Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbirlər E.Mehdiyev, M.Əliyev/
Azərbaycanın ictimai-siyasi xadimləri İranın notasını təxribat və gülünc adlandırıblar.
"İran Xarici İşlər Nazirliyinin indiki davranışlarını özlərinin son altı ay ərzindəki Azərbaycana təzyiq və təxribat siyasəti ilə əlaqəli bizim ölkəmizdə artan etirazlara sanki bir cavab, kompensasiya edən bir reaksiya kimi sayıram", - bunu bazar ertəsi Trend-ə iqtidaryönlü Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyib.
Qeyd edək ki, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov fevralın 12-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə səfirə İran tərəfinin etiraz notası təqdim olunub. Notada Azərbaycanın İsrailin kəşfiyyat xidməti olan MOSSAD təşkilatına ölkə ərazisində İranın əleyhinə fəaliyyət göstərməsinə, İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların bu ölkəyə azad şəkildə gediş-gəlişinə şərait yaratdığı və digər məsələlər qeyd olunaraq rəsmi Bakıdan bu cür addımlara son qoyulması tələb olunub.
İran, həmçinin Azərbaycan gömrükçülərinin İrandan gələnləri incitdiklərini bildirib.
"Bir az sadə dilə çevirsək, İranın son zamanlar Azərbaycanda terrora cəhd göstərməsi, xüsusilə də yəhudi millətinə mənsub olan insanlara qarşı qətl ssenariləri cızması, paralel şəkildə dini ixracı siyasətində ön mövqelərə çıxmaq üçün addımlar atması, həmçinin, başqa beynəlxalq və regional məsələlərdə Azərbaycan ilə anlaşma tapmaması ilə bağlı bizim onlara qarşı mövqeyimiz kəskindir. Bizim soydaşlarımızdan və yaxud vətəndaşlarımızdan kim terroru tərifləməlidir?" - Oruc deyib.
O bildirib ki, istər parlamentdə, istərsə də cəmiyyət tərəfindən bu məsələdə İranın mövqeyi pislənib.
"Onlar düşündülər ki, Azərbaycanı nədəsə günahlandırmaq üçün axtarış etsinlər və Britaniyada dərc olunmuş bir yazını indi girəvə kimi istifadə edirlər. Əvvəla onun mötəbərliyi şübhə doğurur. Çünki bəlli olur ki, bu məsələdə özünüifşa digər qüvvələr tərəfindən belə şəkildə edilməzdi. Yəni bizim agentura şəbəkəmiz var və s. Bir az kəşfiyyat fəaliyyəti ilə tanış olanlar bilirlər ki, belə olmur", - Oruc bildirib.
O qeyd edib ki, bu, bəlkə də Azərbaycanla İranın münasibətlərini zərbə altına almaq üçün hansısa xarici sifarişdir. Niyə İranın siyasət dairələri bu dərəcədə tələyə düşüb?
Millər vəkili həmçinin vurğulayıb ki, başqa bir halda Azərbaycan illərdən bəri məhz Qərbin İrana qarşı siyasətində xeyli neytral mövqe tutub və bu, öz-özlüyündə Azərbaycana beynəlxalq təsirlər, bəzən də təzyiqlər hesabına başa gəlib.
"Biz ölkəmizi poliqona çevirmək qərarında olsaydıq və ya 90-ci illərin əvvəllərindəki siyasətə, yəni antiiran bloklarına qoşulmaq kursuna keçid olsaydı, bu həqiqətən də İran və Azərbaycan münasibətlərinin çox ağır bir müstəviyə düşməsi demək olardı", - Oruc bildirib.
İranın hansısa yük maşınlarının gömrükdən buraxılmamasına dair fikrə münasibət bildirən Oruc qeyd edib ki, bu, bilavasitə qanunvericilik normalarının pozulması ilə bağlı faktlardır.
"Mən heç onu demirəm ki, İrandan Azərbaycana kütləvi keçidlərin əksəriyyəti narkotranzit keçidlərdir. Azərbaycanın yol daşımaları və s. ilə bağlı, iritonnajlı maşınlarının Azərbaycana keçidində xüsusi rejim tətbiq olunmaqdadır", - Oruc vurğulayıb.
O qeyd edib ki, bu cərimələr, sanksiyalar təkcə İrandan keçənlərə deyil, Azərbaycan daxilində olan hüquqi və ya fiziki şəxslərə, o cümlədən Rusiya və Gürcüstan sərhədində də eyni dərəcədə tətbiq olunur.
"Bu hadisəni siyasiləşdirməklə, Azərbaycana guya balansedici, neytrallaşdırıcı bir təzyiq göstərməyin adı yoxdur", - Oruc bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycan heç bir halda nə ölkənin kəşfiyyat qurumlarına verilərək, İranın əleyhinə yönəldilməsində maraqlı deyil, nə İsrail və İran münaqişəsində xüsusi olaraq tərəf tutmur, nə də Qərbin hazırkı dönəmdə müharibəsinin İrana qarşı gerçəkləşməsini stimullaşdırmaq üçün addımlar atmır.
"Əksinə, biz bu bölgədə barış və sülh istəyirik. Ancaq görünür ki, İran beynəlxalq təzyiqləri paylaşmaq, regionda ayrı-ayrı dövlətlərin üzərinə yönəltmək üçün addımlar atır. Bu, İranın siyasi və dini elitasının ən böyük səhvidir", - Oruc vurğulayıb.
Müxalif Böyük Quruluş Partiyasından olan millət vəkili Fazil Mustafa Trend-ə açıqlamasında İranın əsassız ittihamlarla çıxış etdiyini bildirib.
"İran ABŞ-a və İsrailə gücü çatmadığını düşünərək, qonşu dövlətlərə öz gücünü göstərmək üçün belə bir təhqir və əsassız ittihamla çıxış edir. Nota da bunun bariz bir nümunəsidir. Bu, olduqca gülünc bir ittihamdır və hər hansı bir şəkildə belə bir ittiham irəli sürmək İranın özü üçün ciddi problem yaradacaq", - Mustafa əlavə edib.
Mustafa deyib ki, buna görə də, əgər bu cür yanaşma əsas götürülürsə, Azərbaycanda da olan məlumatlara görə, İranın Dağlıq Qarabağ ərazisinə radioaktiv maddələri aparıb basdırmaq məsələsi nəzərdə tutulub.
"Bununla bağlı, məncə, Azərbaycan Xarici İşlər Nazirliyi İrana nota verməlidir", - Mustafa əlavə edib.
"Mən düşünürəm ki, İran tərəfi cox ciddi bir səhvə yol verib. Xüsusilə də bu ərəfədə, özünün gərginlik yaşadığı bir ərəfədə Azərbaycanı düşmənə çevirmək yalnış bir istiqamətdir və bunun bədəlini İran çox ağır nəticələrlə ödəyə bilər. Çünki ona bu gün qonşularla bu cür davranmaq heç bir halda əlverişli deyil. Azərbaycan çalışır ki, İrana qarşı hər hansı bir sanksiyalarda iştirak etməsin və münasibətlərin pozulmasına gətirib çıxaran addımlar atmasın", - o qeyd edib.
Politoloq, Trend-in Ekspert Şurasının üzvü Fikrət Sadıqov isə bildirib ki, Azərbaycan İranın bu regiondakı maraqlarına qarşı düşmənçilik mövqeyində dayanmayan azsaylı ölkələrdəndir.
"Biz İran tərəfinin qeyri-rəsmi və rəsmi səviyyədə olan müxtəlif xoşagəlməz çağırış və bəyanatlarına baxmayaraq, özümüzü kifayət qədər təmkinli aparmağa çalışırıq", - Sadıqov Trend-ə deyib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında çoxillik əlaqələr, tərəfdaşlıq və qonşuluq münasibətlərindən irəli gələrək, ənənəvi əməkdaşlıq tellərinin olmasını nəzərə alaraq bu gün də yaxşı əlaqələrin olması üçün zəmin var.
"Azərbaycan hər zaman bütün təhqirlərə adekvat reaksiya verib. Lakin İranın nota ilə çıxış etməsi onu göstərir ki, İran Qərbin, beynəlxalq təşkilatların təyziqləri altında çox çətin geosiyasi vəziyyətdədir və hazırda düşmən axtarışındadır. Görünür ki, bu dəfə İran öz daxili problemlərini başqasının üzərinə yıxmaq üçün Azərbaycanı seçib. İranda baş verən neqativ hallara baxmayaraq, biz heç zaman onlarla münasibətlərimizi gərginləşdirməyə çalışmamışıq", - politoloq əlavə edib.
Politoloq deyib ki, Azərbaycan həmişə İranın nüvə məsələsinin hərbi yolla həllinin əksinə çıxış etdiyini bəyan edib.
"İranın Azərbaycanı günahladırmağa səy göstərməsi tamamilə absurddur, reallığa uyğun gəlmir. Bu bəyanatlar ikitərəfli əməkdaşlığımızın ruhuna cavab vermir. Düşməni axtarmaq lazımdırsa, onu Azərbaycanda yox, İrana qarşı plan hazırlanan digər ölkələrdə axtarmaq lazımdır. Azərbaycanın isə bununla heç bir əlaqəsi yoxdur", - politoloq bildirib.
Azərbaycanın ictimai-siyasi xadimləri İranın notasını təxribat və gülünc adlandırıblar
Azərbaycanın ictimai-siyasi xadimləri İranın notasını təxribat və gülünc adlandırıblar.
