...

RF XİN rəhbərinin Bakıya səfəri Medvedev dövründən Putin dövrünə keçiddir - ekspert

Siyasət Materials 29 Mart 2012 15:10 (UTC +04:00)
Son illər Rusiya-Azərbaycan münasibətləri təkcə iki ölkənin KİV-lərinin deyil, həm də beynəlxalq medianın diqqət mərkəzindədir.
RF XİN rəhbərinin Bakıya səfəri Medvedev dövründən Putin dövrünə keçiddir - ekspert

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir E.Tarıverdiyeva/

Son illər Rusiya-Azərbaycan münasibətləri təkcə iki ölkənin KİV-lərinin deyil, həm də beynəlxalq medianın diqqət mərkəzindədir. Bunu "Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyinin baş redaktoru, Lomonosov adına MDU-nun Tarix fakültəsinin dekan müavini, politoloq Aleksey Vlasov deyib.

"2008-ci ildən sonra Moskva ilə Bakı arasında dialoqun dinamikası nəzərəçarpacaq dərəcədə artıb və bu, təkcə enerji məsələlərinə deyil, transsərhəd əməkdaşlığına, nəqliyyat kommunikasiyalarına və Xəzər problemlərinə də aiddir", - Vlasov cümə axşamı Trend-ə RF-nin xarici işlər naziri Sergey Lavrovun aprelin 3-4-də Bakıya nəzərdə tutulan səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Rusiya Prezidentinin iştirakı ilə Cənubi Qafqazın "qanayan yarası" Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aparılan danışıqların xeyli aktivləşməsi heç də az əhəmiyyət daşımır.

"Dmitri Medvedevin vasitəçilik səyləri konkret nəticələr vermədi, lakin düşmən tərəflərin münaqişənin sülh yolu ilə həllinə çıxışının perspektivlərini qoruyub saxladı", - Vlasov deyib.

O hesab edir ki, indi dondurulmuş münaqişələrin nizamlanması məsələləri ilə Rusiyanın yeni prezidenti Vladimit Putin məşğul olacq və bir çox Azərbaycan KİV-in yazdığı kimi, Lavrovun səfərinə Dmitri Medvedev dövründən Vladimir Putin dövrünə keçid kimi baxmaq olar.

Vlasovun sözlərinə görə, bəzi müşahidəçilər güman edirlər ki, Vladimir Putin üçün yeni prioritet Dnestryanı olacaq və Dmitri Roqozinin həmin məsələ üzrə xüsusi nümayəndə təyin edilməsi bunun ən yaxşı təsdiqidir.

O əlavə edib ki, digər analitiklər, o cümlədən Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Atakişiyev güman edir ki, Moskvanın Qarabağla bağlı sülhyaratma səyləri davam etdiriləcək.

Vlasov bunu Azərbaycan Prezidenti Administrasiyasının yüksəkvəzifəli nümayəndələrinin də bildirdiklərini qeyd edib və Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun sözlərini sitat gətirib. Əli Həsənovun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyadan çox şey gözləyir.

"Dünyada bu münaqişənin həllində daha böyük gücə malik ola biləcək başqa ölkə yoxdur. Biz bu bəyanatı həm regional məsələlərə, həm Dağlıq Qarabağ məsələsinə yanaşmanı, həm də Ermənistana mövcud təzyiqi nəzərə alaraq veririk. Rusiyanın Ermənistana təsirinin dünyada analoqu yoxdur. O, bu dövləti istədiyi istiqamətə yönəldə bilər, hər hansı məsələdə konstruktivizmə istiqamətləndirə bilər. Bu mənada biz Rusiyadan çox şeylər gözləyirik. Rusiya təşəbbüslərlə çıxış edir, Putin və Medvedev bu istiqamətdə səylər nümayiş etdirirlər və biz güman edirik ki, həmin səylər bundan sonra da davam etdiriləcək və bu il də biz ciddi irəliləyişlər müşahidə edəcəyik", - Həsənov deyib.

Vlasov hesab edir ki, həqiqətən Bakı gözləyir ki, Vladimir Putin Yerevanı danışıqlarda daha konstruktiv mövqe tutmağa vadar etməyə nail olacaq. Ermənistanın ilk addımı ataraq Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonların azad edilməsinə hazır olmaması Azərbaycanda danışıqlar prosesini uzatmaq, parlament seçkiləri, daha sonra isə prezident seçkiləri ərəfəsində Ermənistandakı daxili vəziyyətə ciddi təsir edə biləcək məsuliyyətli qərarlar qəbul etməkdən çəkinmək cəhdi kimi qiymətləndirilir.

Ekspertin sözlərinə görə, öz növbəsində, Moskva əvvəlki kimi güman edir ki, Qarabağ münaqişəsinin həllində güc tətbiqindən imtina haqqında sənədin imzalanması Madrid prinsiplərinin reallaşdırılmasının mühüm şərtlərindəndir.

"Xüsusilə, vasitəçilik formatının özünün bir çox ekspertlər tərəfindən şübhə altına qoyulduğu şəraitdə bu qapanmış dairədən necə çıxmaq olar? Doğrudur, indiki halda söhbət Rusiyadan deyil, Fransadan gedir, lakin bu, məsələnin mahiyyətini dəyişmir", - Vlasov deyib.

Onun sözlərinə görə, indiki məqanda heç kim tam dəqiqliyi ilə deyə bilməz ki, vasitəçilərin tərkibi dəyişdiyi halda danışıqlar prosesinin sıfır nöqtəyə qayıtması baş verməyəcək. Bu əhəmiyyətsiz məsələ deyil və ehtimal etmək olar ki, Lavrovun səfəri zamanı bu "qaynar" mövzuya da toxunulacaq.

Vlasov bildirib ki, Rusiya nümayəndə heyətinin tərkibi hələlik məlum deyil, lakin nümayəndə heyətinə Rusiyanın ali məktəblərinin rektorlarının daxil edilməsi son illər uğurla inkişaf etməkdə olan əməkdaşlığın daha bir xəttini müəyyən edir.

"Ümumi humanitar, informasiya, təhsil sahəsinin saxlanması ikitərəfli dialoqun şəffaflığının göstəricilərindən biri və Qəbələ RLS mövzusu da daxil olmaqla, ikitərəfli münasibətlərdəki bütün mübahisəli məsələlərin uğurla həll oluna biləcəyinin rəhnidir. Ona görə ki, Cənubi Qafqazda hansı vəziyyətin yaranmasından asılı olmayaraq, iki ölkə, yəni Rusiya və Azərbaycan yenə də dostluğa "məhkumdurlar", - ekspert qeyd edib.

Xəbər lenti

Xəbər lenti