafı yolunda bütün maneələri aradan qaldırandan sonra qəzetlərin, jurnalların, jurnalistlərin, redaktorların əl-qolu açıldı. Faktiki olaraq bu gün Azərbaycanda elə sahəsi yoxdur ki, media oraya müdaxilə etməsin, mövcud olan hadisələrlə bağlı medianın məlumatı olmasın", - PA rəsmisi əlavə edib.

Həsənovun sözlərinə görə, Azərbaycan jurnalistləri sərbəst şəkildə istənilən dövlət, qeyri-dövlət, cəmiyyət və qurum haqqında informasiya toplamaq imkanına malikdirlər.

"Azərbaycan mətbuatı bu gün postsovet məkanının ən qabaqcıl nümunələrindən biridir və bunun təməlini ümummilli liderimiz Heydər Əliyev qoyub. Müasir Azərbaycan mediasında Heydər Əliyev media üzərində senzuranı ləğv edən dövlət başçısı kimi qaldı və Heydər Əliyevin dövründə Azərbaycan mediasına, jurnalistlərinə dövlət qayğısı başladı. Heydər Əliyevin dövründə Azərbaycan mediasına dövlət qayğısı siyasəti ortaya qoyuldu, media orqanlarının dövlətə olan borcları donduruldu. Media orqanlarının üzərindən bütün vergilər götürüldü. Media orqanların Azərbaycan cəmiyyətindəki fəaliyyəti üçün lazımi qayğı dövlət səviyyəsində təşkil olundu. Bu siyasət bu gün də davam edir. Bu gün Azərbaycan dövlətinin mətbuat siyasəti sözün əsl mənasında dünya dövlətləri sırasında özünəməxsus dəsti-xətti ilə seçilir", - Həsənov əlavə edib.

PA rəsmisi təsadüfi saymır ki, Azərbaycanın dövlət başçıları sırasında medianın dostu mükafatını ilk dəfə Heydər Əliyev alıb.

"Heydər Əliyev o zaman bir ifadə işlətdi: "Mən ömrümdə çox mükafat və ordenlər almışam, amma jurnalistlərin mənə verdiyi bu ödül çox dəyərlidir və mənim həyatımda xüsusi dəyəri var". Eyni sözləri ötən il Prezident İlham Əliyev də dedi. Dövlət başçısının "Mən jurnalistlərin bu mükafatını xüsusi dəyərləndirirəm və fəxr edirəm ki, jurnalistlər məni özlərinin dostu seçiblər" deməsi onu göstərir ki, dövlətin maraqlarında müstəqil medianın inkişafı siyasəti mövcuddur", - Həsənov çıxışında bildirib.

Həsənov təəssüflənib ki, bu gün media adından sui-istifadə edib cəmiyyətimzi, ayrı-ayrı insanları təhdid edən, parlament, qanun, məmur tanımayan, mətbuat əxlaqı olmayan jurnalistlər də mövcuddur.

"Belələrinə qarşı biz birmənalı şəkildə mübarızə aparırıq. Bu mübarizəni tək dövlət deyil, mətbuat orqanlarının özləri, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası aparır. Bəzən təəssüflər edirəm ki, bəzən öz ailəsinə heç bir xeyir verməyən bir nəfər adam qolunu çırmalayıb, özünü salıb mətbuat meydanına və bütün mətbuata, jurnalistlərə, jurnalist əxlaqına, cəmiyyətin dəyərlərinə meydan oxuyur, məhkəmə qanunlarını tanımır, icradan imtina edir, parlamentə ikrah hissi ilə yanaşır. Jurnalistikamız belə hallara qarşı barışmaz mübarizə aparmalıdır.

Əgər bir dövlət orqanı mətbuatda yazılan yazıya reaksiya verirsə, bunun günahı o məmurda deyil, bunun günahı o medianı nüfuzdan salıb, bütün günü həmin orqan haqqında yüzlərlə uydurma yalan yazan jurnalistdədir. Nəyə görə bir jurnalist gündə 10 dəfə nazir haqqında yalan informasiya yayır, onu tutdurur, onu çıxartdırır. Qəzetlərin biri real yazanda, məmur hardan bilsin ki hansı realdır? Cəmiyyət hardan bilsin? Ona görə də cəmiyyəti aldatmaq missiyasını jurnalistikanın üzərindən birdəfəlik götürmək lazımdır", - Həsənov vurğulayıb.

PA rəsmisinin sözlərinə görə, bu gün Azərbaycan Prezidenti və onun yürütdüyü siyasət sözün həqiqi mənasında azad demokratik mətbuatın formalaşmasına yönəlib.

"Biz azad, demokratik mətbuatı bizi təhdid edən bir vasitə kimi deyil, Azərbaycana xidmət edən, dövlətə və dövlətçiliyə xidmət edən bir vasitə kimi dəyərləndiririk. Biz hər şeyi görə bilmərik, amma mətbuat hər şeyi görür", - Həsənov deyib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, Azərbaycanda bütün sahələrdə həyata keçirilən geniş quruculuq işləri mediadan da yan ötmür. Mətbuat orqanlarının cəmiyyətdəki yeri və roluna toxunan Vəliyev onların ölkəmiz üçün taleyüklü anlarda həmişə qətiyyətli mövqe tutmasına diqqət çəkib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın XX əsrin əvvəlində dövlət müstəqilliyinə qovuşmasında və əsrin sonunda onu yenidən bərpa etməsində medianın müstəsna rolundan danışıb.

"Mətbuatımız suverenliyimizlə bağlı bir-birindən fərqli zamanda fəaliyyət göstərərək müstəqilliyə uzanan yolda, obrazlı desək, hədəfi nişan alan başlıca qüvvə kimi tanınıb. O qüvvə böyük siyasi təlatümlər qarşısında sarsılmayıb, milli özünüdərkdə və milli şüurun oyanışında katalizator rolunu oynayıb. Bu prosesin kökü Həsən bəy Zərdabinin böyük zəhmətlər bahasına ərsəyə gətirdiyi "Əkinçi" qəzetinə gedir. Şərqdə ilk demokratik respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətini doğurmuş azadlıq əslində məfkurə olaraq Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Cəlil Məmmədquluzadənin, Məmməd Əmin Rəsulzadənin, Nəcəf bəy Vəzirovun və başqalarının nəzərlərində canlandırdıqları, qəzet səhifələrinə daşımaqdan usanmadıqları azadlıq idi və o torpaq, millət, yurd sevgisi üzərində köklənən həqiqi ziyalı vətənpərvərliyinin nəsillərə miras şah əsəridir", - o vurğulayıb.

XX əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpasına yönələn mübarizədə mətbuatın oynadığı rola diqqət çəkən Amaşov bildirib ki, həmin vaxt mövcud olmuş KİV-lərin əksəriyyətinə xas cəhət əsl ziyalı missiyasını üzərinə götürmək olub. Milli müstəqilliyimizə doğru aparan yolda meydana çıxan mətbuat fəaliyyəti ilə yeni jurnalistikanın, fikir təqdimatı formasının, üslub və tərzin əsasını da qoyub.

Daha sonra çıxış edən yerli KİV nümayəndələri müstəqilliyin əldə edilməsində ölkə mətbuatının olduqca çətin və məşəqqətli mərhələ keçdiyini və bu prosesdə ayrı-ayrı qələm sahiblərinin fədakar əməyinin olduğunu vurğulayıblar.

Tədbirdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və möhkəmləndirilməsində müstəsna xidmətləri olan media orqanlarına Azərbaycan Mətbuat Şurasının diplomları təqdim olunub. Konfrans iştirakçılarına həmçinin Gəncə şəhər İcra Hakimiyyətinin Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş medal və digər xatirə hədiyyələri verilib.

Xəbər lenti

Xəbər lenti