...

Azərbaycan gəncləri Macarıstan Parlamentində bir araya gəldi (FOTO)

Siyasət Materials 6 Aprel 2012 22:24 (UTC +04:00)
Azərbaycan gəncləri Macarıstan Parlamentində bir araya gəldi.
Azərbaycan gəncləri Macarıstan Parlamentində bir araya gəldi (FOTO)

Azrbaycan, Bakı, 6 aprel /Trend/

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "Mən gənc səfirəm" ASAIF forumu cümə günü Macarıstan parlamentində öz işini davam edir. Bu gün 25 ölkədən 250-dən artıq gənc Macarıstan Parlamentində bir araya gəldi. Ilk olaraq hər iki ölkənin himni səsləndi. Daha sonra ASAİF-in fəaliyyətindən bəhs edən 6 dəqiqəlik film nümayiş olundu. Bu barədə Trend-ə Azərbaycan Gənclər və İdman nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbiri giriş sözü ilə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev açdı. Səfir bu gün Azərbaycanlı gənclərin xaricdə təhsil aldıqdan sonra tək özəl qurumlarda deyil, dövlət qurumlarında da peşəkar karyeralarını inkişaf etdirdiklərini diqqətə çatdırdı.

"Tələbə hərakatının tarixi yetərincə araşdırılmayıb. Son əlli ili götürsək Rusiya və Avropada təhsil alan tələbələrin Azərbaycanın inkişafında əvəzsiz xidmətləri ilə bağlı böyük araşdırmalar etmək olar. 60-cı illərdə Moskva, Sankt-Peterburq və digər şəhərlərdə Azərbaycanlı gənclər tək yaxşı mütəxəssis kimi yetişməyiblər, onlar, həmmvətənləri arasıda milli şüur formalaşdırıblar, mədəniyyətimizi digər xalqlara yüksək səviyyədə nümayiş etdiriblər, həmin xalqın həyatında önəmli rol oynayıblar.Məhz qurulan mədəniyyət mərkəzləri, təhsil ocaqları və digər layihələrdə bu gənclərin əvəzsiz rolu olub", - səfir bildirib.

Daha sonra söz gənclər və idman naziri Azad Rəhimova verildi.

Nazir "Azərbaycan gəncliyi- 2011-2015-ci illər Dövlət Proqramı"nın hazırlanması zamanı sənədin geniş ictimai müzakirələrə çıxarılmasını, layihəyə gənclər tərəfindən 2 mindən artıq təklifin irəli sürülməsini, Azərbaycanın bütün zümrələrindən olan vətəndaşlar, eləcə də beynəlxalq təşkilatlar üçün müzakirələrin açıq olduğunu qeyd etdi. "Xüsusi yaradılmış elektron ünvana sizdən- xaricdə təhsil alan gənclərimizdən gələn təkliflər isə mütləq vurğulanmalıdır. Çünki bunu sizin vətəndaş yetkinliyiniz kimi qiymətləndiririk", - Rəhimov bildirib.

Dövlət proqramı haqda bir qədər məlumat verən nazir orada gəncləri birbaşa maraqlandıran "Azərbaycanın gənc dostları" mübadilə proqramının həyata keçirilməsi, gənc alimlərin tədqiqatlarının dəstəklənməsi, xaricdə təhsil alıb Vətənə qayıdan gənclərin işlə təmin edilməsi üçün şəraitin yaaradılması barədə məlumatlar verdi.

"Tələbələrimizin elmi konfranslarda, seminarlar və müsabiqələrdə iştirakı bizim tərəfimizdən bundan sonra da dəstəklənəcək. Tələbələrin və məzunların bu sahədə əldə etdiyi hazırki və gələcək müvəffəqiyyətimlərinin lazımınca ictimaiyyətə təqdim olunmasında, yaşadıqları ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılmasında dəstək göstərmək üçün ASAİF bu sahədə öz potensialının artırılması haqqında düşünməlidir. Humanitar sahədə- tarix, sosiologiya, politologiya, beynəlxalq münasibətlər, jurnalistika və s sahələrdə təhsil alan tələbələr öz tədqiqat işlərini Azərbaycanla bağlı aparmalı, elcə də digər tədqiqatçıları buna cəlb etməlidirlər", - Rəhimov bildirib.

Daha sonra gəncləri Macarıstan Respublikasının Milli Assambleyasının vitse-spikeri Jakap İstvan salamladı. Bilik üzərində qurulan əlaqələrin möhkəmliyindən danışan vitse-spiker vurğuladı ki, ölkələrin əlaqələrinin möhkəmlənməsində gənclərin rolu xüsusidir.

Onun sözlərinə görə, bu gün Azərbaycan və Macarıstan arasında möhkəm, stabil və daim inkişaf etməkdə olan sıx əlaqələr var. Macarıstanda müxtəlif ölkələrdən olan tələbələrlə bərabər, Azərbaycandan da bir çox tələbə təhsil alır. "Qeyd etmək istərdim ki, xaricdə təhsil gənclərə tolerantlığı, digər ölkələrin mədəniyyətlərinə, adət ənələrinə daha böyük hörmətlə yanaşmağı öyrədir", - İstvan bildirib. Vitse-spiker bu yaxınlarda Azərbaycan və Macarıstanın diplomatik əlqalərinin 20 illliyinin qeyd olunacağını da diqqətə çatdırdı.

Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, gənclərə böyük Azərbaycanın, Fətəli xan Xoyski, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə və digər dahi şəxsiyyətlərin övladları olduqlarını bildirdi.

"70-ci illərdə Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın istedadlı, bacarıqlı gənclərini müxtəlif ölklərə təhsil almağa göndərdi. Bu gün bu işi ölkə başçısı İlham Əliyev davam etdirir. Ölkəmizə təhsil alıb qayıdan hər bir gənc bizim sabahımızdır. Məhz o gənclər sabahın nazirləri, şöbə müdirləri, müxtəlif qurumlarda önəmli vəzifələr tutacaq simalarıdır. Lakin bir məqamı unutmaq olmaz. Bizə sadəcə diplom alıb vətənə qayıdan gənclər yox, ağıllı, savadlı, bilikli, təhsil aldığı sahəni mükəmməl bilən gənclər lazımdır", - Aslanov deyib.

Təhsil naziri Misir Mərdanov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət qulluğu komissiyasının sədri Bəhram Xəlilov, Milli Məclisin komitə sədri Səməd Seyidov, və digər rəsmilər də gənclərin təhsil alıb vətənə qayıtmalarının önəmindən, bu təhsilin onların hər birinə verdiyi geniş imkanlardan, bu gün Azərbaycan üçün ən ağrılı problem olan Dağlıq Qarabağ probleminin intellektual, geniş şəkildə dünya ictamaiyyətinə çatdırılmasında gənclərin əvəzsiz rolundan danışdılar.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın tədbir iştirakçılarına müraciəti oxundu.

Xəbər lenti

Xəbər lenti