...

Erməni namizəd seçicilərə müraciət etdi: "Hakim partiyanın təklif etdiyi rüşvəti götürün"

Siyasət Materials 13 Aprel 2012 17:45 (UTC +04:00)
Ermənistanda gələn ay keçiriləcək parlament seçkisi sərt və biabırçı olacaq.
Erməni namizəd seçicilərə müraciət etdi: "Hakim partiyanın təklif etdiyi rüşvəti götürün"

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Ermənistanda gələn ay keçiriləcək parlament seçkisi sərt və biabırçı olacaq. Trend-in Ermənsitan KİV-ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Sosial-Demokrat Partiyasının (müxalifətçi Erməni Milli Konqresinin tərkibinə daxildir) üzvü, deputatlığa namizəd Qurgen Yegiazaryan keçirdiyi mətbuat konfransında bildirib.

O, hesab edir ki, ölkədə 4-5 il əvvəl keçirilmiş seçkilərdə baş vermiş saxtakarlıqlara bu dəfə 10 dəfə artıq rast gəlinəcək. Yegiazaryan bu dəfə seçkinin Hiçkok üslubunda keçiriləcəyini düşünür. "Seçki ölülərdən başlayacaq. Saat 12:00-dək rayonunuzun mərhum sakinlərinin əl-ələ verərək seçki məntəqələrinə necə getdiklərinə və hakim Respublika Partiyasına səs verdiklərinə şahid olacaqsınız. Ölülərdən sonra səsverməyə Ermənistanda olmayan, son 10 ildə ölkədə yaşamayan şəxslər gedəcək. Onların da hakim partiyaya səs verməsindən sonra məntəqələrə sayı 30-40 minə çatan Cavaxetiya erməniləri üz tutacaq. Beləliklə, yenidən Respublika Partiyasını hakimiyyətə gətirəcəyik. Başa düşürəm ki, çoxlarınız bu yolla iş yerlərinizi qoruyub saxlamalısınız. Sizi məzəmmət etmirəm. Bütün seçiciləri mütləq qaydada Respublika Partiyasının təklif etdiyi rüşvəti almağa çağırıram! Bu, sadəcə qəpik-quruşdur. Onlar hər gün sizdən milyonları oğurlayırlar. Bu 20-30 min dramı götürün", - o deyib.

Deputatlığa namizəd seçiciləri səs verən zaman bülletendə hər hansı əlavə qeyd də etməyə çağırır və bunun bülletenin etibarsız sayılması üçün vacib olduğunu bildirir. "Artıq yetər! Biz bütünlükdə xalq olaraq nə qədər bu saxtakarlığa dözəcəyik? Bu, nə qədər davam etməlidir? Bu marazm sonsuzluğadək davam edə bilməz axı! Bilməz! Sonradan özümüzü narahat hiss etməməyimiz üçün, gəlin, bu seçkiyə hazırlaşaq və bu dəfə "yox!" deyək!" - namizəd deyib.

Yegiazaryan konkret olaraq özünün Respublika Partiyası və "Çiçəklənən Ermənistan"ın namizədləri ilə deputatlıq uğrunda mübarizə aparacağı 27-ci dairədəki vəziyyətdən da söz açıb. O, dairəyə aid olan 25 yaşayış məntəqəsinin hər birində vəziyyətin ağır olduğunu, onların hər birində yoxsul kənd əhalisinin çoxluq təşkil etdiyini bildirib. Yegiazaryan hesab edir ki, məhz bu vəziyyət onun rəqiblərinin seçiciləri pulla ələ almasına şərait yaradır: "Burada pul işləyəcək. Bizi son dərəcə çətin günlər gözləyir. Çünki siyasi rəqiblərimdən biri çox varlı şəxsdir. Digər rəqibimin arxasında isə çox zəngin, xalqın hesabına varlanmış Respublika Partiyası dayanır. İnsanlar isə övladlarına çörək tapmaq üçün hər şeyə hazırdır".

Yegiazaryanın fikrincə, müxalifət seçicilərin pulla ələ alınmasına və digər saxtakarlıq hallarına qarşı bir halda mübarizə apara bilərdi ki, seçkidə onun öz müşahidəçiləri olsun. Bununla yanaşı, deputatlığa namizəd bir vacib üstünlüyünün olduğunu da düşünür: "Heç zaman hazırkı hakimiyyətin tərkibində olmamışam". Onun sözlərinə görə, 27-ci dairənin seçicilərinin əsas problemi aclıqdır.

Deputatlığa namizəd seçki kampaniyası çərçivəsində sözügedən kəndlərin sakinləri ilə ciddi mövzularda söhbətləşmək niyyətindədir: "Onlara yalan vədlər verməməli, erməni fermerin hansı problemlərlə qarşı-qarşıya olduğunu bildiyimi söyləməli, onlara az da olsa kömək etmək üçün əlimdən gələni etməliyəm".

Yegiazaryanın seçkidəki şəxsi şüarı isə belədir: "Oğru həbsdə olmalıdır!"

Seçkinin nəticələri ilə bağlı proqnoz verməyə çalışan Yegiazaryan hesab edir ki, "virtual olaraq Respublika Partiyasının mövcud olmadığını, Ermənistanın isə demokratik dövlət olduğunu təsəvvür etsək", o, seçicilərin 80%-nin səsini qazanardı. Namizəd real şanslarının nədən ibarət olduğunu söyləməyib. O, hesab edir ki, müxalifət yeni parlamentdə çoxluğu ələ ala bilməzsə, "bir ildən sonra Ermənistanın başına nələrin gələcəyini bilmək olmaz".

Yegiazaryan bildirib ki, hazırda və ötən 4 il ərzində hakimiyyət Ermənistanı məhvə aparıb, hakim partiya və prezident seçki kampaniyası zamanı yalnız yalan vədlər verməklə məşğul olub. Deputatlığa namizəd hesab edir ki, məhz bunun nəticəsində ölkədə yaşayış, vətəndaşların durumu daha da ağırlaşıb. "İndi siz 4 il əvvəl olduğundan çox çətin yarayırsınız. Bizim hakimiyyətə gəlişimizlə dərhal yaxşı yaşamağa başlayacağınızı demirik. Amma biz ən azı sizi aldatmayacağıq", - o deyib.

Xəbər lenti

Xəbər lenti